“Kommunal xidmətlərə (Su təchizatı şəbəkəsinə) qoşulma” üzrə Yol Xəritəsinin təqdimatı
Digər xəbərlər

 “Kommunal xidmətlərə (Su təchizatı şəbəkəsinə) qoşulma” üzrə Yol Xəritəsinin təqdimatı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (Su təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib.

Bu barədə qurumdan verilən məlumata görə, biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Su təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun rəhbəri, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov sənədin hazırlanmasında dövlət təşkilatlarının mütəxəssisləri və məsləhətçi şirkətlərin nümayəndələrinin iştirakı ilə birgə iş aparıldığını bildirib. Məsləhətçi şirkət tərəfindən təkmilləşdirilmiş Diaqnostika Matrisası əsasında tərtib edilən Yol Xəritəsi Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.

Yol Xəritəsində kommunal xidmət qaydalarının keyfiyyəti, kommunal xidmət göstəriciləri və xidmətlərin şəffaflığı, kommunal sahədə xidmətlərin həyata keçirilməsinin səmərəliliyi, maarifləndirmə və təbliğat işlərinin aparılması istiqamətlərində 4 alt indikator üzrə tədbirlər əksini tapıb. Sənəddə su təchizatı sistemlərinə qoşulma üzrə əsas hədəflər, keyfiyyəti standartları, hüquq və öhdəliklər, müraciətlərə baxılmasının  tam elektronlaşdırılması, prosedurların və vaxtın minimuma endirilməsi, şəffaflığın, istehlakçı hüquqlarının qorunması ilə bağlı vəzifələr müəyyən edilib.

“Azərsu” ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Samir Qənili Yol Xəritəsində “Azərsu” ASC tərəfindən rəqəmsallaşma və optimallaşma sahəsində nəzərdə tutulan tədbirlər barədə təqdimatla çıxış edib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov bu sahədə  nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Fərid İsayev Yol Xəritəsinin dövlət-biznes dialoqu platforması baxımından əhəmiyyətini qeyd edərək su təchizatı sisteminə qoşulmanın biznes mühitinə əlverişli təsirlərindən danışıb.

“Azərsu” ASC yanında İctimai Şuranın sədri Rauf Zeyni və şura üzvü Eyyub Hüseynov Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin biznes strukturlarının fəaliyyətinə dəstək baxımından əhəmiyyətli olduğunu qeyd edib.

“Respublika”.