“Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi
Sosial həyat

“Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" yekunlaşmaq üzrədir

Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBEA) birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" yekunlaşmaq üzrədir. Layihənin icra vəziyyəti və görülmüş işlər "Azərsu" Açıq Səhmdar Cəmiyyətində YBEA nümayəndə heyəti ilə keçirilən görüşdə ətraflı müzakirə olunub.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Etibar Məmmədov Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində Yaponiya hökumətinin və şirkətlərinin yaxından iştirak etdiyini bildirib və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirib.

Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Qusar, Xaçmaz, Xızı, Qobustan, Naftalan şəhərlərində içməli və tullantı su şəbəkələri yenidən qurularaq istismara verilib. Naftalan şəhərində tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşıb. Xızı şəhərindəki qurğu sınaq rejimində işləyir, Xaçmaz və Qobustan şəhərləri, Altıağac qəsəbəsindəki qurğuların tikintisi üzrə son tamamlama işləri aparılır.

Görüşdə içməli su təchizatı və tullantı su sektorunda gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Kamil İSMAYIL,

"Respublika".