Kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir
İQTİSADİYYAT

Kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir

1 Noyabr-Kənd Təsərrüfatı  İşçiləri Günüdür

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi islahatlar kursu bu gün bütün sahələrdə müsbət nəticələrini verməkdədir. Ulu öndərimizin ölkəmizə birinci rəhbərliyi dövründə Azərbaycan keçmiş İttifaqın kənd təsərrüfatının kompleks inkişaf etdiyi qabaqcıl respublikalarından birinə çevrilmişdir. Həmin dövrdə ölkəmizdə kənd təsərrüfatının elmi əsaslarla inkişafı nəticəsində bu sahədə zəngin təcrübə formalaşmışdır. Müstəqillik əldə etdiyimiz ilk illərdən ümummilli liderimiz Heydər Əliyevin müdrik uzaqgörənliyi, bilavasitə şəxsi təşəbbüsü ilə ölkə iqtisadiyyatının bütün sahələri  ilə yanaşı kənd  təsərrüfatının inkişaf etdirilməsi istiqamətində də mühüm və təxirəsalınmaz proqram və layihələr işlənib həyata keçirilməyə başladı.  Öncə 18 oktyabr 1995-ci ildə “Aqrar  islahatı haqqında”, 1996-cı il oktyabr  ayının 16-da isə “Torpaq islahatı haqqında” qanunlar imzalandı.  Beləliklə, ölkədə kolxoz-sovxoz quruluşu ləğv edildi.  Həmin tarixdən Azərbaycan kəndlisi torpaq mülkiyyətçisinə çevrilməklə, öz pay torpağının tam hüquqlu  sahibi oldu.  Eyni zamanda,  şəxsi torpaq sahəsində özü üçün sərfəli və gəlirli məhsul əkib-becərməkdə tamamilə sərbəstlik qazandı.  1996-cı ildən beynəlxalq təşkilatlarla birgə həyata keçirilməsinə başlanan ərzaq proqramı kənd təsərrüfatının davamlı inkişafı və yoxsulluğun azaldılması ilə birgə ərzaq təhlükəsizliyinin uzunmüddətli təkmilləşdirilməsinə yönəldi.  Bunun ardınca qanunvericilik sahəsində atılan yeni addımlar ərzaq təhlükəsizliyinin təminatı istiqamətində növbəti tədbirlərdən oldu.  2001-ci ildə isə ulu öndər Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”nın təsdiq edilməsi göstərilən sahə üzrə yeni nailiyyətlərin əldə olunmasına mühüm töhfə verdi.  Məhz həmin proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmağa başladı.  Bu Proqram çərçivəsində görülmüş işlər respublikamızda kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını əhəmiyyətli dərəcədə artırdı.  Təməli ulu öndər tərəfindən qoyulan bu siyasət onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  

Respublikamızın müstəqil  dövlət kimi davamlı və intensiv inkişafının göstəricisinin əsas amillərindən biri olan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində cənab İlham Əliyevin rəhbərliyi ilə son dərəcə mühüm işlər görülmüşdür.  Müasir şəraitdə ərzaq təhlükəsizliyinin təmin edilməsi qlobal xarakter daşıyır.  Ərzaq təhlükəsizliyi ölkənin iqtisadi təhlükəsizliyinin mühüm tərkib hissəsi olub dövlətin strateji maraqlarının qorunmasında mühüm əhəmiyyət kəsb edir.  Prezident İlham Əliyevin 1 may 2008-ci il tarixdə “Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının hazırlanması haqqında” sərəncamı ərzaq təhlükəsizliyinin təminatı məsələsində yeni bir mərhələnin başlanmasına start verdi.  Eyni zamanda, dövlət başçısının 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” isə ərzaq təhlükəsizliyi sahəsində ən əsas və aparıcı addımlardan biri oldu.  

Mübaliğəsiz demək olar ki, möhkəm təməl üzərində qurulmuş respublikamızın kənd təsərrüfatı ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunaraq əhalinin ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına ödənilməsi istiqamətində inkişaf edir.  Hazırda dövlətimizin diqqət mərkəzində saxladığı ən mühüm problemlərdən biri milli ərzaq təhlükəsizliyinin təmin edilməsidir.  Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir.

Dünyada əhalinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verməkdədir. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu məsələ istənilən dövlət, o cümlədən Azərbaycan üçün milli təhlükəsizliyin ən mühüm tərkib hissələrindən birinə çevrilib.  Bu problemin həlli ilk növbədə,  yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır.  Hazırda ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, kənd təsərrüfatının inkişafı strategiyası uğurla həyata keçirilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Kənd  Təsərrüfatı işçilərinin peşə bayramı gününün təsis edilməsi və 2015-ci ilin ölkədə “Kənd təsərrüfatı ili” elan olunması barədə  imzaladığı sərəncamlar Prezidentin aqrar sahədə çalışanlara diqqət və qayğısının bariz nümunəsidir.   Son illərdə kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bu sahənin keyfiyyətcə yeni mərhələyə keçilməsinin təməli qoyulub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilib. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulub, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilib.

Əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinin stimullaşdırılması, ixrac potensialının artırılması məqsədilə müasir aqroparkların və iri fermer təsərrüfatlarının, xüsusilə kooperativlərin yaradılması mühüm önəm daşıyır.  Azərbaycan Prezidenti cənab İlham Əliyev  “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalaması da bunun bariz ifadəsidir.

Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır.  Şübhəsiz ki, əldə olunan uğurların əsasında ardıcıl və düşünülmüş siyasət, cəsarətli və fədakar fəaliyyət dayanır.  Uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafının sürətləndirilməsi istiqamətində də genişmiqyaslı işlər həyata keçirilir və reallaşmaqda olan layihələr onu deməyə əsas verir ki, yaxın gələcəkdə ölkəmiz həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevriləcək.

Hazırda Ermənistan silahlı qüvvələri üzərində böyük zəfərlə bitən 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlarımızda kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Sözsüz ki, torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərəcək.  Ölkənin əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yüz minlərlə hektar sahənin suvarılması təmin ediləcək.  Azad edilmiş torpaqlarda üzümçülük, taxılçılıq,  pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial vardır.  Bu potensialdan düzgün istifadə etmək, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq.

Dövlət başçısı cənab İlham Əliyev çıxışlarında bildirmişdir ki, işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir. Bu ərazilərin potensialı çox yüksəkdir.  Baxmayaraq ki, işğalçılar 30 il ərzində bu ərazilərdə hər şeyi məhv edib, amma bu torpaqların hər qarışı bizim sərvətimizdir.  Gözəl təbiəti, yeraltı və yerüstü resursları olan Qarabağ torpaqlarının iqtisadiyyatımıza böyük dividendlər gətirəcəyi şübhəsizdir. Təbii ki, quruculuq işləri həyata keçiriləndən, insanlar o torpaqlara qayıtdıqdan, torpaqların əkilib-becərilməsindən, sosial-iqtisadi infrastrukturun yaradılmasından sonra biz həmin bölgələrin inkişafımıza nə qədər böyük təkan verəcəyinin, müsbət təsir göstərəcəyinin şahidi olacağıq.      

                                                                                                       M. MİRZƏ,

                                                                                                   “Respublika”.