Kür sahilindəki abad qəsəbədə görüş
Reklam və elanlar

Kür sahilindəki abad qəsəbədə görüş

Hacıqəhrəmanlı qəsəbəsi Şirvan şəhərinin tabeliyində olan abad yaşayış məkanıdır. İllər uzunu energetiklər, neftçilər qəsəbəsi adlanan Hacıqəhrəmanlı sakinləri bu gün həm də aqrar sahədə göstərdikləri fəallıqları ilə fərqlənirlər. Fərdi təsərrüfatlarda qurulan istixanalarda yetişdirilən tərəvəz məhsulları təkcə ətraf rayonlarda deyil, ölkədən kənardakı bazarlarda da satışa çıxarılır.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Hacıqəhrəmanlı qəsəbəsində keçirilən növbəti səyyar görüşdə qəsəbə sakinlərinin fəaliyyətini təqdir etdi. Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov şəhər icra hakimiyyəti başçısının müavinləri iştirak edirdi.

İlqar Abbasov dövlət başçısının qətiyyəti və əzmi ilə "Dəmir yumruq"da birləşən rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı "Zəfər yürüşü"ndən bəhs etdi. Ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində səmərəli işlər görüldüyünü, döyüşlərdə şücaət və qəhrəmanlıq göstərən bütün hərbçilərin dövlət başçısı tərəfindən orden və medallarla təltif edildiyini bildirdi. Şirvan şəhərində də şəhid və qazi ailələrinin daim diqqətdə saxlanıldığını, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü, Şəhidlər xiyabanında genişmiqyaslı abadlıq-bərpa işlərinin aparıldığını qeyd etdi. Şəhər ərazisində su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, asfaltlanması, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini diqqətə çatdırdı.

Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək seçiciləri ilə müntəzəm görüşdüyünü, şəhər sakinlərinin problem və qayğılarına yaxından bələd olduğunu, onların müsbət həlli üçün çalışdığını bildirdi. Milli Məclisdə qəbul edilən qərarların ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət etdiyi vurğulandı.

Sonra qəsəbə sakinlərinin müraciət və problemləri dinlənildi. Görüşdə əsasən işsizlik və mənzil məsələləri ilə bağlı müraciətlər səsləndirildi. Qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə olundu. Bəzi məsələlər yerindəcə həllini tapdı, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verildi.

Tofiq HÜSEYN,

"Respublika".