Küveyt mətbuatı Azərbaycanın səfirinin Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə bağlı müsahibəsini yayıb
Digər xəbərlər

Küveyt mətbuatı Azərbaycanın səfirinin Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə bağlı müsahibəsini yayıb

Küveytdə ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar müxtəlif sərlövhələrlə məqalə, müsahibə və məlumatlar dərc edilib.

AZƏRTAC xəbər verir ki, Küveytin "Dasmannews", "Bobiannews" və "Q8-press.com" elektron xəbərlər portallarında, həmçinin "Əl-Qabas", "Əl-Nahar", "Əl-Vasat", "Əl-Ənbə", Əl-Ray, "Əl-Cəridə" qəzetlərində dərc olunan "Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü", "Azərbaycan səfiri: Mərhum Əliyevin uzaqgörən siyasəti indiki prezidentin müdrik rəhbərliyi altında uğurla davam edir", "Azərbaycan səfirliyi Heydər Əliyevin xatirəsini yad edir: Ümummilli Lider və dövlətin qurucusu", "Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfiri Elxan Qəhrəmanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı müsahibəsi" sərlövhəli məqalə və müsahibələrdə, müasir müstəqil dövlətimizin qurucusu, xalqımızın müdrik rəhbəri, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xalqımızın qarşısındakı xidmətləri qeyd olunub.

Yazılarda Ulu Öndərin çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli ömür yolu keçdiyi, həyatın bütün çətinliklərindən qalib çıxdığı, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə yüksəldiyi vurğulanıb. Müsahibələrdə azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyevin öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olduğu, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladığı və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildiyi diqqətə çatdırılıb.

Küveytli oxuculara məlumat verilib ki, Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olarkən ölkənin beynəlxalq əlaqələrinin inkişafında fəal iştirak edib, Afrika və Asiyanın müxtəlif İslam ölkələrinə dəfələrlə səfərlərdə olub. Ümummilli Lider SSRİ-nin Yaxın və Orta Şərq ölkələrinin rəhbərləri ilə apardığı danışıqlarda və siyasi məsləhətləşmələrdə yaxından iştirak edib, çox vaxt bu ölkələrə səfər edən nümayəndə heyətlərinin rəhbəri olub. O, 1982-1987-ci illərdə Misir, Suriya, İordaniya, Liviya, İraq, Yəmən, Pakistan və başqa müsəlman ölkələrinə səfərlərindən sonra bütün İslam aləmində aparıcı siyasətçilərdən biri kimi tanınıb.

Materiallarda, həmçinin ölkəmizin 1991-ci ildə müstəqillik qazanmasından sonra dünyada İslam həmrəyliyinin gücləndirilməsinin Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biri olduğu vurğulanıb. Təsadüfi deyil ki, ölkəmizin daxil olduğu ilk beynəlxalq təşkilat məhz İslam Əməkdaşlığı Təşkilatıdır. Ümummilli lider Heydər Əliyev İslam həmrəyliyi ideyasının beynəlxalq aləmdə genişləndirilməsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəaliyyətini həmişə yüksək qiymətləndirib, 1994-cü il dekabrın 13-də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Mərakeşin Kasablanka şəhərində keçirilən zirvə toplantısındakı çıxışında bunu ifadə edib.

Səfir Küveyt ilə Azərbaycan arasında əlaqələrin də məhz Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə qurulduğunu, onun İƏT-in Mərakeş Zirvə görüşündə Küveyt Əmiri Cabir Əhməd Sabahla görüşü zamanı Küveyt Əmirinin hər hansı bir müstəqil dövlətin əleyhinə təcavüzün yolverilməz olduğunu bildirdiyini qeyd edib. Diplomat Azərbaycanla Küveyt arasında İƏT-lə yanaşı, BMT, Qoşulmama Hərəkatı kimi təşkilatlar çərçivəsində də yüksək səviyyəli qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin formalaşdığını söyləyib.

Sonda vurğulanıb ki, Ümummilli Liderin uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının 2009-cu il fevralın 10-da Küveytə rəsmi səfəri ölkələrarası münasibətlərdə əlamətdar hadisələrdən biri kimi yadda qalıb. Onun Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla görüşü iki ölkə arasında münasibətlərin inkişafına təkan verib. Səfər zamanı Küveyt Əmirinin Prezident İlham Əliyevə ölkəsinin ən ali mükafatı olan "Mübarək əl-Kəbir" ordenini, dövlətimizin başçısının isə Əmirə Azərbaycanın ali mükafatı olan "Heydər Əliyev" ordenini təqdim etdiyi də oxucuların diqqətinə çatdırılıb.

AZƏRTAC