“Kənddən  şəhərə” yarmarkaları davam  edir
İQTİSADİYYAT

“Kənddən  şəhərə” yarmarkaları davam  edir

Kənd Təsərrüfatı Nazirliyinin  mətbuat   xidməti  bildirir  ki, həftəsonu   yarmarkaları  davam  edir. “Kənddən şəhərə” həftəsonu yarmarkaların təşkilində əsas məqsəd fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini yerli, təbii və mövsümi kənd məhsulları ilə təmin etməkdir. Yarmarkalarda məhsullar birbaşa fermerlər tərəfindən satışa çıxarılır.

Budəfəki “Kənddən şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 80-ə yaxın fermer 50-yə yaxın regionu təmsil edəcək. 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaq fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edəcək, eyni zamanda piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara çatdırmaq üçün logistik dəstək göstəriləcək. Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

“Kənddən şəhərə” həftəsonu yarmarkaları Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı), Xırdalan   şəhəri, Heydər  Əliyev  prospekti, 41A ünvanlarında keçiriləcək.

Nəriman  CAVADOV,

“Respublika”.