KƏNDİMİZİN AND YERİ
Region

KƏNDİMİZİN AND YERİ

1918 -ci il may ayının 28-də Azərbaycan müstəqilliyini elan etdi. Tarixi Azərbaycan torpaqlarında özlərinə dövlət quran, çörəyimizi yeyib duzumuzu oğurlayan xainlər torpaq iddiasıyla azərbaycanlılara qarşı soyqırıma başladılar.

Yeni yaranmış Azərbaycan Respublikası özünümüdafiə məqsədilə hərbi xidmət görməmiş gənclərdən ibarət qoşun dəstələri yaratdı. 1919-cu ilin iyul-avqust aylarında Qarabağda ermənilərlə döyüşmək üçün Quba qəzasının həmin illərdə iki minə yaxın əhalisi olan Yerfi kəndindən də 80 nəfər yola düşdü. O günlərin iştirakçısı olmuş Calal Günəşli xatirələrində yazırdı ki, biz piyada əvvəl Qubaya, sonra Qusara aparıldıq. Qarabağda Ağdam-Xankəndi istiqamətində döyüşlərdə iştirak etdik. Ermənilərin istəyi baş tutmadı. İstər şəhid olanlarımız, istərsə də salamat qayıdanlarımız illər keçdikcə unuduldu, unutduruldu.

 

Sən demə, Hayastan Azərbaycanımızın sinəsinə tuşlanmış bir xəncər imiş. İmperialist maraqlara gərək olanda işə düşəcəkmiş. 1980-ci illərin axırlarında SSRİ-nin dağılacağından duyuq düşən mənfur qonşularımız özlərinin əsl simalarını yenidən göstərdilər. Ermənistanda və Qarabağda iğtişaşlar başladı. Xalqımız tüğyan edən soyqırıma etirazını bildirib meydanlara axışdı. SSRİ adlı dövlətin başında duranların erməni sevgisini görən xalqda azadlıq meyilləri gücləndi. Xalqın azadlıq eşqini, vətən məhəbbətini, inamını, özünəgüvənini  qırmaq üçün xain bir plan qurdular.  1990-cı il 20 Yanvar faciəsini törətdilər. Əslən kəndimizdən olub Bakıda yaşayan iki cavan Yanvar şəhidləri sırasında uyuyur.

Faciə xalqı sarsıtdı, amma sındırmadı. Xalq möhkəm birləşdi, azğınlara, hakimiyyət hərislərinə, işğalçılara qarşı qəzəb, hiddət daha da artdı. Azərbaycanın hər yerindən könüllü dəstələri Qarabağa yollandı. Bizim kəndimizin ərazisindən də gənclər azğın düşmənə cavab verməyə getdilər. Bu döyüşlərdə də şəhidlərimiz oldu, amma unudulmadı. Ərazidəki məktəblərə onların adı verildi, qəbirləri düzəldildi, məktəblilər tərəfindən, dini bayramlarda öz ölülərini yad etməyə gələn bütün yaşlılar tərəfindən ziyarət olundu, dualar oxundu.

Azərbaycan belə bir düşmənə qarşı qüvvətlənməli idi. Görkəmli siyasətçi Heydər Əliyevin yaratdığı təməl üzərində onun davamçısı İlham Əliyev ordumuzu inkişaf etdirdi. Silahlı Qüvvələrimiz yeni texnikaya yiyələndi, döyüş texnikası artırıldı. Xalqımızda qələbəyə inam, ruh yüksəkliyi qüvvətləndi. Nəhayət, qisas günü gəlib çatdı. Bizim kəndimizdən də qorxmaz oğullar cəbhəyə yola düşdülər. 44 günlük müharibə zəfərlə bitdi. Azərbaycan övladlarının çiyinlərindən elə bil gözəgörünməz bir ağır yük götürüldü. Hamı azad nəfəs aldı. 44 gün ərzində qələbə xəbərləri ilə yanaşı, ağır da olsa, şəhid xəbərləri də gəlirdi. Bu günlərdə kənd sakinlərimiz iki acı xəbər aldı. Döyüşən igidlərimizdən İsmayıl Məmmədovun, ondan beş gün sonra Ülvi Məmmədovun şəhid olması xəbəri təkcə valideynlərini deyil, bir ailə kimi yaşayan bütün kənd əhlini sarsıtdı. Lakin bu acı xəbərin içərisində bir qürur, fəxr də var idi. Bu oğullar vətəni necə sevməyi bizə nümunə göstərirdi.

Bu günlərdə kənd camaatı uşaqlı-böyüklü kəndin mərkəzinə toplaşdı: açılış olacaqdı. Kəndimizdən olan 20 Yanvar və son iki Qarabağ müharibələrinin 8 şəhidinin xatirəsinə “Şəhidlər bulağı”nın açılışı idi. Kəndimizdən kənarda, Qubada, Xaçmazda, Bakıda yaşayanlarımız da tədbirdən xəbər tutub gəlmişdilər. Hamı şəhidlər qarşısında özünü borclu bilirdi. Əhalisinin say nisbəti nəzərə alınanda Yerfi ərazi inzibati vahidliyi ən çox şəhid vermiş kəndlərdəndir.

“Şəhidlər bulağı”nın yeri təsadüfi də olsa, sanki düşünülərək seçilmişdi. Bu yoldan ötən kənd camaatı yüz ildən çoxdur ki, buraya çatanda ayaq saxlayır, ya bir salavat verir, ya da dua oxuyur. Çünki  burada, hasarın içərisində, ərik ağacının altında XIX əsrin ikinci yarısında yaşamış nurani bir şəxs, Hacı İbrahim Əfəndi uyuyur. Bu gündən isə onun yanında tikilmiş “Şəhidlər bulağı” bu yeri daha da müqəddəsləşdirdi. Artıq bütün kənd əhli bilir ki, bu yer məktəblilərimiz, hərbi xidmətə gedənlərimiz, hərbidən qayıdanlarımız, eləcə də hər bir kənd sakini üçün and yerinə çevriləcəkdir.      

Tahir HƏSƏNLİ,

Quba rayonu, Yerfi kəndi.