LAYİQLİ DÖVLƏTİN DƏYƏRLİ MİRASI
Siyasət

LAYİQLİ DÖVLƏTİN DƏYƏRLİ MİRASI

Şərqdə ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dərin tarixi köklərə malik milli dövlətçilik ənənələrimizin davamı, aydınlarımızın, ziyalılarımızın, böyük dövlət xadimlərimizin milli azadlıq ideyaları yolunda fədakarlıqlarının gerçək bəhrəsi idi.

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi gerçəkliyin reallaşması idi. Xüsusilə qeyd olunmalıdır ki, həmin ildə cəmi iki ay əvvəl baş vermiş, ölkənin bir çox bölgələrində bolşevik-daşnak hərbi birliklərinin iştirakı ilə minlərlə soydaşlarımızın qətli ilə nəticələnən azərbaycanlıların soyqırımı xalqın istibdaddan qurtulmaq istəyini gücləndirmişdi. Müstəqil dövlətçilik ideyasını gerçəkləşdirmək arzusu ilə alışıb yanan, məqalələrində, ictimai və siyasi fəaliyyətlərində bu hisslərini fəxarətlə qeyd edən vətənpərvər insanların yorulmaz səyləri nəticəsində müstəqilliyə aparan yollardakı maneələr dəf edildi. Məhz o insanların müstəqil dövlətçiliyin bərpa olunmasına xidmət edən əqidə və məslək birliyi son nəticədə öz sözünü dedi və 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi.

Yeni Cümhuriyyətin qarşısında duran başlıca vəzifələrdən biri də insanların ədalətə olan inamını bərpa etmək, gördükləri saysız-hesabsız ədalətsizliklərdən sonra onların ən çox ehtiyaclarının olduğu mükəmməl hüquq sisteminin qurulması idi. Bu zərurət nəzərə alınaraq müstəqil dövlətin hüquq-mühafizə sisteminin, o cümlədən məhkəmə və prokurorluq orqanlarının yaradılması istiqamətində mühüm işlər görülməyə başlandı. Azərbaycan hökumətinin qərarı ilə əvvəllər mövcud olmuş, o cümlədən Bakı Soveti dövründə yaradılmış məhkəmə və istintaq orqanlarının, eləcə də məhkəmə səlahiyyətli komissiyaların fəaliyyəti dayandırıldı və Bakı Dairə Məhkəməsinin, habelə ona tabe olan struktur qurumların işi bərpa olundu. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanları fəaliyyətə başladı və bununla da Azərbaycan Prokurorluğunun əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti Prokurorluğunun fəaliyyəti əsasən məhkəmədə dövlət ittihamını müdafiə etməkdən və qanunların düzgün tətbiqinə nəzarət funksiyalarını həyata keçirməkdən ibarət idi. Bununla bərabər, prokuror müavinlərinə, həmçinin ibtidai istintaqın aparılmasına faktiki nəzarət vəzifəsi də həvalə edildi.

O dövrdə hərbi məhkəmələrin nəzdində də Prokuror Nəzarəti qurumu mövcud idi. Hərbi Məhkəmənin prokuroru və daimi üzvləri nazirin əmri ilə hərbi prokuror, dairə məhkəməsi prokurorunun müavini, hərbi hakim və ya müstəntiq, alay hakiminin təhqiqat üzrə köməkçisi, yaxud vəkil vəzifələrində işləmiş şəxslərdən təyin olunurdular. Hərbi prokuror, onun müavinləri, hərbi müstəntiq isə ali hüquq təhsili almış və ya məhkəmə işində təcrübəsi olan şəxslərdən seçilirdi. Azərbaycan Ordusu 1919-cu ilin avqust ayına qədər Gəncə şəhərində yerləşdiyindən, Azərbaycan Hərbi Məhkəməsi və Azərbaycan Hərbi Prokurorluğu da orada fəaliyyət göstərirdi. Ordu Bakı şəhərinə köçürüldükdən sonra, adları çəkilən qurumlar da fəaliyyətlərini Bakıda davam etdirmişlər. Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, respublikada hüquq qaydalarının qorunmasını təmin edən ədliyyə, məhkəmə və prokurorluq orqanlarının yaradılmasına xüsusi əhəmiyyət verilib. Təəssüf ki, bu sahədə də qarşıya qoyulan ali məqsədlərə tam nail olunmadı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra demokratik respublikanın mövcud olduğu dövrdə yaradılmış bütün struktur qurumların, o cümlədən prokurorluq və istintaq orqanlarının yenidən yaradılması prosesi başladı.

Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumətimiz cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli özünüdərk hissini, dövlətçilik ideyasını özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.

Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi. Məhz bu dövrdən sonra xalqımızın üzləşdiyi qırmızı terror, qanlı faciələr, deportasiyalar, totalitar rejimin üzücü məhrumiyyətləri - hisslərin, emosiyaların bədii ifadəsi olan bir bənd şeirə görə bütün bir nəslin məhv edilməsi, sürgünlərə göndərilməsi aydınlarımızda azadlıq ideyalarının daha da güclənməsinə səbəb oldu.

Nəhayət, 70 ildən sonra öz azadlığına, müstəqilliyinə qovuşan dövlətimizdə ümummilli lider Heydər Əliyevin respublikamızda uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Bu dövrdə xalqımızın sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində baş verən yüksəliş, sürətli inkişaf milli dövlətçilik ideallarının bərpası və gələcək müstəqillik baxımından əhəmiyyəti misilsiz oldu. Milli prokurorluq orqanları yarandığı gündən xalqımızın müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi ilə bərabər şəkildə çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək, bugünkü şəkildə formalaşıb, fəaliyyət göstərdiyi bütün dövrlərdə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq edib, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində öz xidmətlərini göstərib. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların əsasını və onun hüquqi bazasının təməlini təşkil edib, ulu öndərimizin təşəbbüsü əsasında və ali qanunda ilk dəfə olaraq cinayət mühakimə icraatında mühüm funksiyaları yerinə yetirməsi nəzərə alınmaqla ölkəmizin məhkəmə hakimiyyəti sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, təşkili və fəaliyyət prinsipləri, funksiyaları və səlahiyyət dairəsi qanunvericilik qaydasında təsbit olunub. 7 dekabr 1999-cu il tarixli "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu qarşıda duran bu və ya digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla, prokurorluq orqanlarının daha da demokratikləşdirilməsini, onun qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etdi.

Varislik ənənələrinin rəmzi olaraq ümummilli lideri Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən 1 oktyabr Prokurorluq orqanlarının peşə bayramı kimi qeyd edilir. Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, milli maraqlarımıza xidmət edən bir dövlət təsisatı kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və onun gündəlik qayğısı nəticəsində mümkün olub. Müstəqilliyimizin bərpasından ötən 31 il ərzində Azərbaycan Prokurorluğu dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılaraq, dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilib, dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusu yaradılıb. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutub. Azərbaycan Prokurorluğunda hərtərəfli və bütün sahələri əhatə edən islahatlar aparılmaqla fəaliyyəti üçün zəruri normativ hüquqi baza yaradılıb, "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, yüksək tələblər səviyyəsində işləmək bacarığı olan kadr korpusu formalaşdırılıb. Azərbaycan Respublikasında ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial-iqtisadi islahatların reallaşdırılması, hərtərəfli düşünülmüş dövlət siyasətinin həyata keçirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması nəticəsində Azərbaycan beynəlxalq birliyin tamhüquqlu üzvü kimi layiq olduğu yerini tutub.

Azərbaycan Xalq Cümhuriyyətinin vacib, əhəmiyyətli təsisatı, dəyərli mirası olan Prokurorluq orqanları bu gün də ölkə Konstitusiyasından və aidiyyəti qanunların tələblərindən irəli gələn vəzifələrin icrası, "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkili, istintaq fəaliyyətinin təkmilləşdirilməsi, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarəti, dövlət ittihamının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin səmərəliliyinin yüksəldilməsi, mövcud çatışmazlıqların təxirəsalınmadan aradan qaldırılmaqla ciddi nəzarət mexanizminin yaradılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb. Bu gün hər bir vətəndaş əmindir ki, onun hüquq və azadlıqları ən mükəmməl şəkildə qorunur.

Müstəqil siyasət yeridən Azərbaycan tək regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. Möhtərəm dövlət başçımız cənab İlham Əliyevin dövlətimizin milli maraqlarını bütün sahələrdə inamla təmin etməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Məhz ölkə başçımızın təşəbbüsü və rəhbərliyi ilə ölkənin hüquq sistemi ən müasir dəyərlər əsasında formalaşıb və vətəndaşların hüquq və azadlıqlarının qarantına çevrilib.

Raya QƏFƏROVA,

İsmayıllı rayon prokurorunun köməkçisi,

III dərəcəli hüquqşünas.