LƏNKƏRAN: Şəhidlərin müqəddəs xatirəsi ehtiramla anılır
Sosial həyat

LƏNKƏRAN: Şəhidlərin müqəddəs xatirəsi ehtiramla anılır

Anım mərasimi əsaslı tikinti-bərpa işlərindən sonra yenidən açılan Şəhidlər Xatirə Kompleksi önündə keçirilib. Kompleks genişləndirilərək əsaslı şəkildə yenidən qurulub, ətrafında səliqə-sahman yaradılıb. Giriş hissəsində lənkəranlı şəhidlərin şəkilləri, ad və soyadları qeyd olunub.

 Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Ziyafət Əsgərov, icra aparatının işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri abidə kompleksini ziyarət edib şəhid qəbirlərinin üzərinə gül dəstələri düzüblər.

Döyüşlərdə 66 nəfər xüsusi igidlik, şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib. Şəhidlərin həyat yolu hər bir gənc üşün misilsiz vətənsevərlik nümunəsidir, torpaqların azadlığı uğrunda həlak olmuş qəhrəmanların xatirəsi həmişə ehtiramla yad ediləcəkdir, - deyə T.Qaraşov bildirib.

Sonra şəhid ataları Kamran Kazımov, Layim Veysəlov, şəhid İqbal Bayramovun həyat yoldaşı Rəna Bayramova, şəhid övladlarından Emiliya Qurbanova, Ruqəyya Quliyeva və başqaları çıxış edib Vətən müharibəsində qəhrəmancasına həlak olan əzizləri ilə qürur duyduqlarını bildiriblər. Şəhidlərin Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə, şəhid ailələrinə davamlı diqqət və qayğı göstərdiklərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Mərasimdə Vətən müharibəsinə və şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub. Rayonun şəhər, qəsəbə və kəndlərində torpağa tapşırılmış şəhidlərin məzarları ziyarət olunub. Məscidlərdə şəhidlərin ruhlarına dualar və Quran ayələri oxunub. Şəhidlər xiyabanının genişləndirilmiş ərazisində və Heydər Əliyev prospektində 1000-ə yaxın həmişəyaşıl ağaclar əkilib.

Saat 12-də rayonun ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Heydər Əliyev xatirə parkında və şəhərin digər ərazilərində yerləşən rəqəmsal monitorlarda Vətən müharibəsi şəhidlərinin şəkilləri, ad və soyadları 44 gün ərzində fasiləsiz nümayiş etdiriləcək.

ASTARA

Anım Günü Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatı Rəşad Mahmudov tədbir iştirakçıları ilə birlikdə yeni salınmış Şəhidlərin Xatirə Kompleksində xatirə lövhəsinin önünə əklil, qərənfil dəstələri qoyublar.

Mərasimdə Vətən müharibəsində Astara rayonundan 600 nəfərə yaxın gəncin iştirak etdiyi, 41 nəfərin şəhid olduğu, 138 nəfərin yaralandığı, ümumilikdə Birinci və İkinci Qarabağ müharibəsində 124 nəfər cəsur, mərd oğulun şəhidlik zirvəsinə ucaldığı qeyd olunub.

Bizə qələbə sevincini yaşadan bu mərd, cəsur, qəhrəman oğullarla haqlı olaraq fəxr edirik, qürur duyuruq. Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə İlham Əliyevin dediyi kimi "Şəhidlərimizin qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucalır. Xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq."

Mərasimdə şəhid övladlarından İbrahim Oruczadə, Əlövsət Rəhimli, Aylin və Fədayə Rəhmanzadə bacılarının şəhidlər haqqında söylədiyi şeirlər hamıya kövrək duyğular yaşadıb.

Vətən müharibəsi şəhidi mayor Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova və qazi Coşğun Şöhübzadə tədbirdə çıxış edib şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Sonra rayonun rəhbər işçiləri Səncərədi kəndində Şəhidlərin Xatirə Kompleksini ziyarət edib, Vətən müharibəsi şəhidlərindən Arif Qeybiyev, Şahnur Hüseynov, İlkin Kazımov və Zülfi Ağayevin ailələrinə baş çəkiblər.

Anım günündə Astara şəhərinin ərazisində 520 ədəd ağac əkilib. Astara park-bulvar kompleksində vətənpərvərlik marşlarının sədaları altında gənclərin yürüşü keçirilib. 41 astaralı Vətən Müharibəsi şəhidinin xatirəsinə səmaya 41 göyərçin buraxılıb. Saat 12-də rayonun ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əlisəfa HƏSƏNOV,

 "Respublika".