Laçın sakinləri öz evlərinə qayıdacaqlar
Region

Laçın sakinləri öz evlərinə qayıdacaqlar

Laçınlıların sevinci göylərə baş çəkən dağların zirvəsinə, yamaclardan boylanan çiçəklərin ləçəklərinə, doğma torpağın hənirinə, çayların zümzüməsinə, yurd yerlərinin nuruna bələnib. Bir güllə atılmadan işğaldan azad edilən dağlar diyarı, gözəlliklər məskəni Laçına yeni bir həyat qayıdır. Yurd sevinir, ocaq sevinir, əzəli və əbədi sakinlərinin ayaq səslərinə sevinən Laçın indi qürurun və məğrurluğun ahəngi ilə nəfəs alır.

Bu diyar zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malikdir, tarixi lap qədimlərə söykənir, tarixi şəxsiyyətlər yetişdirib, igidlərin məskənidir. Laçının şərqində Qarabağ silsiləsinin cənub-qərb yamacları, şimalında Mıxtökən silsiləsi uzanır və cənub-qərb hissəsini isə Qarabağ yaylası tutur. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 kilometr) yaradıb. Həkəri də dağların ətəyindən, gen dərələrdən keçərək Araz çayına qovuşur. Təbii ehtiyatlarını sanamaqla qurtarmır. Uşaqlığı, gəncliyi bu yerlərdə keçən, otuz ilə yaxın köçkünlük həyatı yaşayan, ən ağır məqamlarda belə inamını itirməyən, Laçına qayıdacaqlarına ürəkdən inanan insanlar bu tarixi anın şahidi oldular və Vətəni bütöv gördüklərinə böyük şükranlıq edirlər. Dünyada bundan böyük xoşbəxtlik yoxdur...

Ağcabədi rayonu Taxtakörpü ərazisində məskunlaşan laçınlılar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2022-ci il avqustun 26-da "biz - Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü" sözləri Ağcabədi rayonu Taxtakörpü ərazisində məskunlaşan laçınlıların həyatına, onların gələcək taleyinə ən böyük xoşbəxtliyi və sonsuz sevinc hisslərini gətirib. Tarixi xəbərdən az keçməmiş Taxtakörpü qəsəbəsində müvəqqəti məskunlaşmış laçınlılar dəstə-dəstə ərazidəki Heydər parkına axışdılar. Sakinlər Laçın şəhərinin, eləcə də Zabux və Sus kəndlərinin ordumuzun tam nəzarətinə keçməsini böyük coşqu ilə qarşıladılar.

Ötən əsrin 70-80-ci illərində xüsusi olaraq Laçın şəhərinin inkişafının sürətləndirilməsi üçün respublika rəhbərliyi səviyyəsində çoxsaylı göstərişlər verilib, sənədlər imzalanıb. Məhz həmin dövrdə Laçının sosial-iqtisadi inkişafı sürətlənib, şəhərə və yüzdən artıq kəndə avtomobil yolu, su kəməri, elektrik xətti çəkilib. Ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövründə Şuşa ilə Laçını birləşdirən yollar əsaslı təmir edilib. Bir sıra mədəniyyət və sosial müəssisələr fəaliyyətə başlayıb. 1971-ci il 16 noyabr tarixində Azərbaycan KP MK və Nazirlər Soveti "Dağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında" qərar qəbul edib. 1974-cü il avqustun 6-da isə Azərbaycan KP MK Bürosu "Laçın şəhərinin 50 illiyi haqqında" qərarı yüksək səviyyədə həyata keçirilib. Məhz həmin tədbirlərin həyata keçirilməsi nəticəsində Laçın rayonu inkişaf yoluna qədəm qoymuşdur.

1992-ci ilin mayında Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilən Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonu mənfur düşmən tərəfindən talan edildi. 2020-ci ilin payızında Ermənistanın hərbi təxribatlarına cavab olaraq ölkə başçısı cənab İlham Əliyevin müdrik və qətiyyətli mövqeyi, ordumuzun şücaəti sayəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Laçınlılar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Laçın şəhərində, eləcə də digər yaşayış məntəqələrində tikinti-quructuluq işlərində yaxından iştirak edəcəklərini, bununla da Laçın rayonunun Azərbaycanın ən gözəl və ən abad rayonlarından birinə çevriləcəyini bildirdilər. Laçınlı şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, ağsaqqallar və gənclər bu tarixi hadisə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, yenilməz sərkərdə İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Laçın Azərbaycanın ən böyük strateji əhəmiyyətə malik rayonudur. Ali Baş Komandanın həm müharibə meydanında, həm də diplomatik müstəvidə göstərdiyi qətiyyət və qazanılmış uğurlar həmin ərazilərin Ermənistan tərəfindən qeyd-şərtsiz işğaldan azad edilməsini təmin etdi. Prezident İlham Əliyevin rəsmi tvitter səhifəsində etdiyi paylaşım hər bir laçınlıya böyük sevinc, qürur yaşadır. İşğaldan azad olunan Laçında bərpa və yenidənqurma işləri sürətlə aparılır, mühüm infrastruktur layihələr həyata keçirilir. Laçınlılar deyirlər ki, 44 gün davam edən Vətən müharibəsində qazanılan parlaq qələbə sınan qürurumuzu, itirilən torpaqlarımızı, inamımızı və arzularımızı qaytarıb. Doğma yurd yerlərinə qayıtmağa hazırlaşırıq. İnanırıq ki, Laçın insan əllərinin qüdrəti ilə öz nadir gözəlliyinə yenidən qovuşacaq.

Salman ALIOĞLU,

"Respublika".