Kəmərqaya kəndində səyyar qəbul razılıqla qarşılanıb
Region

Kəmərqaya kəndində səyyar qəbul razılıqla qarşılanıb

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Kəmərqaya kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Əhəd Abıyev ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Daşkəsən rayonuna daim göstərdikləri diqqət və qayğı barədə geniş məlumat verib. Həmçinin, qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlarla yerlərdə keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin müraciətlərini dinləmək və problemlərin qısa zamanda həllinə nail olmaqdır.

Son illər Kəmərqaya kəndində görülən işlərdən danışan rayon rəhbəri bildirib ki, Kəmərqaya kənd F.Ələsgərov adına tam orta məktəbi təmir edilmiş, kəndin elektrik və rabitə xətlərində əsaslı bərpa işləri aparılmış, yol infrastrukturu yaxşılaşdırılmış, ən əsası isə 2020-ci ildə kəndin qazlaşdırılması tam həyata keçirilmişdir. Kənd sakinlərinin məşğulluğunu təmin etmək üçün də bir sıra işlər görülmüşdür. Eyni zamanda, Kəmərqaya kəndinin turizm potensialı və kəndə istirahət üçün gələn yerli turistlərin ildən-ilə artan sayı nəzərə alınaraq bu məqsədlə pilot layihə çərçivəsində kənddə sakinlərə məxsus 10 ev seçilmiş və həmin evlər təmir edilərək turistlərin istifadəsinə verilmişdir.

Sonra sakinlərin müraciətləri dinlənilib. Vətəndaşlar müraciətlərində kəndə gələn avtomobil yolunun asfaltlanmasını, yeni su xəttinin çəkilməsini və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.

Əhəd Abıyev sakinlər tərəfindən qaldırılmış müraciətlərin icrasına dair aidiyyəti idarə, müəssisə və təşkilatlara tapşırıqlarını verib. Müraciətlərin əksəriyyəti yerində həll edilib, bir qismi araşdırılması üçün nəzarətə götürülüb.

Sakinlər görülən işlərə, yaradılan şəraitə, onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".