Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Siyasət

Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurası Baş katibinin siyasi məsələlər və danışıqlar üzrə müavini Əbdüləziz bin Hamad Əl-Ovayşeklə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkəmizin Şuraya üzv dövlətlərlə əməkdaşlığının perspektivləri müzakirə edilib. Tərəflər, həmçinin siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq və biznes strukturları arasında sıx təmaslar vasitəsilə əlaqələrin daha da möhkəmlənməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, bu ilin martında İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası II biznes vebinarında rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən tikinti, sənaye, səhiyyə və əczaçılıq, turizm, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin 70-ə yaxın nümayəndəsi iştirak edib. Tədbir çərçivəsində biznes və investisiya mühiti barədə təqdimatlar keçirilib.

AZƏRTAC