Konstitusiya hüquqi dövlətin sarsılmaz təməlidir
Digər xəbərlər

Konstitusiya hüquqi dövlətin sarsılmaz təməlidir

12 Noyabr Konstitusiya Günüdür

Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycanda insan hüquqları sahəsində islahatların aparılması, zəngin hüquqi bazanın yaradılması və formalaşması məhz ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir. Ən əsası isə ulu öndər dövlətçiliyimizi təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan, müstəqil Azərbaycanın ideoloji-iqtisadi əsaslarını möhkəmləndirdikdən az sonra müəllifi olduğu Konstitusiyada insan hüquq və azadlıqlarını təsbit etdi və hüquqi təminat altına aldı.

Beləliklə, olduqca qısa zaman kəsiyində müdrik rəhbərimizin dəmir məntiqi, silinməz dəst-xəttinin, zəngin həyat təcrübəsi və işıqlı zəkasının ən böyük əsəri olan, dünya standartlarının tələblərinə tam dolğunluğu ilə cavab verən Konstitusiya layihəsi hazırlanaraq ümumxalq səsverməsinə verildi. Həmin sənəd 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olundu. Bu gün əsas qanunu iftixar hissi ilə xalqımız haqlı olaraq "Heydər Əliyev Konstitusiyası” adlandırır, eyni zamanda onu Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri hesab edir. Bu, xalqın rəhbərinə olan sonsuz və ülvi məhəbbətinin ifadəsi, Konstitusiyanın hazırlanmasında, müzakirəsində və qəbul edilməsində yorulmaz fəaliyyətinə verdiyi düzgün qiymətdir. Konstitusiyanın qəbul edilməsi xalqımızın həyatında və dövlətçiliyimizin qurulmasında yeni bir mərhələnin başlanğıcını qoydu. Respublikada dövlət quruculuğu sahəsində yeni imkanlar açdı.

Bu mühüm sənədin ən üstün və fərqli cəhətlərindən biri onun müddəalarında insanlara dövlət və cəmiyyət tərəfindən verilmiş və verilməsi zəruri olan, habelə, cəmiyyət üzvləri tərəfindən etibar edilən və etibar edilməsi mümkün sayılan bütün hüquqların, azadlıqların və vəzifələrin bütöv bir vəhdət halında öz əksini taparaq bir-birini tamamlamasıdır. Konstitusiyanın ən üstün və fərqli cəhətlərindən digəri budur ki, orada ictimai quruluş haqqında konkret müddəa yoxdur, iqtisadi münasibətlərin forma və inkişafını məhdudlaşdıran heç bir sədd müəyyən edilməmişdir. Bu da iqtisadi sahədə insan azadlığı və onun fəaliyyətinin sərbəstliyinə tam təminat verir.

Bu sənədin əsas dəyər və məziyyətləri məzmunca xalqın iradəsini ifadə etməsidir. Azərbaycanda dövlət quruculuğunun təsisatını, hüquqi əsaslarını göstərir. Azərbaycanda dövlət idarəetmə prinsiplərini, dövlət və xalq arasında münasibətləri əks etdirir, hüquqi, demokratik, dünyəvi dövlət qurulması üçün bütün hüquqi əsasları yaradır. Konstitusiya mahiyyətcə ölkənin tam müstəqilliyini, ərazi bütövlüyünü, Azərbaycan xalqının, vətəndaşlarının hər birinin hüquqlarının toxunulmazlığını, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir. Konstitusiyaya görə, respublikamızda hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır. Hər bir hakimiyyət yalnız xalqın iradəsi əsasında əldə oluna bilər.

Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir.

Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Əsas Qanunda əksini tapmış müddəaların üçdə-birinin insan hüquq və azadlıqları ilə bağlı olması da ulu öndər Heydər Əliyevin ümumbəşəri dəyərlərə sadiqliyinin, onun daxili demokratizminin bariz təcəssümüdür.

Ümummilli lider Heydər Əliyev demişdir: "Bu konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətdir".

