LAÇIN YENİDƏN ÖLKƏMİZİN GÖZƏL MƏKANLARINDAN BİRİNƏ ÇEVRİLƏCƏK
Tarix

LAÇIN YENİDƏN ÖLKƏMİZİN GÖZƏL MƏKANLARINDAN BİRİNƏ ÇEVRİLƏCƏK

Laçının tarixən ərazi vahidi Abdallar adlanıb. 1930-cu ildən isə Laçın rayonu Azərbaycanın müstəqil inzibati ərazi vahidlərindən biri kimi yaradılaraq, inzibati mərkəzi Laçın şəhəri olmuşdur. Laçın rayonu 1992-ci il may ayının 18-nə kimi, yəni Ermənistan tərəfindən işğal olunana qədər rayonun ümumi sahəsi 1840 kvadratkilometr olub, Laçın şəhəri, Qayğı qəsəbəsi və 125 yaşayış məntəqəsindən ibarət olmuşdur.

Azərbaycanın cənub-qərbində Kiçik Qafqazın dağlıq ərazisində, Qarabağ silsiləsində yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı rayonu, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir. Rayonun relyefi dağlar və yaylalardan ibarətdir. Rayon mərkəzinin Bakı şəhərinə şose yolla məsafə 450 km, Xankəndi dəmir yolu stansiyasına isə məsafə 60 km-dir. Rayonun ərazisinin səthi əsasən dağlıq olub, ən hündür nöqtəsi Qızılboğaz dağı olub, dəniz səviyyəsindən 3616 metr hündürlükdədir. Digər zirvələri Böyük İşıqlı - 3550 metr, Mıxtökən - 3411 metr, Gəlinqaya - 3335 metr, Qızıltəpə - 3181 metr, Alagöllər - 3171 metrdir.

Rayonun şərq hissəsini Qarabağ silsiləsinin qərb yamacında şimalı Mıxtökən silsiləsinin cənub yamaclarında Dəlidağ dağı (3616 metr yüksəklikdə), qərbi Qarabağ vulkanik yaylasında yerləşən Qızılboğaz dağı (3594 metr yüksəklikdə), Böyük İşıqlı dağı (3550 metr yüksəklikdə) əhatə edir. Bu yüksəkliklərdən hətta adi gözlə Qarabağın bütün ərazilərini seyr etmək mümkündür. Onu da nəzərə alsaq ki, bu yüksəkliklərin birindən digərinə asan keçilən dağ keçidləri - cığırlar, yollar var, o zaman bu ərazilərdə hərbi manevrlərin və ya hərbi yerdəyişmələrin asan həyata keçirilə biləcəyi mümkündür və uğurlu döyüş əməliyyatlarına zəmanət vermək olar. Göründüyü kimi, bu yüksəkliklər Laçını Qarabağa çox möhkəm bağlarla bağlamışdır.

Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.

Laçın rayonu meşələrində bir çox dərman əhəmiyyətli kollar - zirinc, sumaq, sarağan, murdarça və s. bitir. Digər yamaclıq ərazilərdə yemişan, əzgil, dovşanalması, doqquzdon, topulqa, qaratikan, qırmızı ardıc, cırtdan ardıc bitir. Heyvanat aləminə qayakeçisi, çölsiçanı, cüyür, çöldonuzu, sincab, süleysin və s. aiddirlər. Rayon ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir.

1992-ci il 8 maydan Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan Laçın rayonu dekabrın 1-də, 28 ildən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı titanik siyasət nəticəsində bir güllə də belə atılmadan Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli 10 noyabr 2020-ci il Bəyanata əsasən Azərbaycana qaytarıldı.

Rayon ərazisində ümumi sahəsi 1092 ha olan üçüncü dövrün relikt növlərinə aid "Ardıc meşəsi" dövlət təbiət abidələri kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına daxil edilib. Əsas çayları Həkəri (113 kilometr), Piçənis (83 kilometr), Şəlvə (83 kilometr), Hocazsu (63 kilometr), Zabux (53 kilometr) çaylarıdır.

