Kənd bələdiyyəsi: mümkün imkanlar az deyil...
Region

Kənd bələdiyyəsi: mümkün imkanlar az deyil...

Bura Sabirabad rayonunun Qaragüney kəndidir. Əvvəllər Əli Bayramlının (indiki Şirvan) tərkibində olub. Şirvan şəhəri ilə bu kəndi yalnız Kür çayı ayırır, yəni arada böyük məsafə yoxdur. Ərazicə belə yaxınlıq təbii ki, adamların bir-birinə qaynayıb qarışmasına, bir-birini daha yaxından tanımasına şərait yaradıb. Qohumluq, dostluq əlaqələri var. Qaragüney kəndindəki idarəetmə qurumları, market, məktəb, tibb ocağı və sair barədə də şəhərdəkilərin əksəriyyəti  məlumatlıdır. Təbii ki, Qaragüney kənd bələdiyyəsi də bu sayaq qurumlardan biridir.

Əvvəlki illərdə hər kəndin öz bələdiyyəsi var idi. Sonrakı vaxtlarda idarəetmədə aparılan  təkmilləşmənin nəticəsi olaraq bir neçə kənd bələdiyyəsi birləşdi. Dadaşbəyli kəndi ilə Qaragüney kəndi kimi... Seçki yolu ilə seçilən bələdiyyə üzvləri müxtəlif peşə sahiblərini özlərinə sədr təyin etdilər. Bələdiyyələr yaranandan indiyə kimi bələdiyyə üzvü olan ingilis dili müəllimi Rafiq Rəsulov təkcə adıçəkilən kəndlərdə deyil, Sabirabad rayonunda hörmət sahibi olan ziyalı kimi tanınır. Bələdiyyələrin strukturunu, iş metodunu, səlahiyyətlərini yaxşı bilən Rafiq müəllim qurumda daima fəallığı ilə seçilib, sənədlərin hazırlanmasında, digər hüquqi məsələlərdə sədrlərə köməklik göstərib.

- Kənd bələdiyyələri sanki artıq qurum təsiri bağışlayır, əvvəlki kimi gündəmdə deyil.

Kənd bələdiyyələri yarananda onun öhdəsinə dörd təyinat üzrə torpaq sahəsi verildi; vətəndaşların pay torpağı, həyətyanı sahələr, örüş torpağı, perspektiv inkişaf fondu üçün ayrılan torpaq... İlk iki təyinat üzrə torpaqlar elə əvvəlki illərdə əhaliyə qanun çərçivəsində icarəyə verildi. Bu gün bələdiyyələr həmin torpaqlardan yığılan vergi hesabına öz büdcəsini formalaşdırmalıdır. Təəssüf ki, əhali vergi ödəyicisi olmaqdan bəzi hallarda imtina edir.

- Belə olan halda bələdiyyə nə kimi tədbir görə bilər?

- Vətəndaşlara təsbit olunan vergilərin toplanması qanun çərçivəsində təmin olunmalı, adamlarda bu işə məsuliyyət hissi yaranmalıdır. Dünyanın bütün inkişaf etmiş ölkələrində tərəqqiyə, irəliləyişə təminat yaradan əsas mühüm vasitələrdən biri vergilər hesabına formalaşan büdcələrdir.

Rafiq müəllimdən kənd bələdiyyəsinin konkret fəaliyyəti barədə soruşuruq. Aydın olur ki, bələdiyyələr sakinlərin cüzi şikayətlərini aradan qaldıra bilmək imkanındadır. Məsələn, su xəttində nasazlığın aradan qaldırılmasında, yaxud kəndə gələn kanalın lildən təmizlənməsində, kəndarası yollara qum-çınqıl döşənməsində, qəbiristanda aparılan təmizlik, səliqə-sahman tədbirlərində, ekologiyanın qorunmasında, digər işlərdə bələdiyyə adamlara köməkçi ola bilir.

Rafiq müəllim bir sıra maraqlı təkliflər irəli sürərək deyir:

- Bələdiyyələrin istifadəsində perspektiv inkişaf fondu üçün ayrılan torpaqlar var. Həmin torpaqların bir hissəsində tut bağı salıb yaxın illərdə baramaçılığı inkişaf etdirmək olar. Qaragüney Sabirabadda iri  pambıqçılıq təsərrüfatı olan kəndlərdən biridir. Kəndin imkanlı adamlarının köməkliyi, yaxud dövlət tərəfindən verilən aşağı faizli, güzəştli kreditlər hesabına  bələdiyyənin nəzdində tikiş, toxucu sexləri yaratmaq mümkündür. Dövlət başçımız cənab İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində ölkəmizdə genişmiqyaslı islahatlar gedir. Bələdiyyələr bu islahatlardan geri qalmamalıdırlar. Biz, bələdiyyə üzvləri öz üzərimizdə islahat məsuliyyəti hiss etməliyik.

Qaragüney kəndinin Şirvan şəhəri ilə yaxın əlaqədə olduğunu təsadüfi xatırlamadıq. Kənd bələdiyyəsi hər hansı layihənin icrasında geniş texniki imkanları olan Şirvan şəhərinin idarə və müəssisələrinə müraciət edə bilər. Bu təşkilatlar bostan-tərəvəz məhsulları yetişdirilməsi üçün torpaq sahəsinin icarəyə verilməsi qarşılığında kənd bələdiyyəsinə istənilən köməkliyi göstərmək iqtidarındadırlar.

Bələdiyyə yerli özünüidarəetmə orqanıdır. Hər il dövlət tərəfindən kömək məqsədilə ayrılan dotasiya vergilərə, sosial müdafiə fonduna, digər təşkilatlara borc kimi tutulur. Qardaş ölkələrin, xüsusilə Türkiyənin təcrübəsindən istifadə etməklə kənd bələdiyyəsi müstəqil qurum kimi özünü saxlamaq, itirilməkdə  olan nüfuzunu qorumaq üçün axtarışda olmalıdır.

Axtarış üçün mümkün imkanlar isə az deyil.

Tofiq HÜSEYN,

“Respublika”.