Ölkədə demokratik quruluşun və hüquqi dövlətin sarsılmaz təməlini qoyan, hüquq islahatlarının artırılmasına zəmin yaradan Azərbaycanın yeni əsas qanunu humanizm və demokratiya prinsiplərini özündə ehtiva edərək dövlətçiliyimizin  tərəqqisi üçün hərtərəfli özül yaratdı. Bu ali hüquqi sənəd  dövlət və cəmiyyət  həyatının bütün sahələrini əhatə edərək hüquqi dövlət ideyalarının inkişaf istiqamətlərini milli dəyərlərlə və müasir yanaşmalarla zəngin  etmişdir.

Konstitusiya dövlətin əsas vəzifələrini, Azərbaycan dövlətinin  başqa ölkələrlə münasibətini tənzimləyən prinsipləri özündə əks etdirməklə yanaşı, ali hakimiyyətin xalqa məxsus olduğunu göstərir, bu isə öz növbəsində, Azərbaycanın məhz demokratik yolla inkişafını  nəzərdə tutur. Əsas qanunda öz müqəddəratını sərbəst və müstəqil şəkildə  müəyyənləşdirmək xalqımızın suveren hüququ kimi təsbit olunur.

Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının  müdafiəsinin, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin  Azərbaycan dövlətinin ali məqsədi kimi müəyyənləşdirilməsi, dövlətin  üzərinə hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat vermək vəzifəsinin qoyulması müstəsna əhəmiyyət kəsb edir.

Konstitusiyanın normalarından irəli gələrək, respublikamızda beynəlxalq hüququn norma və prinsipləri əsasında mükəmməl normativ-hüquqi baza  yaradılmış, milli qanunvericiliyimiz təkmilləşdirilmiş, ölkəmiz insan hüquqları ilə bağlı çoxsaylı beynəlxalq  hüquq müqavilələrinə qoşulmuşdur. Həmin  hüquqların səmərəli  təminatı üçün mövcud qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırılmış,  beynəlxalq müqavilələrin müddəalarının milli səviyyədə  implementasiyası təmin olunmuşdur.

Konstitusiya normalarının həyata keçirilməsinin məntiqi nəticəsi kimi  ölkədə demokratik,  hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq sistemində köklü dəyişikliklər  həyata keçirilmişdir.

Dövlət başçısı cənab İlham Əliyevin  təşəbbüsü ilə Azərbaycan Respublikasının Əsas Qanununa - Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi nəticəsində 2016-cı il sentyabrın 26-da keçirilən  ümumxalq səsverməsi  (referendum)  ölkədə insan hüquq və azadlıqlarının  konstitusiya təminatının daha da gücləndirilməsi, demokratik  təsisatların  fəaliyyətinin və bütövlükdə idarəetmə  sisteminin təkmilləşdirilməsi məqsədlərinə xidmət göstərmişdir.  Konstitusiyaya təklif olunmuş və ölkə vətəndaşları tərəfindən dəstəklənmiş dəyişikliklər Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasının daha da  möhkəmlənməsinə xidmət edir.

Ümumiyyətlə, Azərbaycan Respublikasının Konstitusiyası müasir dövrün ən demokratik prinsiplərini,  müddəalarını təsbit edən  ən  təkmil konstitusiyalardan biridir. Bu  konstitusiya hüquqi, demokratik,  konstitusion dövləti inkişaf etdirmək üçün  yetərincə hüquqi baza təsbit edib.

İşğal olunmuş torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması həm də vətəndaşların konstitusion hüquqlarının  bərpası və dövlətin əsasını bərqərar edir. Belə ki, Azərbaycan xalqı  özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək  "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında"  Konstitusiya  Aktında əks olunan prinsipləri əsas götürərək, bütün  cəmiyyətin və  hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında  öz məsuliyyətini anlayaraq,  suveren hüquqlarından istifadə edərək, Konstitusiyanın qəbul edilməsində bəyan etdiyi niyyətlərdən birini - Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü ləyaqətlə qoruyur.

Konstitusiyamıza əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. 30 ilə yaxın erməni  vandallarının işğalı altında olan torpaqlarımız Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, sərkərdəlik məharəti sayəsində azad olundu, ermənilərə sarsıdıcı zərbələr endirildi. Uğurlu  əməliyyat xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun bərpa olunmasının əsasını qoydu.

Bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində şanlı zəfərə  doğru  birgə addımlayaraq,  işğaldan azad olmuş torpaqlarımızda dövlət bayrağımızın ucaldılmasına və Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsinin bərpasına nail oldu.

Raul ŞAHVERDİYEV,

Sumqayıt Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı.