Laçın – möcüzələrin reallığa çevrildiyi məkan
Siyasət

Laçın – möcüzələrin reallığa çevrildiyi məkan

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra qarşıda duran ən vacib məsələlərdən biri ərazilərin yenidən qurulması idi. Ermənilər tərəfindən tamamilə dağılmış bu yaşayış məskənlərinin yenidən tikilib bərpa olunması üçün dövlətimiz bütün gücünü səfərbər edib. Qədim yurd yerlərimiz öz sahiblərini yenidən qarşılamaq, əbədi olaraq qoynuna almaq üçün tikilir. Qarabağ büsbütün yenilənir. Köhnə ünvanlara yeni nəfəs, yeni görkəm verilir. İşğaldan azad olunmuş ərazilər tamamilə fərqli, modern və müasir üslubda qurulur. Cənnət diyarımız əzəli, əbədi görkəminə qaytarılır. İndi ölkəmizdə nə məcburi köçkün, nə də qaçqın statuslu bir insan yoxdur. Hamı, hər yer öz adı, öz ünvanı ilə çağırılır. Düşmənin dağıdıb, ruhlar şəhərinə çevirdiyi Ağdam, Qarabağın baş tacı, alınmaz qalası Şuşa, qartallar diyarı Kəlbəcər, Laçın və digər şəhər və kəndlərimiz öz sakinlərini mərhələli şəkildə qarşılayır. Köç karvanları üzü yurda, ocağa sarı gedir. Hər gün bir ünvanda, kənddə, şəhərdə, eldə, evdə işıqlar yanır, ocaqlar alışır. Bütün bunları ölkəmiz öz iqtisadi gücü, potensialı hesabına edir.

Böyük Qayıdışın ilk qaranquşu, müjdəsi Zəngilan rayonunun Ağalı kəndi oldu. Yurda qayıdışın ilk sevincini ağalılılar yaşadı. Ötən ilin yayında bir neçə mərhələdə həyata keçirilən köç proqramı çərçivəsində sakinlər kənddə bütün infrastruktur və iaşə obyektləri ilə təmin olunaraq yeni həyata başladılar. Ağalıdan güc alan Tərtərin Talış kəndi də bu sevincə qoşuldu. Kənd sakinləri Novruz bayramını öz evlərində, yurdlarında keçirdilər. Prezident İlham Əliyev sakinləri əzəli, əbədi məskənlərində salamlayaraq yeni ünvanların müjdəsini verdi. Ölkə başçısı yaxın günlərdə Laçın şəhərinə sakinlərin köçürüləcəyini bildirdi.

Bəli, bir neçə gün öncə, mayın 28-də laçınlılar böyük sevinc hissi ilə 31 ildən sonra öz torpaqlarına qovuşdular. Elə həmin günü Azərbaycan Prezidenti Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərinin açarlarını onlara təqdim etdi. Məhz Azərbaycanın Müstəqillik Günündə bu addımın atılması heç də təsadüfi deyildi. Çünki laçınlılar uzun ayrılıqdan sonra azad, müstəqil Laçına qayıtmışdılar. Ölkə başçısı da laçınlılarla görüşü zamanı nitqində bu məsələyə toxunaraq demişdir: "Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır".

Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, hələ 2011-ci il dekabrın 24-də Prezident İlham Əliyev 50 illik yubileyi günündə Ağcabədi rayonu ərazisində olan Taxtakörpü qəsəbəsində Laçın sakinləri ilə görüşü zamanı demişdir: "Gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik" . Bu o zaman idi ki, laçınlılar Taxtakörpüdə onlar üçün salınmış 550 evdən ibarət qəsəbədə yaşayırdılar. Bəlkə də bu sözlər o zaman bəziləri üçün əlçatmaz görünürdü. Lakin Azərbaycan dövlətinin yürütdüyü düzgün siyasət məhz elə buna hesablanmışdır. Bəli, bu, həmin gündür, möcüzələrin baş verdiyi gün. Laçınlılar öz doğma Laçınlarına qayıdır.

Prezident İlham Əliyevin də dediyi kimi, ötən 7-8 ay ərzində ümumilikdə 700 bina inşa edilib. Bu binaların 620-si fərdi yaşayış binası, 9-u çoxmənzilli binadır. Yaşayış binaları ilə yanaşı, digər infrastruktur binaları da istifadəyə verilib. Laçında Aqro və Sənaye Parkının yaradılması nəticəsində, 1100-dən çox iş yeri açılacaq. Xəstəxana binası hazır vəziyyətə gətirilib. Məktəb isə yeni tədris ilində öz qapılarını doğma şagirdlərinin üzünə açacaq. Uzun illərin həsrətindən sonra Laçında ilk məktəb zəngi çalınacaq. Bunlar hələ ki, görülən işlərin bir qismidir. Laçın yaxın gələcəkdə dünyanın ən gözəl şəhərləri sırasında yer alacaq. Bölgədə turizmin inkişafı onun dünyaya açılan pəncərəsi olacaq. Laçının özünəməxsus füsunkar təbiəti və rəngarəng landşaftı şəhərin turizm məkanı kimi inkişaf etdirilməsinə və cəlbedici regional mərkəzə çevrilməsinə şərait yaradacaq. Bütün bunlarla yanaşı, yaxın gələcəkdə şəhərdə xəstəxana, İşğal və Zəfər muzeyləri, Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, mədəniyyət və turizm obyektlərinin də yaradılması nəzərdə tutulur. Laçın Beynəlxalq Hava Limanı isə turizmin inkişafı istiqamətində hava qapısı rolunu oynayacaq.

Artıq bütün Qarabağ ərazilərinə köç həyata keçirilir. Kəndlər, şəhərlər tikilib, qurulduqca öz sakinlərini qoynuna almağa hazırlaşır. Bu yerlərə yenidən daha parlaq, daha rahat və qorxusuz həyat gəlir. Qarabağlılar heç bir təhlükə hiss etmədən öz torpaqlarında rahat şəkildə yaşayacaqlar. Artıq 23 aprel tarixindən Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qurulub.

 Laçına qayıdış uğurla davam edir. Ölkə başçısı Laçında olarkən rayonun Şəlvə kəndinin də təməlqoyma mərasimində iştirak etmişdir . Sentyabr ayına kimi isə Zabux kəndinin inşası tamamlanacaq. Quruculuq işləri başa çatandan sonra Zabux və Sus kəndlərinə əhalinin köçürülməsi həyata keçiriləcək. Laçın şəhərinin Baş Planı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında beynəlxalq məsləhətçi şəhərsalma qrupu - İsveçrənin "SA Partners" şirkətinin iştirakı ilə hazırlanıb.

Ramidə YAQUBQIZI,

"Respublika".