LƏNKƏRAN: ABADLAŞAN, YENİLƏŞƏN XOLMİLİ
Region

LƏNKƏRAN: ABADLAŞAN, YENİLƏŞƏN XOLMİLİ

Xolmili Lənkəran rayonunun abad, yaraşıqlı kəndlərindən biridir. Kənddə 2800 nəfərə yaxın əhali yaşayır. Son illər sosial problemlərin həlli istiqamətində xeyli iş görülüb. Kənddaxili yollara asfalt çəkilib. Əhalinin içməli su, təbii qaz, elektik enerji ilə təchizatı normal vəziyyətdədir.

Yerli camaat əsasən tərəvəzçilik, sitrusçuluq, heyvandarlıqla məşğul olur. Sakinlərin həyat səviyyəsi getdikcə yaxşılaşır. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kənd sakinləri ilə keçirdiyi səyyar qəbul və görüşdə bu barədə ətraflı söhbət açıldı.

Xolmili kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Davd Xəlilov il ərzində görülmüş işlər barədə məlumat verdi. Kənd sakini, Lənkəran rayon ağsaqqallar şurasının sədr müavini Güloğlan Bağırov Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionların inkişafına xüsusi diqqət göstərdiyini, dövlət qayğısı sayəsində təkcə şəhərlərin deyil, kəndlərin də simasının dəyişdiyini, insanların həyat şəraitinin müasir səviyyədə qurulduğunu bildirdi. Əhalinin dövlət qayğısından məmnunluğunu vurğulayaraq kənd sakinləri möhtərəm Prezidentimizə dərin minnətdarlığını ifadə etdilər.

Xolmilililər Qarabağ uğrunda döyüşlərdə iki şəhid verib. Kənd məktəbi Birinci Qarabağ müharibəsinin şəhidi Bilal Əliyevin adını daşıyır. Kənddən 6 nəfər gənc Vətən müharibəsində döyüşlərdə igidlik, şücaət göstərib. Qazilərdən Murad Hacızadə və Səxavət Zeynalzadə görüşdə çıxış edib 44 günlük müharibədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun şanlı qələbəsindən, böyük zəfərdən qürurla danışdılar.

Görüşdə yarım əsr əvvəl tikilmiş kənd məktəbinin, uşaq bağçasının, həkim məntəqəsinin əsaslı təmirə ehtiyacı olduğu barədə sakinlərin təklifləri səsləndi.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov lənkəranlıların ölkə Prezidenti ətrafında sıx birləşdiklərini, rayonda aprılan tikinti, quruculuq işlərinə fəal şəkidə qoşulduqlarını, müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafına layiqli töhfələr verdiklərini söylədi.

İcra başçısı vətəndaşların müraciətlərini həssaslıqla dinlədi, heç bir müraciətin diqqətdən kənarda qalmayacağını bildirdi. İrəli sürülən təkliflərin bir qismi yerindəcə həllini tapdı, digər qisminin isə həll olunması üçün nəzarətə götürüldü.

Kənd sakinləri təklif və müraciətlərini canlı dialoq şəklində rayon rəhbərliyinə çatdırdıqlarından razılıqlarını ifadə etdilər. Regionların iqtisadi inkişafına, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına, kəndin sosial problemlərinin həllinə göstərdikləri yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sakinlər dərin minnətdarlıqlarını bildirdilər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".