Həkəriçay (113 kilometr) 950 metr yüksəklikdə Şəlvə (83 kilometr) və Hocazsu (63 kilometr) çaylarının qovuşmasından yaranıb, Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən axaraq Araz çayına tökülür. Çayın 15 qolu vardır. Kiçik Qafqazın Azərbaycan daxilində Bazarçayla birlikdə Tərtərçaydan sonra ikinci ən böyük çayı olub, qar, yağış və yeraltı sulardan qidalanır. Çayın sutoplayıcı sahəsi 1180 kvadratkilometr, uzunluğu 113 kilometr, çoxillik orta su sərfi 10,8 kubmetr/san, illik axımın həcmi 341 mln. kubmetrdir. Şəlvəçayın mənbəyi Mıxtökən silsiləsində 2580 metr yüksəklikdə yerləşir.

Ağsuçay Laçın rayonu ərazisinə daxil olur və Həkəriçaya tökülür. Axımı əsasən qar və yeraltı sulardan qidalanır. Çayın sutoplayıcı sahəsi 88 kvadratkilometr, uzunluğu 25 kilometrdir.

Piçəniş çayı və onun qolu olan Nağdalıçay, həmçinin Şəlvəçayın yuxarı axını yamaclarında, dəniz səviyyəsindən 1600-2000 metr yüksəklikdə diametri 120-150 santimetrə çatan, yaşı 100-150 il olan möhtəşəm palıd ağacları olmuşdur. Bu palıd meşələrinin içində çoxlu miqdarda vələs və cökə ağacları bitmişdir. Minkənd çayının sol sahilində kəndə gedən yolun üstündə respublikamızın meşə zolağında yeganə olan 40-a, yolun aşağı hissəsində isə 100-ə yaxın innab kolları vardır.

Laçın yolu Gorus-Şuşa-Kəlbəcər-Qubadlı arasında yerləşən strateji baxımdan çox əhəmiyyətli coğrafi ərazidir. 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağda yaradılan qondarma "Dağlıq Qarabağ respublikası" ilə Ermənistan Respublikası arasında açılan yol olmuşdur.

Laçın yolu Qarabağla Zəngəzur arasında möhtəşəm bir körpü rolunu oynayır. Bu yol kimin əlindədirsə, Qarabağ və Zəngəzur ərazilərinə də diktə edən tərəf o olur. Faktiki olaraq, Laçın ərazisi olmadan Ermənistanın Qarabağ ərazisini işğal altında saxlaya bilməsi hərbi cəhətdən sadəcə mümkün deyildir. Məhz bu səbəbdən Ermənistan Laçın yolunu özü üçün vazkeçilməz hesab edir.

Ərazi etibarilə təbii resurslarla zənginliyi Laçın yolunun əhəmiyyətini daha da artırır. Zəngəzur silsiləsinin bütün zirvə hissəsinin öz başlanğıclarını Laçın yolundan götürdüyünü desək, heç də yanılmarıq. Bu dağ silsiləsi qalın otlaqlı yaylaqlardan, böyük çınqıllıqlardan, yeraltı və yerüstü mədənlərdən, mineral yataqlarından, eləcə də silsilənin ətəkləri isə nadir növlü ağaclara malik enliyarpaqlı meşələrdən və kolluqlardan ibarətdir. Zəngəzur dağ silsiləsinin şimal-şərq və cənub-şərq istiqamətlərində dağlar arasında xeyli sayda böyük şirin su ehtiyatına malik göllər vardır. Təsadüfi deyildir ki, Həkəri, Bərgüşad, Tərtər və Bazarçay çayları öz mənbələrini buradan götürürlər. Bir çox nağıl və əfsanələrin epizoduna çevrilən Arpaçay çayı isə öz mənbəyini dəniz səviyyəsindən 3000-4000 metr yüksəklikdən çox guman ki, Alagöllərin qrunt sularından alır.

