LAÇIN: Dağlar diyarında quruculuq işləri geniş vüsət alıb
Region

LAÇIN: Dağlar diyarında quruculuq işləri geniş vüsət alıb

Cəmi bir neçə il bundan əvvəl, münaqişənin həll edilməsi ilə bağlı aparılan danışıqlarda Ermənistan tərəfi iddia edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Ermənipərəst bəzi Qərb dövlətləri, ən çox da Fransa bu ədalətsiz mövqeyi dəstəkləyir, ermənilərə şirin vədlər verirdi. Məhz bunun nəticəsində də ermənilər Laçın rayonunda çox ciddi məskunlaşma apardılar. Saxta və cəfəng xəyallarla yaşayan ermənilərdə belə bir fikir olub ki, Laçın rayonu Ermənistana qalmalıdır. Yaxşı bir məsəl var, ac toyuq yuxusunda darı görər. Tarix və zaman göstərdi ki, ermənilər həmişə xam xəyalların əsiri olublar, "dənizdən-dənizə" xülyasına qapılıblar, Azərbaycan torpaqları hesabına "dövlət" qurmaq xəstəliyinə düçar olublar. Bütün bu xəstə və əsası olmayan xəyallara və erməni mifinə qüdrətli Azərbaycan ordusu birdəfəlik son qoydu.

44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçılardan azad edən rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabr ayının əvvəlində Laçın rayonunun bir çox yaşayış məntəqələrini azad edərək Ermənistanla Xankəndini birləşdirən Laçın dəhlizinə nəzarəti ələ keçirdi. 2020-ci il noyabr ayının 10-da Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən 2020-ci il dekabrın birində Laçın rayonu 28 ildən sonra bir güllə atılmadan diplomatik yolla işğaldan azad edildi. Bundan əvvəl, noyabrın 9-da isə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götürüldü. 2022-ci il avqustun 26-da isə Laçın şəhərində, Zabux və Sus kəndlərində Livandan, Suriyadan gəlib burada qeyri-qanuni məskunlaşan ermənilər bu ərazilərdən köçürüldülər.

Otuz ilə yaxın boş və mənasız danışıqlarla baş qatan, erməni işğalını dondurmağa çalışan, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşmasına göz yuman həmsədr dövlətlərin ikili siyasətinə son qoyan Azərbaycan beynəlxalq qanunları və tarixi ədaləti özü öz gücünə bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən Laçın, Kəlbəcər və Ağdam rayonları işğalçılardan təmizləndi. Lakin ermənilər hər üç rayonun ərazisini başdan-başa minalarla çirkləndirərək azərbaycanlıların doğma yurd yerlərinə qayıdışına əngəl olmağa cəhd etdilər. Paxıl və xəbis, faşist təfəkkürlü ermənilərin bəd əməlləri qəhrəman minaaxtaranlarımız tərəfindən qətiyyətlə aradan qaldırılır, on minlərlə ölüm tələsi zərərsizləşdirilir. Ardınca isə azad olunmuş torpaqlarımızda, o cümlədən Laçın rayonunda geniş tikinti-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri icra olunur.

Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlığı sayəsində işğaldan azad edilən dağlar diyarı, gözəlliklər məskəni, igidlər yurdu Laçın torpağına yeni bir həyat qayıdır. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın həm ərazi baxımından, həm də təbii ehtiyatları və aqrar potensialı ilə ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutacaq. Məhz buna görə də, Laçın rayonunun işğaldan azad edilməsindən az sonra qalib Ali Baş Komandan İlham Əliyev rayona səfər edərək burada xüsusi proqram əsasında aparılacaq infrastruktur layihələrin təməlini qoyub. İlk dəfə, ötən il fevralın 14-də dövlətimizin başçısı Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı və buradakı su elektrik stansiyasının açılışını etdi. 2021-ci il avqustun 16-da Azərbaycan Prezidenti İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində rayonda aparılacaq genişmiqyaslı tikinti-quruculuq işləri haqqında ətraflı məlumat verdi.

Hazırda rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7 min nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində alt keçidlər və körpü inşa olunur. Yol üzərində 3 tunelin tikintisi aparılır və tunellərin ümumi uzunluğu 9450 metr olacaqdır. Bundan başqa, İstisu-Minkənd yolu da inşa olunur. Qeyd edək ki, keçmişdə bu ərazidə yol olmayıb, indi yenidən çəkilir və uzunluğu isə 51 kilometrdir. Yeni yol Kəlbəcərin İstisu qəsəbəsini Laçının Minkənd kəndi ilə birləşdirəcək. Həm də, bu, Kəlbəcər və Laçın rayonları arasında ikinci bağlantı olacaq. Hazırda yol boyunca işlər sürətlə aparılır və torpaq işləri başa çatdırılıb.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci avqust ayının 16-da Laçına səfərləri zamanı Qorçu kəndində təməlini qoyduqları Laçın Beynəlxalq Hava Limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Yeni texnologiyalar əsasında inşa edilən hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Hava limanında 3 kilometrlik uçuş-enmə zolağının, 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanının xüsusi əhəmiyyəti ondadır ki, ətraf ərazilərə hava nəqliyyatı ilə gediş-gəliş daha da asanlaşacaq.

Üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan Laçın şəhərinə daxil olmadan ermənilərin gediş-gəlişini təmin etmək üçün yeni yol istifadəyə verdi. Qeyd edək ki, çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib.

Avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kubmetr həcmində qazma-tökmə, 1.3 milyon kubmetr həcmində qayapartlatma işləri yerinə yetirilib. Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 kilometr təşkil edir (bundan 10 kilometr Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun tikilib.

Çox təəssüf ki, ermənilər onlara yaradılan bu şəraiti düzgün qiymətləndirə bilmirlər, yayılan məlumatlara görə həmin yol vasitəsilə yenə də Xankəndiyə silah-sursat daşınır. Qarabağdakı faydalı qazıntı yataqlarını qeyri-qanuni istismar edərək İrəvana aparır, bir sözlə, təxribatçı hərəkətlərindən əl çəkmirlər. Bütün bu cinayətkar hərəkətlər Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında, onların gözləri qarşısında baş verir. Sözün həqiqi mənasında, erməniyə yaxşılıq düşmür. Həyat bunu dəfələrlə sübut edib.

Salman ALIOĞLU,

"Respublika".