Kredit təşkilatlarında depozitlərin  həcmi yüksəlib
İQTİSADİYYAT

Kredit təşkilatlarında depozitlərin  həcmi yüksəlib

2021- ci ilin sentyabrın 1-nə Azərbaycandakı kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 24,792 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 9,1% çoxdur.

Azərbaycan Mərkəzi Bankının  apardığı hesablamalara görə, aylıq müqayisədə depozitlərin həcmi 0,5 % azalıb, ilin əvvəlində isə 4,8 % artıb. Yerləşdirilmiş depozitlərin 51,1 %-i xarici valyutada olub, dollarlaşma son 6 ilin minimumunda qalmağa davam edir.

Problemli kreditlər ötən ayla müqayisədə azalıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 904,2 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 3,6 % azalıb.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 15,1 % azalıb. İlin əvvəli ilə müqayisədə isə 1,2 % artıb. Qeyd edək ki, sentyabrın 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 5,8 % təşkil edib. Bu, ötən ayla müqayisədə 0,3 faiz bəndi azdır.

 

Bank sektorunun aktivləri artıb

Azərbaycanda 31 avqust 2021-ci il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 33 426,7 mln. manat, cəmi öhdəlikləri 28 613 mln. manat, balans kapitalı isə 4 813,7 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının verdiyi xəbərə görə, aylıq müqayisədə cəmi aktivlər 0,7 % azalıb, ilin əvvəli ilə müqayisədə 4,3 %, illik müqayisədə isə 7,6 % artıb. Bank sektorunun cəmi öhdəlikləri son bir ayda 1 % azalıb, ilin əvvəlindən 4,6 %, illik müqayisədə isə 8,6 % artıb.  Cəmi kapital aylıq müqayisədə 1 %, ilin əvvəlindən 2,4  %, illik müqayisədə isə 2,1 % artıb.

 

Əhalinin müddətli əmanətlərində artım davam edib

Fiziki şəxslərin (əhalinin) banklardakı cəmi əmanətləri (depozitləri) 2021-ci ilin avqust ayında 39,3 milyon manat azalıb. Azalma tələbli depozitlərin azalması ilə əlaqədardır, sabit maliyyələşmə mənbəyi olan əhalinin müddətli əmanətlərində artım avqust ayında da davam edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, 2021-ci ilin iyul ayının sonunda fiziki şəxslərin əmanətləri 8 milyard 439,5 milyon manat ikən, avqust ayının sonunda 8 milyard 400,2 milyon manat təşkil edib. Avqustda tələbli depozitlər 117,3 milyon manat azalaraq 3 milyard 232,7 milyon manata düşüb, müddətli depozitlər isə 78 milyon manat artaraq 5 milyard 167,5 milyon manata çatıb. İyulda müddətli əmanətlər 82,3 milyon manat artmışdı. Ötən ilin sonu ilə müqayisədə (8 ayda) əhalinin müddətli əmanətləri 378,3 milyon manat artıb.

 

Nağdsız ödənişlər elektron ticarətin payına düşür

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı avqustda 117 min ədəd artaraq 10 milyon 256 min ədədə çatmışdır.

Azərbaycan Mərkəzi Bankı  xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.1 % artmışdır.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 8 ayı ilə müqayisədə 62.3 % artmışdır. 2021-ci ilin 8 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 6 milyard 94 milyon manat təşkil etmişdir. Nağdsız ödənişlərin 3 milyard 278 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 2 milyard 439 milyon  manatı POS-terminallar, 377 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilmişdir.

                                                   Bəybala BƏYBALAYEV,

“Respublika”.