“Kreativ iqtisadiyyat: gələcək naminə innovasiyalar
Digər xəbərlər

“Kreativ iqtisadiyyat: gələcək naminə innovasiyalar" mövzusunda vebinar

Aprelin 26-da Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təşkilatçılığı ilə "Kreativ iqtisadiyyat: gələcək naminə innovasiyalar" mövzusunda vebinar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr edilib. Vebinarı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tədbirin vacibliyini qeyd etməklə yanaşı, bildirib ki, Azərbaycan xalqının qədim irsi, o cümlədən ənənəvi mədəni nümunələri, bilikləri, sənətkarlığı kreativliyindən irəli gəlir. "Ümidvaram ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində, xüsusən işğaldan azad edilmiş ərazilərdə salınan və kreativlikdən bəhs edən "ağıllı şəhər", "ağıllı kənd" cərgəsinə çoxlu mədəni mərkəzlərimiz də daxil olacaq. Bunun üçün obyektiv əsaslar mövcuddur. Azərbaycanın kreativliyinin dəstəklənməsində Birinci vitse-prezident Mehriban Əliyevanın da xidmətləri əvəzsizdir. Onun Azərbaycanın yaradıcı və sənətkar təbəqəsinə, kreativ sinfinə olan qayğısı, mədəniyyətə, milli mədəni dəyərlərimizə olan diqqəti və humanitar sahədə həyata keçirilən təşəbbüsləri kreativ Azərbaycanın reallaşdırılmasında böyük rəğbətlə qarşılanır", - deyə Agentliyin İdarə Heyətinin sədri bildirib.

Professor Kamran İmanov diqqətə çatdırıb ki, kreativ iqtisadiyyatın mahiyyətini olduğu kimi dərk etmək üçün əqli mülkiyyətin (ƏM) və xüsusən onun "Copyright" növünün yaranmasını və müasir kontekstini düzgün təsəvvür etmək çox vacibdir. Çünki kreativ iqtisadiyyat əqli mülkiyyətə əsaslanır. ƏM-in müasir konteksti nəzərəçarpan dərəcədə dəyişib, kökündə yalnız hüquqi məna deyil, üstəlik iqtisadi və sosial məna başa düşülür. ƏM-in müasir kateqoriyasında fiziki və hüquqi şəxslərin əqli fəaliyyət nəticələrinə (ƏFN) verilən yalnız müstəsna hüquqlar yox, bununla yanaşı, bilavasitə ƏFN də nəzərə alınmalıdır.

Həqiqətən, ƏM dedikdə əqli mülkiyyət hüquqlarını (ƏMH) nəzərdə tuturuq. Bu isə həmin hüquqların qorunmasına - qeyri-maddi aktivlərin qorunmasına gətirib çıxarır. Lakin ƏM-in ikili təbiətini nəzərə alaraq, bazara, kommersiya dövriyyəsinə çıxarılan ƏM-in maddi daşıyıcıda əks olunmuş nümunəsidir. Deməli, bazarda tələb və təklif kimi, əsasən hüquqlar yox, hüquqlarla şamil edilən ƏFN bilavasitə iştirak edir. Əqdlərdə isə qorunan hüquqların həcmi və verilmə qaydaları nəzərə alınır. Hüquqların özü də alqı-satqıda iştirak edə bildiyi halda əsas iqtisadi effekt hüquqlardan yox, hüquqların istifadəsi ilə satışdakı mallarla (əmtəələrlə) bağlıdır, bir sözlə, ƏFN-dən irəli gəlir.

Agentliyin İdarə Heyətinin sədri vurğulayıb ki, yeniliklərin iqtisadi amilinin kommersiyalaşması olmadığı halda innovasiyalardan söhbət gedə bilməz. Həmçinin müəlliflik hüququ nəzərə alınmadığı halda sosial effektin və kreativ industriyanın payından imtina etmiş oluruq. Odur ki, müasir ƏM institutunda iqtisadiyyat və sosiologiya fəal rol oynadığı halda hüquq (yurisprudensiya) sistem təşkili əhəmiyyətə malikdir. Dövlətimizin başçısının səyləri ilə aparılan institusional islahat bunları nəzərə alıb.

Professor Kamran İmanov vurğulayıb ki, Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti dövlətimizin başçısının uğurla apardığı islahatlara xidmət etmək, Azərbaycanın yeniləşməsi və Dördüncü Sənaye İnqilabının fəal iştirakçısına çevrilməsindədir. Agentlik əqli mülkiyyətin müasir iqtisadiyyatda rolunun artırılması və müəlliflik hüququna əsaslanan iqtisadiyyatda (kreativ iqtisadiyyatda) investisiya mühitinin yaxşılaşdırılması, əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması və kreativ iqtisadiyyatın ölkənin ÜDM məhsulundakı payının müəyyən edilməsi, həmçinin texnologiyaların transferinin, innovasiyalara dəstək və kommersiyalaşdırılma infrastrukturunun yaradılması ilə bağlı tədbirlər görür. Bununla yanaşı, əqli mülkiyyət hüquqlarına əsaslanan milli iqtisadiyyat sahələrinin iqtisadi göstəricilərinin daimi müşahidəsini aparır, ÜDM-də əqli mülkiyyətə əsaslanan sənayenin payını daha dəqiq dəyərləndirmək üçün müvafiq işlər görür, əqli fəaliyyət nəticələri ilə bağlı beynəlxalq reytinqlərdə ölkəmizin reytinqinin müşahidəsini həyata keçirir, təhlillər aparır və təkliflər hazırlayır.

