Konqresmen Stiv Kohen Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı bəyanatla çıxış edib
Siyasət

Konqresmen Stiv Kohen Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı bəyanatla çıxış edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 31 il keçməsini qeyd edən ABŞ Konqresinin üzvü deyib ki, Azərbaycan ABŞ-ın əsas qlobal təhlükəsizlik tərəfdaşıdır və terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədən tutmuş nüvə silahının yayılmasının qarşısının alınmasına, regionda sabitliyin əldə olunmasına qədər müxtəlif sahələrdə Vaşinqtonla əməkdaşlıq edir.

Konqresmen, həmçinin qeyd edib ki, Azərbaycan qoşunları Əfqanıstandan təxliyəni sona qədər asanlaşdıraraq, Kabil hava limanını tərk edən sonuncu tərəfdaş hərbçilər sırasında olub. Onun sözlərinə görə, Azərbaycan Ukraynada müharibənin başlanmasından sonra qlobal enerji təhlükəsizliyinin təmin edilməsində əsas oyunçuya çevrilib və ABŞ-ın müttəfiqi İsrail üçün əsas enerji təchizatçısıdır.

Bundan əlavə, Azərbaycan Ukraynaya əhəmiyyətli humanitar yardım göstərib. Bu isə keçmiş Sovet İttifaqına daxil olmayan NATO ölkələri arasında istisna haldır. Konqresmen vurğulayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu cəsarətli addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə açıq şəkildə təşəkkür edib.

Stiv Kohen bəyanatın sonunda Konqresin Azərbaycan qrupunun həmsədri kimi, Azərbaycan Respublikasını Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib və iki ölkə arasında tərəfdaşlığın inkişaf olunmasına dair işləməyə davam edəcəyini vurğulayıb.

AZƏRTAC