Kənd  təsərrüfatı  təyinatlı məhsul  və  texnologiyaların  İnnovasiya  Festivalı
İQTİSADİYYAT

Kənd  təsərrüfatı  təyinatlı məhsul  və  texnologiyaların  İnnovasiya  Festivalı

İnnovasiya  həyati zərurətdir və  daim  inkişafdadır. Buna görə   də  Kənd  Təsərrüfatı  Nazirliyi sahədəki   elmi -texniki  yeniliklərin  təbliği  və  tətbiqinə ciddi   fikir   verir. Nazirliyin  mətbuat   xidməti   bildirir   ki, Aqrar  İnnovasiya  Mərkəzinin  təşkilatçılığı   ilə  növbəti  Aqrar  İnnovasiya  Festivalı  Şəmkir  rayonunda  təşkil edilib. Şəmkir  Aqroparkın ərazisində  təşkil  olunan  festivalda  kənd  təsərrüfatı   təyinatlı  innovativ   məhsul  və  texnologiyalar  nümayiş  olunub. Müxtəlif  texnika, avadanlıq  və  kənd  təsərrüfatı   bitkilərinin  nümayiş  olunduğu festival sərgi, startapzonalar, dəyirmi masa, təlim  və  məlumat  sessiyalarından  ibarət  olmaqla təşkil  olunub.

Festivalın   açılış hissəsində  çıxış  edən  Şəmkir Rayon İcra  Hakimiyyətinin başçısı  Rəşad  Tağıyev, Kənd  Təsərrüfatı  Nazirliyinin  aparat rəhbəri  Rafail  Quliyev, İqtisadi  Zonaların  İnkişafı  Agentliyinin  sədri  Elşad  Nuriyev, Şəmkir  Aqroparkın rəhbəri  Faiq Baxşıyev  regionlarda təşkil   edilən  belə  festivalların  əhəmiyyəti  barədə  danışıblar. Aqrar  İnnovasiya  Mərkəzinin  direktoru  Anar  Cəfərov “Agroinnofest” layihəsinin  təqdimatı  ilə  çıxış  edərək festival barədə  ətraflı  məlumat  verib.

Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstərilib, nümayiş olunan  innovativ  texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri  barədə məlumat verilib. Eyni  zamanda, “Kənd təsərrüfatında  sığortalanan bitki növləri”, “İntensiv  yemləmənin   təşkili”, “İstixanalarda  ağıllı  monitorinq  sistemləri”, “Sahibkarlara  dəstək mexanizmləri”, “Süd sağım sistemləri”, “Gübrələr” mövzularında  təlimlər  keçirilib.

Qeyd edək ki, aqrar innovasiyaların kənd  təsərrüfatı məhsul  istehsalçılarına  əlçatanlığının  təmin edilməsi  məqsədilə Aqrar İnnovasiya  Mərkəzi  tərəfindən  ölkənin  müxtəlif  bölgələrində innovasiya festivalları  keçirilir. Gəncə, Şəki, Füzuli, Lənkəran, Quba, Ucar, Qobustan, Ağstafa, Zaqatala, İmişli  rayonlarında  təşkil  olunan bu festivallarda minlərlə  fermer müxtəlif  kənd təsərrüfatı  təyinatlı innovativ  məhsul və texnologiyaları   ilə tanış  olmaq  imkanı əldə ediblər.

Nəriman  CAVADOV,

“Respublika”.