Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıb
Siyasət

Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının Prezidentinin xüsusi nümayəndəsi So Byoq Sunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə So Byoq Su ilə yanaşı, Koreya Milli Assambleyasının komitə sədrləri və üzvləri daxildir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov qonaqları salamlayaraq Azərbaycanla Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib. Nazir bu il diplomatik münasibətlərimizin 30 illiyinin qeyd olunduğunu və ölkələrimiz arasında artan siyasi dialoqun, qarşılıqlı səfərlərin, ötən ay nazir müavinləri səviyyəsində Koreyada siyasi dialoqun münasibətlərin daha da inkişaf etdirilməsi baxımından vacibliyini qeyd edib. Parlamentlərarası münasibətlərin əhəmiyyət daşıdığı, bu çərçivədə, Koreya Parlamentində Azərbaycan-Koreya Dostluq Qrupunun rəhbəri kimi So Byonq Sunun səylərindən məmnunluq ifadə olunub. Nazir iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini və bu xüsusda, Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini vurğulayıb. Koreya Respublikası ilə ölkəmiz arasındakı alternativ enerji resursları, işğaldan azad edilmiş ərazilərdə dağ-mədən sənayesi və sair yeni istiqamətlər üzrə əməkdaşlıq perspektivlərinin olduğu diqqətə çatdırılıb. O, eyni zamanda, ölkələrimiz arasında təhsil sahəsində artan əməkdaşlığın, Koreya təhsil standartları əsasında yaradılmış Sənaye və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin, universitetlər arasında ikili diplom təhsil proqramlarının ölkələrimiz arasında artan əməkdaşlığın vacib istiqamətlərindən olduğunu bildirib.

So Byoq Su iki ölkə arasında əlaqələrin uğurlu inkişafını qeyd edib, Azərbaycan və Koreya arasında siyasi, iqtisadi, təhsil, energetika, informasiya texnologiyaları, investisiya və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub. O, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla diqqətə çatdıraraq, görüş zamanı gələcək əməkdaşlıq planlarına dair əsas prioritet məsələlərin müzakirə olunduğunu və bunun ölkələrimiz arasındakı əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə təkan verəcəyinə inamını ifadə edib. O, 2009-cu ildə Parlamentin Azərbaycan-Koreya Dostluq Qrupunun rəhbəri qismində ölkəmizə səfərini xatırlayaraq, o zamandan bəri ölkəmizin necə inkişaf etdiyinin şahidi olduğunu, Koreya tərəfinin ölkəmiz ilə elektron hökumət, alternativ enerji, kənd təsərrüfatı, təhsil, "Ağıllı şəhərlərin" yaradılması istiqamətində əməkdaşlıqda marağını vurğulayıb.

Nazir daha sonra 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin dövlətlərimizin beynəlxalq təşkilatlarda və platformalarda qarşılıqlı dəstək kimi məsələlərə diqqət yetirilib, qarşılıqlı maraq doğuran sahələr ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC