Laçının igid oğlu
Region

Laçının igid oğlu

Şanlı qələbə və zəfərlə başa çatan Vətən müharibəsi igid oğullarımızın, peşəkar zabitlərimizin, əsgərlərimizin qəhrəmanlığı ilə əbədi yaddaşlarda yaşayacaq. Uzun illər torpaqlarımızı zəbt edən Ermənistan ordusunu diz çökdürən, işğalçıların başını əzən, düşmənə od ələyən, döyüş meydanında dişi-dırnağı ilə şəhidlərin qisasını alan, torpaqlarımızı azad edən igidlərin şücaəti...

Döyüş xronikasına və rəqəmlərə nəzər salanda bir daha aydın olur ki, igid döyüşçülərimiz 44 gün ərzində Ermənistanın 336 tankını məhv edib, ya da ki, qənimət kimi götürüb. Səkkiz "S300" qurğusu zərərsizləşdirilib, düşmənin hava hücumuna qarşı digər qurğuları sıradan çıxarılıb, minlərlə erməni işğalçısı məhv edilib. Qəhrəman Azərbaycan ordusunun sıralarında laçınlılar da döyüşlərdə igidlik göstəriblər.

Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalı zamanı 267 nəfər sakin, o cümlədən 18 nəfər 16 yaşına çatmamış uşaq şəhid olub, 120 nəfər sağlamlığını itirib, 66 nəfər girov götürülüb, yüzlərlə uşaq yetim qalıb. İgidliyə və göstərdiyi şücaətə görə 5 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vətən müharibəsində 70 nəfərdən çox laçınlı torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmanlıqla həlak olub. Onlardan biri də İlyas Şahvələdovdur.

İlyas Laçın rayonunun Qorçu kəndində anadan olub. Dağların əzəmətini görüb, doğma Laçının havasını udub, bu yerlərin tarixi və gözəlliyi ana südü ilə birlikdə onun varlığına hopub. 1992-ci ilin may ayında Ermənistanın Laçın rayonuna hərbi təcavüzü nəticəsində ailəsi ilə birlikdə məcburi köçkün kimi Ağcabədi rayonuna pənah gətirib. Düşmənə nifrəti və qəzəbi daima onun qəlbində ocaq kimi alovlanıb, qisas alacağı günləri səbirsizliklə gözləyib. Vətən qarşısında həqiqi hərbi xidmətini başa vurub, sonra müddətdən artıq ordu sıralarında xidmətini davam etdirib.

Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən İlyas qoçaqlığı ilə tanınıb. Ötən il oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. Şəhid İlyas Şahvələdovun şəhadətə yüksəlməsinin ildönümü keçirilib. Mərasimdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər. Əvvəlcə bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.

Şəhidin döyüş yolu haqqında ətraflı məlumat verilib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbədən qürur hissi ilə söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi diqqətə çatdırılıb. Şəhidin ailə üzvləri onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.

Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə İlyas Şahvələdov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Salman ALIOĞLU,

"Respublika".