Laçın yolunu Ermənistan üçün önəmli edən daha bir fakt İrəvan-Xankəndi şose yoludur. İrəvan-Gorus-Laçın-Xankəndi şose yolu Ermənistanı Qarabağa birləşdirən yeganə ən qısa yoldur ki, ilin bütün fəsillərində fasiləsiz olaraq fəaliyyət göstərə bilir. Bu yol 30 illik işğal dövründə Ermənistanla Qarabağ arasında "qida borusu" rolunu oynamışdır. Həm müharibə dövrü, həm də indi Ermənistan Qarabağın bütün hərbi təchizatını bu yol vasitəsilə həyata keçirir. Məhz bu baxımdan Laçın ərazisinin Azərbaycana qaytarılması Ermənistanın Qarabağ üzərindəki nəzarətini heçə endirdi. Azərbaycan üçün Laçın yolu həm də tarixi əhəmiyyətli, strateji bir ərazidir.

Laçın yolu ərazisi eyni zamanda Azərbaycana İşıqlı dağı silsiləsi vasitəsilə Zəngəzur qəzasının böyük bir hissəsinə nəzarət etmək şəraiti yaradır. Belə ki, Laçın-Gorus-Sisiyan-Şahbuz şose yolu ilə Laçını Naxçıvan MR sərhədlərindən cəmi 100 kilometrdən bir az çox məsafə ayırır. Şahbuzun Ərikli yüksəkliyindən Qarabağın Kirs, Kiçik İşıqlı və Qabaqtəpə yüksəkliklərini müşahidə etmək olur. Əgər Azərbaycan öz qədim torpaqlarını, yəni Zəngəzur ərazisini gələcəkdə hərbi yolla azad etmək şəraiti yaranarsa, Laçın Sisiyan Şahbuz yolunu bağlamaqla, İran sərhədlərinə söykənən Gorus, Sisiyan, Qafan, Meğri ərazilərini asanlıqla Ermənistandan geri ala bilər. Bununla da Naxçıvanın blokadası aradan qaldırılar, Bakı-Mincivan-Naxçıvan dəmiryolu fəaliyyətini bərpa edər, Türk Dövlətləri Təşkilatı ərazi nöqteyi-nəzərdən maneəsiz bir-biri və Avropa dövlətləri ilə əlaqə yarada bilər.

Bu yol vasitəsilə Ermənistandan qondarma "Dağlıq Qarabağ respublikası"na, hansı ki, artıq belə bir respublika yoxdur, böyük miqdarda ərzaq və digər materiallar keçirdi. Əvəzində isə Ermənistan Respublikası "Dağlıq Qarabağ Respublikası"ndan elektrik enerjisi alır, 90 min hektardan çox ərazimizdə taxıl əkir, mineral sularımızı, təbii sərvətlərimizi (qızıl və s.) xammal şəklində öz malı kimi xarici dövlətlərə satırdı. Özünü bizə "dinbir qardaş, dost, qonşu göstərən", özünü müsəlman qəbul edib xristianla üz-üzə öpüşən İran İslam Respublikası Ermənistanın havadarına çevrilmişdir. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Laçın yolu Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətinə keçmişdir. 2022-ci ilin avqustundan isə Laçın yolu Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Ermənistan tərəfindən Laçının adı dəyişdirilərək "Berdzor", məşhur Minkənd - "Xak", Alıqulular - "Alqumişen", Sultankənd - "Xaşatax" adlandırılmışdı. Laçındakı qədim ibadət ocaqları, məscid və digər abidələr erməniləşdirilmişdir.

Uzun illər boyu fəaliyyət göstərən bu yol Ermənistanı Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yolu olaraq, Qarabağ müharibəsinin ilk mərhələsində Ermənistanla separatçılar arasında "nəfəslik" rolunu oynayıb. Həm müharibə dövrü, həm də ikinci yol çəkilənə qədər Ermənistan Qarabağın bütün hərbi, texniki və mülki təchizatını bu yol vasitəsilə həyata keçirib. Məhz buna görə də Laçın ərazisinin Azərbaycana qaytarılması və ya heç olmasa bu yolun erməni tərəfinin hərəkəti üçün bağlanılması, Ermənistanı Qarabağ ərazilərindəki ermənilərə nəzarətdən məhrum edə bilər.

