LƏNKƏRANDA VƏ ASTARADA “VƏTƏN BAĞI”
Region

LƏNKƏRANDA VƏ ASTARADA “VƏTƏN BAĞI”

“Qırmızı ürəklər” 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Fond uşaq evlərində, sığınacaqlarda yaşayanlara, köməyə ehtiyacı olan insanlara yardımlar edir.

“Qırmızı ürəklər” fondu Qarabağ müharibəsində şəhid olan igid, qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək məqsədilə respublikamızın rayonlarında “Vətən bağı” adlı layihəni həyata keçirməyə başlayıb.  Layihə çərçivəsində şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilir.

Növbəti ağacəkmə aksiyası “PAŞA Bank” ilə birgə Lənkəran və Astara rayonlarında həyata keçirilib. Lənkəranda 252 ədəd dəmirağac, Astarada isə 124 ədəd sərv ağacı əkilib. Tədbirdə “PAŞA Bank”ın əməkdaşları, “Qırmızı Ürəklər” Fondunun üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak edib. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə keçirilib.

“Vətən bağı” insanların daha çox toplaşdığı yerlərdə, parklarda və rayon mərkəzlərində salınır. Əkilən ağacların suvarılması, qulluq göstərilməsi və digər tədbirlər yerli icra hakimiyyəti orqanları və “Qırmızı ürəklər” fondu tərəfindən həyata keçirilir.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.