Agentliyin İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, ümumi mənada kreativ iqtisadiyyat (Creator Economy) - mədəni, dizayn və digər art-məhsulların yaradılmasına cəlb olunan bizneslərdir. Bir sözlə, blogerlərin, illüstratorların, animatorların, altkasterlərin, musiqiçilərin, rəssamların, rəqqasların, komiks yaradanların, yazıçıların və digərlərinin məhsullarıdır.

Kreativ iqtisadiyyatın bu cür sıçrayışlı artımı və inkişafı texnoloji yeniliklərə əsaslanır. "Creator Economy" rəqəmsal iqtisadiyyat (4.0) ilə sıx təmasdadır. Çünki yaradıcılıq kompetensiyaları və kreativlik işçilərin ən vacib xüsusiyyətinə çevrilir.

"Kreativ iqtisadiyyat bu gün müasir rəqəmli iqtisadiyyata müvafiq cavab və davamıdır. Çünki bu iqtisadiyyat nəzərə çarpan səviyyədə məşğulluq və iş yerlərinin strukturuna təsirini göstərir.

Bununla da bu gün bir sıra populyar peşələr əhəmiyyətini itirərək, gündəmdə olan ixtisaslar siyahıdan çıxarılacaq.

Burada kreativ industriyaların ölkənin ÜDM-dəki payı heç də vacib deyil (dünyada bu rəqəm 2-6 faiz aralığında dəyişir), əsas odur ki, dünya iqtisadiyyatında struktur deformasiyası baş verir. Çünki müxtəlif ölkələrdə kreativ iqtisadiyyatın hesablanmasında müəyyən fərqlər mövcuddur. Əsas odur ki, məşhur Con Xopkinsin dediyi kimi, yaradıcı məhsulların tranzaksiyası təmin olunur", - deyə professor Kamran İmanov qeyd edib.

Vurğulanıb ki, kreativ iqtisadiyyatın inkişafı üçün müvafiq şərtlər yerinə yetirilməlidir. Bu şərtləri üç hissəyə bölmək mümkündür: istehlakçılar, əmək resursları və məkan (mikromühit). İstehlakçılardan söhbət getdiyi halda əsas şərt - intellekt və maliyyə təminatıdır, yəni savadlı və təhsilli istehlakçıların olmasıdır. Əmək resursları deyildiyi halda söhbət yüksək peşəkarlıq səviyyəsindən gedir, yəni inkişaf etmiş fərdi yaradıcılıq xüsusiyyətlərindən - yaradıcılıq təfəkkürü, yeni ideyaların generasiyası və s. Nəhayət, məkan, mikromühit deyildiyi halda yüksək səviyyəli iqtisadi və texnoloji, yeni ideyalara və həllərə açıq olan zəngin institusional bazalara malik meydançalar nəzərdə tutulur.

Vebinarın açılış hissəsində çıxış edən Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə yaradıcı sənayelərdə müasir biznes çağırışlarının (maliyyəyə çıxış, vergi, gömrük, əqli mülkiyyət, milli məzmun yaradıcılığında dəstək, bilik-bacarıqların artırılması, innovasiyalar və s.) ətraflı təhlil edilməsi, dövlət-özəl təfəfdaşlığının inkişafı, bilik-bacarıqların artırılması, effektiv sahəvi təşkilatlanma, müvəqqəti vergi güzəştlərinin və sərfəli kredit imkanlarının yaradılması, milli məzmun yaradıcılığı və istehsalın təşviqi, tələbin stimullaşdırılması və s. kimi məsələlərin həll edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Tədbirdə Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ kafedrasının müdiri vəzifəsini icra edən, Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı "Gənclərin əqli mülkiyyət sahəsində ixtisaslaşması və onun iqtisadiyyatın inkişafına təsiri" mövzusunda məruzə edib. O, Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq çərçivəsində Bakı Dövlət Universitetində də əqli mülkiyyət hüquqlarının qorunması və təmin edilməsi, bu sahədə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrlara artan ehtiyacın ödənilməsi məqsədilə davamlı işlərin görüldüyünü bildirib, Hüquq fakültəsində Əqli Mülkiyyət Hüququ kafedrasının yaradıldığını, peşəkar müəllim heyətinin formalaşdırıldığını, tələbələrin əqli mülkiyyət sahəsində nəzəri və təcrübi biliklərinin inkişaf etdirilməsi üçün geniş imkanların yaradıldığını vebinar iştirakçıların diqqətinə çatdırıb.

Əqli Mülkiyyət Agentliyinin Əqli mülkiyyətin təhlili və siyasəti şöbəsinin müdiri Rüstəm Ağayev "Kreativ industriyanın inkişafı" mövzusunda məruzə edərək, kreativ məhsul və xidmətlərin əsasını müəllif hüquqlarını cəmləşdirən mülkiyyət təşkil etdiyini bildirib, 2003-cü ildən başlayaraq Müəllif Hüquqları Agentliyi, daha sonra isə Əqli Mülkiyyət Agentliyi tərəfindən ÜDM-də müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayelərin-kreativ industriyanın payının araşdırıldığını və müvafiq hökumət strukturlarına çatdırıldığını qeyd edib və Azərbaycanda ÜDM-da kreativ sənayenin payının getdikcə artmaqda olduğunu vurğulayıb.

Daha sonra vebinar iştirakçıları müzakirə aparıblar. Müzakirələr zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun İcraçı direktoru vəzifələrini icra edən Yusif Abdullayev və AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru Nazim İmanov da çıxış edərək müzakirə edilən məsələ ilə bağlı fikirlərini bölüşüblər.

AZƏRTAC