Kürdəmirdə nar yarmarkası
Region

 Kürdəmirdə nar yarmarkası

 Kürdəmir rayonu günəş hərarətinin bol olduğu yer - yəni yay aylarının isti keçdiyi məkan olsa da təbiət bu yerlərin torpağına saysız-hesabsız gözəl nemətlər bəxş edib. Qəzetimizin ötən saylarında dünyada analoqu olmayan ŞAHBƏYİ üzüm sortunun bu torpaqda yetişdiyi barədə yazı dərc etmişdik. Lakin ŞAHBƏYİ üzüm sortu tək deyil. Kürdəmirin yemişi brend məhsul hesab olunur. Kürdəmir narı haqqında isə ayrıca danışmaq lazım gəlir. Azərbaycanda ilk dəfə olaraq Kürdəmir rayonunda Nar Sərgi-Satış Yarmarkası keçirilməsi təsadüfi deyil. Yarmarkanın təşkilində əsas məqsəd vətəndaşların alternativ seçim imkanlarını artırmaq, nar istehsalçıları ilə alıcılar arasında birbaşa münasibətlərin qurulmasına, bu əvəzsiz dada malik məhsulun əkin sahələrinin artırılmasına köməklik etməkdir. 

Tədbirdə Ucar, Kürdəmir, Göyçay, Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonlarından olan 70-ə yaxın fermer, istehsal vasitələri təchizatçıları və sahibkarlar iştirak edirdi. Yarmarkada fermerlər və istehsal vasitələrinin təchizatçıları öz məhsullarını nümayiş etdirərək sərfəli qiymətə satmaq imkanı əldə etdilər.    

Nar Sərgi-Satış Yarmarkası çərçivəsində nar müsabiqəsi də keçirildi. Belə ki, nümayiş olunan nar meyvələrinin xarici görünüşünə əsasən ən yüksəkkeyfiyyətli məhsul istehsal edən 3 qalib seçildi. Sabirabad rayonunda fəaliyyət göstərən fermer Rafael Musazadə 1-ci yer, Saatlı rayonundan Vuqar Xəlilov 2-ci yer, sabirabadlı fermer Polad Qasımov 3-cü yerə layiq görüldülər. Qalib nar istehsalçılarına peşəkar budama alətləri hədiyyə edildi. Sərgi-satış yarmarkasına gələn fermerlər burada narçılıq bölməsi üçün mühüm əhəmiyyət kəsb edən gübrə, dərman və su sistemləri ilə tanış olmaq imkanından yararlandılar.

Yarmarka çərçivəsində narçılığın inkişafı, narçılıq sahəsində dəyər zəncirinin qurulması ilə bağlı fermerlərə seminar keçirildi. Narçılığın inkişafı, nar istehsalı və emalı sahəsində innovativ texnologiyaların genişləndirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparıldı, fermerlərin təklifləri qeydiyyata alındı.

   Tofiq HÜSEYN,

    “Respublika”.