Ermənistan tərəfindən işğal olunmuş Laçın rayonunun əhalisi 2009-cu il əhalinin siyahıyaalınması məlumatına əsasən 66671 nəfərini Azərbaycan türkləri, 1914 nəfərini kürdlər, 464 nəfərini türklər, 28 nəfərini ruslar, 10 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edərək respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır. Azərbaycan mənbələrinə görə, 1980-ci illərin sonunda rayonda cəmi üç erməni yaşayıb, başqa mənbələrdə isə 1970-ci illərdə bu say 34 nəfər kimi göstərilir.

Ermənistan əvvəllər ümumiyyətlə ermənilər yaşamayan Laçın rayonuna 30 il ərzində ermənilərin qanunsuz məskunlaşdırılmasını həyata keçirmiş, ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatına görə Laçın rayonu ərazisində 8-11 min ermənini yerləşdirmişdir. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır. Ermənilər iddia edirlər ki, işğal etdikləri ərazilər "qədim erməni torpaqlarıdır" və hamısında məskunlaşmağa haqları var. Nəticədə 1995-ci ildə Laçın rayonunun 4 yox, 12 kəndində ermənilər qanunsuz məskunlaşmışdı. 2004-cü ildə isə Laçın və kəndlərində, o cümlədən digər ətraf rayonlarda yaşayan ermənilərin sayı 13500-ə çatdırılmışdır. İşğal dövründə Laçın rayonuna Ermənistandan və son vaxtlar isə Livandan ermənilər köçürülmüşdür. Azərbaycan bu köçürmələri beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Laçın RİH-in saytında deyilir ki, 2020-ci il yanvarın 1-də laçınlıların sayı 78565 nəfər olub.

İnzibati mərkəz müvəqqəti olaraq Şuşa şəhərində yerləşsə də, elə həmin il - 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında kiçik bir şəhər salındı və qəza mərkəzi ora köçürüldü. Relyef və ora yaxın kəndin adı nəzərə alınmaqla Tağı Şahbazinin təşəbbüsü ilə şəhərə Laçın adı verildi.

Qəza inzibati cəhətdən Kəlbəcər, Qoturlu, Kürdhacı, Qarıqışlaq, Həkəri (Muradxanlı) və Püsyan (Qubadlı) nahiyələrindən ibarət idi. 1930-cu ildə Azərbaycan SSR-də qəza inzibati ərazi vahidləri ləğv edilərək onların ərazisində rayonlar yaradıldı. Kürdüstan qəzası ərazisində yuxarıda qeyd edildiyi kimi, 3 rayon - Laçın, Qubadlı və Kəlbəcər rayonları yaradıldı.

Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970-1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.

Ermənilərin işğalı zamanı 28 il işğal nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılıb, ümumilikdə Laçın rayonuna təxminən 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib.

Ermənistan tərəfindən işğal nəticəsində 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.

Əminik ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı titanik siyasət və böyük zəhmət nəticəsində tezliklə Qafqazda ən yüksək ərazidə tikilməkdə olan Laçın Beynəlxalq Hava Limanı, 11,6 km uzunluqda Murovdağ tuneli çəkilib istifadəyə veriləcək, 100 kilometrlərlə avtomobil yolları yenidən bərpa olunacaq, ərazi minalardan təmizlənəcəkdir. Dağ-mədən sənayesinin inkişafı üçün imkanlar açılacaqdır. Laçın rayonu Azərbaycanın ən inkişaf etmiş heyvandarlıq, arıçılıq rayonlarından, ölkəmizin ən dilbər guşələrindən, həm də inkişaf etmiş Beynəlxalq turizm məkanlarından birinə çevriləcəkdir.

N.A.BABAXANOV,

İ.Ə.ƏLİYEV,

Bakı Dövlət Universitetinin professorları.