Kişineu: danışıqlara davam
Siyasət

Kişineu: danışıqlara davam

Bu pozitiv amil iyulda Brüsseldə keçiriləcək növbəti görüşə yaxşı hazırlıq kimi dəyərləndirilir

"Bugünkü danışıqlar çox məhsuldar keçdi və iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq oldu". Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kişineuda iyunun 1-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransanın dövlət başçısı Emmanuel Makron arasında keçirilən qeyri-rəsmi görüşdən sonra deyib.

Ş.Mişel qeyd edib ki, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırırlar. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyunun 1-də görüşün yekunlarına dair mətbuata açıqlama verib.

Şarl Mişel açıqlamasında deyib ki, bizim may ayında Brüsseldə müzakirə etdiyimiz məsələləri nəzərdən keçirmək, əlaqələndirmə, təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirə aparmaq imkanımız oldu. Bu, o deməkdir ki, biz çox gərgin çalışırıq. Biz münasibətlərin normallaşdırılması istiqamətində bütün müsbət səyləri dəstəkləmək, həmçinin Prezident İlham Əliyevi, baş nazir Paşinyanı, kansler Şoltsu və prezident Makronu "Avropa Siyasi Birliyi"nin İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən görüşə dəvət etmək niyyətindəyik, münasibətlərin normallaşdırılması istiqamətində daha çox irəliləyişə nail olmaq üçün əlimizdən gələni edəcəyik.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında gedən danışıqlar prosesi uzun fasilədən sonra may ayında Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə başladı. Bu, danışıqlar prosesində yeni bir mərhələnin başlanmasından xəbər verirdi: "Biz Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnunuq. Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq olar. Biz bu yaxınlarda baş nazir Paşinyana sülhə sadiqliyini ifadə etdiyinə görə minnətdarlığımızı bildirdik və Prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq". Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin mətbuat üçün məlumatında deyilirdi. Sənəddə qeyd olunurdu ki, Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişineuda avropalı tərəfdaşlarımızla görüşəcək və ümid edirik ki, bu, zorakılıq yolu ilə deyil, danışıqlar masası arxasında məsələlərin həlli üçün məhsuldar addım olacaq. Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər. Birləşmiş Ştatlar davamlı və layiqli sülh sazişi bağlamaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır.

Mayın 1-dən 4-dək isə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında dörd gün davam edən sülh danışıqları baş tutub. ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlərdə tərəflər "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar. Vasitəçiliklə bağlı Qərb və Rusiya arasında rəqabət var. Rusiya prosesə öz maraqları çərçivəsində yanaşır. Qərb isə konkret olaraq sülhün tərəfindədir. Kişineu görüşündən sonra da danışıqlar davam edəcək. Azərbaycan Qarabağdan qeyri-qanuni silahlıların çıxarılmasını tələb edir. Onlara təslim olacaqları təqdirdə amnistiya şansının ola biləcəyini bildirir. Proseslər olduqca mürəkkəbdir. Dayanıqlı sülhün əldə olunması hələlik real görünmür.

Belçika paytaxtındakı sonuncu görüş mayın 14-də baş tutub və burada sülh müqaviləsi üzrə danışıqların intensivləşdirilməsinin vacibliyi qeyd olunub. Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda keçirilən görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına yönəlib. Belə ki, Brüssel görüşündə sərhəd, nəqliyyat xətlərinin bərpası, humanitar və Qarabağda yaşayan erməni əhalinin hüquq və təhlükəsizliyi kimi məsələlər müzakirə edilib. Liderlər 1991-ci il Alma-Ata Bəyannaməsinə və Ermənistanla (29.800 kvadratkilometr) Azərbaycanın (86.600 kvadratkilometr) müvafiq ərazi bütövlüyünə birmənalı sadiqliklərini təsdiqləyiblər.

Azərbaycan və Ermənistan liderləri mayın 25-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli formatda görüşüblər. Rusiya Prezidenti bildirib ki, onlar belə demək mümkünsə, hələ tənzimlənməmiş məsələləri həll edəcəklər. Mənə elə gəlir ki, bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır.

Moldovanın paytaxtı Kişineuda qeyri-rəsmi görüş də pozitiv müstəvidə keçib. Qərara alınıb ki, iyulun 21-də Brüsseldə üçtərəfli görüş və bu dövr ərzində XİN başçılarının Vaşinqtonda növbəti görüşü keçirilsin. Vaşinqtonda əsas danışıqlar sülh müqaviləsi ilə bağlı olacaq. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəsilə aparılan danışıqlar isə daha çox koordinasiya xarakteri daşıyır. Fransa və Almaniyanın iştirakı bütövlükdə qeyri-formal xarakterlidir. Burada əsas müzakirələr Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılıb. Görüşdə əsasən bir daha sülh müqaviləsi üzrə danışıqların intenstivləşdirilməsinin vacibliyi qeyd olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Prezidentinin Azərbaycan və Ermənistan liderləri arasında Kişineu görüşünün nəticələrinə dair yaydığı bəyanat barədə şərhində bildirilir ki, Fransa Prezidentinin verdiyi açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir. Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də töhfə vermir.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kişineuda keçirilmiş qeyri-rəsmi görüşlə bağlı paylaşım edib. Paylaşımda deyilir ki, Prezident Şarl Mişel tərəfindən üçtərəfli formatda, həmçinin Almaniya və Fransanın iştirakı ilə keçirilən görüş qeyri-rəsmi, müsbət və səmərəli atmosferdə keçdi. İyulda üçtərəfli görüşlərin növbəti mərhələsinin Brüsseldə keçirilməsi razılaşdırılıb.

Ümumi olaraq qeyd edək ki, Azərbaycanın iradəsi regionda davamlı sülh və sabitliyin, təhlükəsizliyin tam təmin olunmasından ibarətdir. Buna mane olan Ermənistan tərəfidir. O ki qaldı Kişineuda "Avropa Siyasi Birliyi" çərçivəsindəki Almaniya və Fransanın qatıldığı toplantıya, bu, sırf qeyri-formal xarakter daşısa da, növbəti müsbət addım hesab oluna bilər.

Mustafa KAMAL,

"Respublika".