Kocaelidəki
Türk dünyası

Kocaelidəki "Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi"ndə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı 100 ağac əkilib

2021 -ci ilin aprel ayında "Bir millət, iki dövlət" olan Azərbaycanla Türkiyə arasındakı əlaqələrin daha da dərinləşməsinə töhfə vermək bu qardaşlığı növbəti dəfə dünyaya nümayiş etdirmək məqsədilə Kocaeli Böyükşəhər Bələdiyyəsinin təşəbbüsü ilə Kocaeli vilayətində "Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi" salınıb.

Ümumi sahəsi 60 min kvadratmetr olan meşədə hər il müxtəlif növ ağaclar əkilərək yaşıllıq zonası genişləndirilir. İlk ağac tingləri 2021-ci ilin aprel ayında əkilmişdir. Növbəti ağacəkmə aksiyası isə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub. Aksiyada Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, konsul Zaur Allahverdizadə, Kocaeli valisinin köməkçisi İsmail Gültəkin digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə Baş konsul Nərminə Mustafayeva Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında müstəsna rolunu vurğulayaraq deyib: ''Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan-Türkiyə münasibətləri dərinləşərək yeni xarakter alıb. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi daimi olduğunu təcəssüm etdirən "Bir millət, iki dövlət" müdrik kəlamı bu gün hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm sarsılmazdır.

Kocaeli valisinin köməkçisi İsmail Gültəkin tədbirin əhəmiyyətinə diqqət çəkib. O, iki ölkənin qardaş müttəfiqliyinin dünya ölkələri üçün nümunə olduğunu vurğulayıb. Tədbirin sonunda "Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi"ndə ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar 100 ağac əkilib. Əkilən hər bir ağacın Türkiyə-Azərbaycan qardaşlığı kimi sağlam güclü olması arzulanıb.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.