Laçınlı igid döyüşçünün anım mərasimi
Sosial həyat

Laçınlı igid döyüşçünün anım mərasimi

Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalı zamanı 267 nəfər sakin,  o cümlədən 18 nəfər 16 yaşına çatmamış uşaq şəhid olub, 120 nəfər sağlamlığını itirib, 66 nəfər girov götürülüb,  yüzlərlə uşaq yetim qalıb. İgidliyə və göstərdiyi şücaətə görə 5 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vətən müharibəsində 70 nəfərdən çox laçınlı torpaqlarımızın azad edilməsi uğrunda döyüşüb. Qəhrəmanlıqla həlak olanlardan biri də Etibar Mehman oğlu Nəcəfovdur.

1992-ci ilin may ayında Nəcəfovlar ailəsi Ermənistanın hərbi təcavüzü nəticəsində Laçın rayonunun Şeylanlı kəndindən  didərgin düşüb və Ağcabədi rayonu Taxtakörpü ərazisində məskunlaşıb. Ailə sonra Aran kəndinə pənah gətirib. İşğaldan altı il sonra - 1998-ci il noyabr ayının 14-də Etibar anadan olub. Böyüdükcə ailəsinin üzləşdiyi yurd itkisindən, ermənilərin törətdiyi cinayətlərdən xəbər tutub. Qəlbində düşmənə qarşı nifrət alovlanıb, gələcəkdə hərbçi olmağı qarşısına məqsəd qoyub.  2016-cı ildə Aran kənd 1 nömrəli tam orta məktəbi bitirib. Etibar 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Əvvəlcə Gəncə şəhərində, daha sonra isə Gədəbəy rayonundakı "N" saylı hərbi hissədə xidmətini davam etdirib. Xüsusi təyinatlı kəşfiyyat bölmələrində təlim keçən Etibar ön xətdə göstərdiyi layiqli xidmətə görə hərbi hissənin komandanlığı tərəfindən Fəxri Fərmanla təltif edilib.  Gənc əsgər 2018-ci il 2 iyul tarixində ordu sıralarından tərxis olunsa da ruhuna hakim kəsilən Vətən sevgisi onu yenidən ordu sıralarına qaytarıb.

Vətən müharibəsi başlayanda Etibar döyüşlərə ilk atılanlardan olub.  Cəsarəti və igidliyi ilə seçilib, döyüş tapşırıqlarını uğurla yerinə yetirib. Etibarın döyüş yolu Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azad edilməsi uğrunda gedən savaşdan keçib, Laçının igid oğlu döyüşlərdə böyük qəhrəmanlıq və igidlik göstərib. Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Şəhidlik zirvəsinə ucalan Etibar Nəcəfov Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Şeylanlı  kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Ordusunun əsgəri Ehtiram Nəcəfov ölümündən sonra  "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə",  "Cəbrayılın azad olunmasına görə",  "Xocavəndin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. 

Şəhidin xatirəsinə həsr edilən anım mərasimində Laçın  Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli,  rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə şəhidin məzarını ziyarət edərək məzarı üstə tər güllər düzüb, ruhunu bir dəqiqəlik sükutla yad ediblər.  Sonra mərasim iştirakçıları şəhidin  ata ocağına gedərək onun valideynləri və ailə üzvləri ilə görüşüblər. Görüşdə rayon rəhbəri Aqil Nəzərli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 gün müddətində torpaqlarımızı 30 ilə yaxın bir müddətdə işğalda saxlayan erməni  tapdağından azad edib. 

Bununla da Vətən müharibəsində şanlı tarix yazan qəhrəman Ordumuzun  əsgər və zabitləri Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini,  əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Ölkəmizin ərazi bütövlüyünün bərpası,  doğma torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza Möhtəşəm Qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub və hər zaman minnətdarlıqla anılacaqdır. Xalqımızın qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman qazilərin,  şəhid ailələrinin yanında olacaqdır.  Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkür və  minnətdarlıqlarını bildiriblər.

Salman ALIOĞLU,

"Respublika".