Kürdəmir narı ixracyönümlü məhsuldur
Region

Kürdəmir narı ixracyönümlü məhsuldur

Kürdəmir torpağında becərilən məhsullar təkcə respublikamızda deyil, bir çox ölkələrdə brend meyvə-tərəvəz kimi alıcı rəğbəti qazanmışdır. Meyvələr içində nar xüsusilə fərqlənir. Sığırlı, Garis Əyribənd, Pirili, Axtaçı, digər kəndlərdə yetişdirilən nar çeşidləri hər il sahibkarlara müəyyən həcmdə qazanc gətirir.

Bağçıların əməyini yüngülləşdirmək, qazancını artırmaq məqsədilə keçən il rayonun Muğanlı kəndində nar emalı zavodu istifadəyə verilmişdir. Təsadüfi deyil ki, narçılıq rayonu olan Göyçayla bərabər, Kürdəmirdə nar bayramı, nar sərgisi təşkil etmək ənənəyə çevrilmişdir. Kürdəmir Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Cəbrayılovdan öyrənirik ki, rayonda yeni nar bağı salınır. "Finco" Məhdud Məsuliyyətli Cəmiyyətin saldığı nar bağında yeni üsulla suvarma sistemləri quraşdırılıb. Şirkət tərəfindən salınan nar bağının ərazisi 200 hektar təşkil edir.

Direktor onu da bildirir ki, dövlətin bu sahəyə olan dəstəyi əhalinin narçılığa marağını daha da artırıb. Yeni bağlardan əldə olunan brend meyvə yaxın gələcəkdə ixracyönümlü məhsul kimi dünya bazarına çıxarılacaq.

Tofiq HÜSEYN,

"Respublika".