LƏNKƏRAN ŞƏHƏRİ Aİ-nin LAYİHƏSİ ÜZRƏ MÜSABİQƏ QALİBİDİR
Region

LƏNKƏRAN ŞƏHƏRİ Aİ-nin LAYİHƏSİ ÜZRƏ MÜSABİQƏ QALİBİDİR

Keçən ilin iyun ayında Avropa İttifaqı (Aİ) tərəfindən Höte İnstitutunun koordinasiyası ilə Şərq Tərəfdaşlığı ölkələrinin qeyri-paytaxt şəhər və qəsəbələrində mədəniyyət və yaradıcı sektoru dəstəkləmək məqsədilə ümumi büdcəsi 40 milyon avro olan "EU4Culture" ("Avropa İttifaqı mədəniyyət naminə") qrant müsabiqəsi elan olunub. Yeni layihə Avropa İttifaqı tərəfindən hazırlanmış ən böyük mədəniyyət proqramlarından biridir.

Ölkəmizdə bu müsabiqədə 8 şəhər iştirak edirdi: Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Yevlax, Şirvan, Xırdalan və Şəki şəhərləri. Ötən aylar ərzində Aİ-in dəstəyi ilə bu şəhərlərin mədəniyyətinin inkişafına yönəlmiş inkişaf strategiyaları hazırlanmışdır. Lənkəran şəhəri üzrə müsabiqəyə Lənkəran Regional Mədəniyyət İdarəsi də qoşulmuşdur.

Üç mərhələdən ibarət müsabiqənin Azərbaycan üzrə qalibi "Lənkəran Springs Hotel"də keçirilən təqdimat mərasimində açıqlanıb. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, tərəfdaş ölkələrin səfirliklərinin nümayəndələri, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və "EU4Culture" layihəsinin komanda heyəti iştirak edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko mərasimdə çıxış edərək bildirib ki, Aİ müxtəlif layihələrin həyata keçirilməsində yaxından və fəal şəkildə iştirak edir. Bu layihə Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında tərəfdaşlığın vacib istiqamətlərindən biridir. Mədəniyyətin inkişafı gənclərin, cəmiyyətin, o cümlədən iqtisadiyyatın inkişafı deməkdir. Bu strategiyanı hazırlamaqda Lənkəran Regional Mədəniyyət İdarəsi fərqlənərək müsabiqənin qalibi olub. Aİ tərəfindən strategiyanın icrasına 300 min avro vəsait ayrılıb. Strategiya qarşıdakı 2 il ərzində icra ediləcəkdir, - deyə Peter Mixalko bildirib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbirdə çıxış ediblər.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirərək layihə çərçivəsində Lənkəran şəhərinin mədəni potensialının gücləndirilməsinə yönəlmiş dəstək və təlim proqramlarının həyata keçiriləcəyini, 300 min avro vəsaitin Lənkəranda mədəniyyətin inkişafına sərf olunacağını bildirib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".