Laçın şəhərinin su sistemləri yenidən qurulur
Region

Laçın şəhərinin su sistemləri yenidən qurulur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işlər davam etdirilir.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Laçın şəhərinin içməli və tullantı su sistemləri yenidən qurulur. Qeyd edək ki, işğal dövründə Laçın şəhərində su təchizatı infrastrukturu dağıdılaraq istismara yararsız vəziyyətə salınıb. Laçın şəhərində icra olunan yeni layihə hazırda bərpa edilən və tikilən yaşayış evlərinin, obyektlərin yeni yaradılan içməli su təchizatı və tullantı su sistemlərinə qoşulmasını təmin etməklə, ümumilikdə 18 min nəfərin bu xidmətlərdən istifadəsinə hesablanıb.

Layihəyə əsasən, Laçın şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Sus kəndi yaxınlığındakı mövcud 6 subartezian quyusu bərpa edilir. Eyni zamanda quyu zonasında sutoplayıcı anbar və nasos stansiyası, zərərsizləşdirici qurğu, transformator məntəqəsi və digər yardımçı binalar inşa olunur.

Su mənbəyindən Laçın şəhərinədək polad borularla 10 kilometr uzunluğunda magistral su kəmərinin inşası nəzərdə tutulub. İndiyədək magistral su kəmərinin tikintisi üzrə işlərin 70 faizi başa çatdırılıb.

Hazırda Laçın şəhərində "Azərsu" ASC tərəfindən fasiləsiz xidmət təşkil olunub. Bununla yanaşı, Şuşa şəhərində, Zəngilan və Kəlbəcər rayonlarında, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət göstərilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın rəhbəri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevdir.

"Respublika".