Konstitusiya Məhkəməsində Türkiyənin Azərbaycandakı səfiri ilə görüş keçirilib
Digər xəbərlər

Konstitusiya Məhkəməsində Türkiyənin Azərbaycandakı səfiri ilə görüş keçirilib

Avqustun 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Cahit Bağçını qardaş Türkiyənin ölkəmizdə yeni səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Sədr Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin daha da genişləndirilməsinə xidmət edəcək şərəfli və məsuliyyətli vəzifəsində səfirə uğurlar arzulayıb. Fərhad Abdullayev diplomatın iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafına dəyərli töhfələr verəcəyinə əminliyini bildirib.

Vurğulanıb ki, ölkələrimiz arasında münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində sürətlə inkişaf edir.

Sədr qeyd edib ki, qardaş Türkiyənin müxtəlif bölgələrində iyulun 29-dan başlayan güclü meşə yanğınları və onun törətdiyi fəsadlar barədə xəbər Konstitusiya Məhkəməsinin əməkdaşlarını son dərəcə kədərləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət bir neçə qrup və xüsusi texnika Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş ölkəyə yola salınıb. Azərbaycan dövləti və xalqı hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır.

Türkiyənin səfiri Cahit Bağçı yüksək qonaqpərvərliyə və təbrikə görə Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevə minnətdarlığını ifadə edərək, iki ölkə arasındakı qardaşlıq əlaqələrinin inkişafında və genişləndirilməsində diplomatik missiyaların böyük rolundan danışıb. Səfir Türkiyənin cənub vilayətlərində baş verən və genişmiqyaslı yanğınların söndürülməsində qardaş Azərbaycanın dəstəyinə görə təşəkkürünü bildirib. Diplomat qeyd edib ki, dövlətlərimiz və xalqlarımız hər zaman bir-birinin yanındadır.

Görüşdə qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı. Azərbaycanın haqq savaşında qardaş dəstəyi göstərmiş Türkiyə dövləti bir daha sübut etdi ki, o, beynəlxalq hüquq normalarının və beynəlxalq müstəvidə haqq-ədalətin müdafiəsində duran dövlətdir. Azərbaycan Respublikasının əzəli torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda apardığı mübarizədə Türkiyə Cümhuriyyətinin dövlətimizin və xalqımızın haqq işini müdafiə etməsi, ədalətin qələbə çalmasına siyasi dəstək verməsi əsl qardaşlıq nümunəsidir.

Diplomat xüsusilə qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyə xalqı Azərbaycan xalqının yanında oldu. Biz hamımız ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarının sarsılmaz həqiqət olduğuna bir daha şahidlik etdik.

Səfir ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq və qardaşlıq əsasında qurulan münasibətlərin sarsılmaz olduğunu qeyd edərək, bu əlaqələrin bundan sonra da möhkəmlənməsinə töhfə verməyə çalışacağını bildirib. Diplomat işğaldan azad edilmiş torpaqlara səfərləri zamanı Ermənistanın 30 illik işğal siyasətinin acı nəticələrinin canlı şahidi olmasından söhbət açıb.

Vurğulanıb ki, cari il iyunun 15-də ölkəmiz üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, cari il iyulun 27-də Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri arasında keçirilmiş birinci üçtərəfli görüş nəticəsində imzalanan Bakı bəyannaməsi ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da gücləndirilməsinin göstəricisidir.

Görüşün sonunda bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu əbədidir və hərtərəfli əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək.

AZƏRTAC