Laşa Darsaliya: Gürcüstan ilə Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
MÜSAHİBƏLƏR

Laşa Darsaliya: Gürcüstan ilə Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Gürcüstan ilə Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və unikallığı ilə seçilir. Fəxrlə deyə bilərəm ki, bizim tərəfdaşlığımız və əməkdaşlığımız dünyada nümunədir.

AZƏRTAC verir ki, bu sözləri Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya Tbilisidə Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunan beynəlxalq konfransda çıxışı zamanı söyləyib.

Nazir müavini deyib ki, onun ölkəsi dost və qardaş Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə və dərinləşdirməkdə maraqlıdır. Bölgədə sülhə alternativ yoxdur. Ümid edirik ki, regionumuz sülhün qarantı olacaq və Gürcüstan regionda sülhün qorunması üçün səylərini davam etdirəcək.

L.Darsaliya Gürcüstanla Azərbaycan arasında siyasi, iqtisadi, hərbi, energetika, nəqliyyat sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə münasibətlərin olduğunu xüsusi qeyd edib. Bildirib ki, bu münasibətlər daha da inkişaf etdirilməli, birgə səylərlə yeni perspektivlər müəyyənləşdirilməlidir. Son 30 ildə bizim ölkələr tərəfdaş və dost olmağın nə olduğunu göstərib. Münasibətlərimiz bundan sonra da inkişaf edəcək və dərinləşəcək.

AZƏRTAC