Könül mülkünün sultanı Məhəmməd Füzuli
Tarix

Könül mülkünün sultanı Məhəmməd Füzuli

"Füzuli Azərbaycan ədəbiyyatını fars və ərəb girdablarından dartıb çıxarmış, yenicə yaranmaqda olan ədəbiyyatımızı çiyinlərinə almış, ən yüksək zirvələrə qaldırmış və öz yaradıcılığı ilə on illərlə orada saxlamışdır".

Cəfər CABBARLI.

Məhəmməd Füzuli 1494-cü ildə Kərbəlada doğulmuşdur. Orta əsr Azərbaycan şairi, mütəfəkkir və filosof, Azərbaycan ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biridir. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Mənbələrdə digər adı Molla Məhəmməd Bağdadidir.

Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasından olan Məhəmməd Füzulinin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzuli yüksək təhsil görmüşdü. Elə tədqiqatçılar buna əsaslanaraq hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olub. Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müctəhidi olub.

XI əsrdə İraqın səlcuqlar, daha sonralar isə monqollar və teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətrafında türklərin sayı artmağa başladı. Bu proses sonralar da davam edirdi. 1508-ci ildə I İsmayıl təntənəli şəkildə Bağdada girərək İraqı Azərbaycana birləşdirdi, 1534-cü ildə isə bu şəhər uzun bir müddətdə Osmanlı imperiyasının tərkibinə daxil edildi. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür.

Ümumiyyətlə, XIII-XVI əsrlərdə ana dilində yazılan əsərlər geniş yayılırdı. Azərbaycan dilində bədii nəsr nümunələrinin yaradıcıları arasında isə Füzulinin öz yeri var. Şah İsmayıl Xətai ilə yanaşı, poemalara lirik şeirlərin daxil edilməsi baxımından Məhəmməd Füzuli də seçilmiş və o, yeni - Füzuli ədəbi məktəbini yaratmışdır:

Mən cahan mülkündə doğru halət görmədim,

Hər nə gördüm əyri gördüm, özgə babət görmədim, - deyən ustad Füzuli "Görmədim" rədifli qəzəlində bu dünyanın haqsızlığından, meyarların itməsindən gileylənir. Onun yaradıcılığında mühüm yer tutan qəzəlləri müxtəlif mövzularda qələmə alınıb. Bu sırada məhəbbət mövzusunda yazılan, gözəlin və gözəlliyin tərənnümünə həsr edilən, dini və ictimai motivdə olan qəzəllər daha çoxdur:

Məni candan usandırdı, cəfadan yar usanmazmı?

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,

Mənə tən eyləyən qafil, səni görcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,

Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

Füzulinin qəzəllərində tərənnüm etdiyi məhəbbət çox hallarda gerçək insani duyğuları, həm də sufizmin həyata, insana fəlsəfi baxışını ifadə edir. Şairin bir çox qəzəllərində bu ikiliyi bir-birindən ayırmaq, yaxud fərqləndirmək mümkün olmur. Lakin bütün hallarda lirik qəhrəman mənəvi saflığı, möhkəm iradəsi, sədaqətli və əzəmətli olması ilə diqqət çəkir. Şair ictimai motivli qəzəllərində zəmanəyə, insanlara, onların şəxsi həyatına və s. münasibətini əks etdirir.

O, daha çox ana dilində yazdığı qəsidələrini İslam dininin böyük şəxsiyyətlərinə, zəmanə hökmdarlarına, tarixi hadisələrə həsr etmişdir.

Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir. "Bəngü Badə" ("Tiryək və Sərab") əsərini Şah İsmayıl Xətaiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyil göstərməmişdir.

Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, elə "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.

Üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazan Füzulinin yaradıcılığının zirvəsi isə "Leyli və Məcnun" poemasıdır. Poema Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyata gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orjinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

Şairin digər üç poeması alleqorik səviyyədədir. Bu üç poema müxtəlif mövzularda yazılsa da, ideyalarında oxşarlıqlar da var. Bu əsərlərdə təkəbbürlü hökmdarların mənasız müharibələr törətməklə insanları qırğına verməsi ("Bəngü Badə"), şöhrətpərəstlik, mənəmlik ("Söhbətül-əsmar"), cəmiyyətdə, ictimai quruluşda müşahidə edilən eyiblər ("Həft cam") kəskin tənqid edilir.

Füzuli klassik nəsrin böyük ustadı sayılır. Onun "Şikayətnamə" adı ilə tanınan məktubu ictimai məzmunu və bədii dəyərilə daha qiymətlidir. "Həqiqətüs-şüəda" əsərində məşhur din xadimlərinin həyatı, fəaliyyəti, məhrumiyyətləri əks olunur.

Füzuli sənəti yarandığı gündən oxucuları heyrətdə qoyub. Bu, dünən də belə olmuş, bu gün də belədir və sabah da belə olacaqdır. Görkəmli ədib, alim, pedaqoq Mir Cəlal Paşayevin şair haqqında dediyi bir fikri mütləq həqiqət kimi yada düşür: "Bu böyük şeir dühasının əsərləri ilə dərindən tanış olandan heyrət bizi götürür. Biz bu nadir və qadir şeir ustadının, qəlblər mühəndisinin, "könül mülkünün sultanı"nın hətta, ayrı-ayrı lirik əsərlərinə səcdə etməkdən özümüzü saxlaya bilmirik. Görünür ki, yüksək zövq sahibi, sənətin xariqələrini duyub dərk edən adamlar Füzulinin şeir gülüstanında özlərini vəcd və heyrətdən xilas edə bilmirlər. Füzuli misralarından aldıqları tükənməz mənəvi, estetik zövq ilə yaşamağı bu misralar üzərində təhlil aparmaqdan daha fəzlə, daha münasib sayırlar...".

Bu mənada "Füzuli heyrətinin" artıq 500 ildən çox yaşı var:

Heyrət ey büt, surətin gördükdə lal eylər məni,

Surəti-halım görən, surət xəyal eylər məni,

- deyən şairin yazıb yaratdıqları da hər kəsi heyrətə gətirir, kamala yetirir:

Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,

Bu fəzilət daxili-əhli-kəmal eylər məni.

Zümrüd QURBANQIZI,

"Respublika".