Koronavirus pandemiyasına qarşı ən effektiv mübarizə üsulu kütləvi peyvəndləmədir
Səhiyyə

Koronavirus pandemiyasına qarşı ən effektiv mübarizə üsulu kütləvi peyvəndləmədir

Dünya yaranandan bəşəriyyət zaman-zaman təbii fəlakətlərlə üz-üzə qalıb, müxtəlif xəstəliklərə qarşı mübarizə aparmalı olub. Ötən ilin sonlarında Çində özünü büruzə verən koronavirus da sürətlə yayılaraq bəşəriyyət üçün problemə çevrildi. Bəzi ölkələr koronavirusla mübarizədə ehtiyatsızlıq,  məsuliyyətsizlik göstərdi, bəziləri məsələnin ciddiliyini nəzərə alaraq vaxtında tədbirlər görməyə başladı. Bunun da nəticəsində ölkələrdə insan tələfatı da, iqtisadiyyata dəyən ziyan da fərqli oldu.

COVİD-19 infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsir göstərdi, ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olundu, əhalinin sosial təcrid olunması təmin edildi. Bütün bu tədbirlər təbii ki, işgüzar fəallığı zəiflətdi və iqtisadiyyatın əksər sahələrinin inkişafını ləngitdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların  Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında 2020-ci il 19 mart tarixli sərəncamında deyilir: “...Mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlər aradan qaldırılmalı, əhalinin sosial rifahı qorunmalı və iqtisadi inkişafın davamlılığı təmin edilməlidir. Qoyulmuş bu məqsədlərə nail olmaq üçün ölkədə bütün səylərin və təşəbbüslərin birləşdirilməsi tələb olunur. Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Bu imkanlara arxalanaraq dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərmişdir”.

Beləliklə, COVİD-19 dünyanın bir sıra aparıcı ölkələrinə sosial-iqtisadi cəhətdən zərbələr vurdu, insanların sağlamlıqları ilə yanaşı, sosial həyatlarına ciddi sirayət etdi. Ölkələr, təşkilatlar müxtəlif çıxış yolları axtarmağa, sınaq dövründən az itkilərlə çıxmaq ətrafında layihələr üzərində işləməyə başladılar.

Prezident İlham Əliyev deyirdi: “İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir”.

Təbii ki, koronavirus epidemiyasının sürətlə yayılması Azərbaycana da təsirsiz keçmədi. Bu barədə ölkə başçısı İlham Əliyev müvafiq nazirlik strukturları ilə keçirdiyi onlayn-müşavirədə vurğulayır, bütün bunlara baxmayaraq, sosial layihələrin təxirə salınmayacağını qeyd edirdi.

Bu müddətdə vətəndaşların sağlamlığının mühafizəsi ilə yanaşı, ərzaq bolluğunun təminatı, habelə məşğulluğun, sosial rifahın dəstəklənməsi sahəsində analoqu olmayan addımlar atıldı. Məhz koronavirus pandemiyasının sürətlə yayılması fonunda dövlət başçısının qətiyyəti və şəxsi iradəsi ölkəmizi və xalqımızı gözlənilən bir sıra təhlükələrdən qorudu.

Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri çərçivəsində 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətində 600 milyon manat vəsait ayrıldı, sosial təminatların ödənilməsi məqsədilə vətəndaşlara 190 manat birdəfəlik maddi yardım prosesi həyata keçirildi.

Pandemiya dövründə iş yerlərinin və əməkhaqlarının qorunması istiqamətində də müvafiq təxirəsalınmaz tədbir gerçəkləşdirildi. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparıldı, eləcə də, elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirildi. Bu tədbirlər 1 milyon 629 min işçini əhatə etdi. 300 min muzdlu işçinin əməkhaqlarının bir hissəsi maliyyələşdirildi və təqribən 300 min fərdi sahibkara dəstək verildi. Bu xüsusda əhalinin məşğulluq imkanlarının artırılması prosesində də təxirəsalınmaz    işlər reallaşdırıldı. Belə ki, məşğulluq orqanlarının fəaliyyəti gücləndirildi. Təkcə DOST İş Mərkəzi vasitəsilə 2020-ci ilin aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerlərinin yaradılmasına başlandı. Bunun üçün 30 milyon manat vəsait ayrıldı və 5 min şəxs işə cəlb edildi. Görülən tədbirlər nəticəsində  ümumilikdə ictimai iş yerlərinin sayı 90 minə çatdırıldı, xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edildi.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatına görə, koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə tədbirlərinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 1985,6 milyon manat  vəsait sərf olunub. Həmin vəsaitdən 612,5 milyon manatı koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavənin ödənilməsinə, zəruri tibbi ləvazimatların və avadanlıqların, dərman vasitələrinin alınmasına, çarpayı fondunun artırılmasına, ixtisaslaşmış xəstəxanaların fəaliyyətlərinin təmin edilməsinə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərlə bağlı xərclərin ödənilməsinə yönəldilmişdir. Bununla yanaşı, qlobal pandemiyanın iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1334,1 milyon manat vəsait sərf olunub.

Azərbaycan koronavirus infeksiyasına qarşı peyvəndlərin tədarükünü vaxtında həyata keçirməyə müvəfffəq olmuş nadir ölkələrdən biridir. Sirr deyil ki, bu ümumbəşəri bəlanın qarşısının alınmasında ən effektiv yol kütləvi peyvəndləmədir. Odur ki, bir daha qapanmaları yaşamaq istəmiriksə, mütləq şəkildə peyvəndləmədə fəal iştirak etməliyik. Dövlətimiz bu istiqamətdə bütün zəruri addımları atıb, lazımi şəraitin yaradılmasını təmin edib.

Beləliklə, bütün bu reallıqlar konteksində onu söyləmək olar ki, bu, ilk növbədə, Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, dövlət siyasətinin tərkibində bilavasitə Azərbaycan vətəndaşının dayanması faktorunu bir daha sübut edir. Həmçinin, dövlət başçısının “Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır” fikirləri də həyata keçirilən ardıcıl sosial tədbirlərin bariz təzahürüdür. Bu gün Azərbaycan xalqı bir daha əmin oldu ki, onun qayğısına qalan Azərbaycan dövləti, hətta pandemiya dövrünün ən çətin anlarında belə qətiyyətli siyasət aparan Prezidenti var.

Zümrüd QURBANQIZI,

“Respublika”.