LERİK BALI, CAN DƏRMANI
Region

LERİK BALI, CAN DƏRMANI

 ONUN İSTEHSALINI NECƏ ARTIRMAQ OLAR?

Arıçılıq qədim tarixə malikdir. Hələ eramızdan əvvəl IX-VIII əsrlərdə Qafqazda arıçılıqla məşğul olmuşlar. Ölkəmizdə X-XII əsrlərdə arıçılıq sürətlə inkişaf etməyə başlamışdır. İnsanlar arıdan bal, mum, arı südü, arı zəhəri kimi qiymətli məhsullar almışlar. Əsrlər boyu müxtəlif xəstəliklərin müalicəsində arı məhsullarından geniş istifadə olunub.

Dünyanın məşhur alim və filosoflarından Hippokrat, Aristotel, Demokrit, Pifaqor balı “uzunömürlülüyün iksiri” adlandırmışlar. Görkəmli şair, mütəfəkkir Nizaminin, Xaqaninin əsərlərində də arıçılıq məhsullarının faydaları ilhamla tərənnüm olunmuşdur. Baldan istifadə etdikləri üçün sağlam həyat tərzi yaşayan Hippokrat və Demokrit bir əsrə yaxın ömür sürmüşlər. Lerikin əsrarəngiz, səfalı təbiətində əsr yarımdan çox yaşamış Mahmud Eyvazov və Şirəli Müslümov arıçılıqla da məşğul olmuş, bal, güləm, arı südü və digər arı məhsullarından istifadə etmişlər.

Arıçılıq bu gün də Lerikin iqtisadiyyatında mühüm yer tutur. Həmsöhbətim təcrübəli kənd təsərrüfatı mütəxəssisi, Lerik Arıçılar Assosiasiyasının sədri Ələkbər Salayev bildirir ki, Lerikdə tarixən arıçılıqla məşğul olublar. Dağlar diyarının zəngin bitki örtüyü, iqlimi bu sahənin inkişafı üçün geniş imkanlar açır. Yaxşı xatırlayıram. Keçmiş sovet dönəmində təkcə şəxsi təsərrüfatlarda deyil, kolxoz və sovxozların hər birində 150-200 arı ailəsi saxlanılırdı. Lerikdə və digər rayonlarda ayrıca arıçılıq sovxozları da fəaliyyət göstərirdi.

Rayonda arıçılığa maraq böyükdür. Şəxsi və fermer təsərrüfatları bu gəlirli sahə ilə böyük həvəslə məşğul olurlar. Sahibkarlar hər il arıçılıqdan yüksək gəlir əldə edərək həyat şəraitini daha da yaxşılaşdırırlar.

Rayonda 900 fermer arıçılıqla məşğul olur. Fermerlər 15 minə yaxın arı ailəsi saxlayır. Hər il rayonda orta hesabla 150 tona yaxın təmiz, keyfiyyətli bal istehsal olunur. Məhsul respublika bazarlarına,  Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkalarına çıxarılır. Lerik brendli, ekoloji cəhətdən təmiz bal alıcılar tərəfindən həvəslə alınır.

Mən uzun müddətdir ki, arıçılıqla məşğul oluram, -deyə Ələkbər Salayev söhbətini davam etdirir. Bu sahəyə dövlət qayğısı ilbəil artırılır. 2009-cu il fevral ayının 2-də “Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev arıçılığın inkişafının vacibliyi, perspektivləri barədə belə demişdir: “Arıçılığın da çox böyük ixrac potensialı var. Azərbaycan dünya miqyasında arıçılıq, bal istehsalı sahəsində önəmli yer tuta bilər”.

 Ölkə başçısının arıçılığın inkişafına qayğısı, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında kənd təsərrüfatının bu gəlirli sahəsinə  önəm verilməsi məni çox sevindirir. Əhalini təmiz, keyfiyyətli balla təmin etmək məqsədilə arıçılığın inkişafına xüsusi diqqət yetirirəm. Arıçılıq rentabelli sahə olmaqla yanaşı həm də insanların sağlamlığına xidmət edir. Şəxsi təsərrüfatımda 200-dən yuxarı arı ailəsi saxlayıram. Təbii, ekoloji cəhətdən təmiz, keyfiyyətli bal istehsalı ilə yanaşı, arı südü, çiçək tozu, vərəmum və digər məhsullar istehsal edirəm. Hər il Bakı şəhərində kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkasında 10-a  yaxın arıçı ilə iştirak edirəm. Sərgidə Lerik balının alıcıları daha çox olur.  

Lerik həm də turizm diyarı kimi ölkəmizin hüdudlarından kənarda kifayət qədər tanınır. Respublikamızın regionlarından, Türkiyə, Rusiya, Belarusdan, Almaniya, İran və digər xarici dövlətlərdən hər il rayona çoxlu turistlər gəlir. İstirahət mərkəzlərində təmiz, keyfiyyətli bal və digər arıçılıq məhsullarının satışının təşkil edilməsi Lerik brendli bu qiymətli məhsulların xarici bazarlara çıxarılmasına öz təsirini göstərə bilər.

  Beş ildir ki, rayon arıçılarını birləşdirən assosiasiya fəaliyyət göstərir. Mütəmadi qaydada arıçıların problemləri ilə maraqlanır, bu sahənin davamlı, dinamik inkişafı üçün səylərimizi əsirgəmirik. Qeyd edim ki, quraqlıq üzündən arıçılıq məhsulları istehsalı əvvəlki illərlə müqayisədə azalıb. Çünki havalar çox isti keçdiyindən arının şirə götürdüyü çiçəklər tez solur.

Arıların yemlənməsində  problemlər mövcuddur. Yonca, xaşa bitkilərinin əkinlərinin artırılmasına, cökə və akasiya ağaclarının əkilməsinə, yeni meşə zolaqlarının salınmasına ehtiyac vardır. Bələdiyyə, meşə fond torpaqlarında, sərhədlərin neytral ərazilərində mövsüm ərzində arıları yemləndirmək üçün qarşıya çıxan çətinliklər həll olunmalıdır. Son vaxtlar akarapidoz və varratoz kimi arı xəstəlikləri geniş yayılıb. Bu xəstəliklərin müalicəsində işlədilən dərmanlar xaricdən gətirilir. Bu dərmanlar bəzən keyfiyyətsiz olur, lazımi effekt vermir. Xəstəlik üzündən arı ailələri məhv olur.

 Dövlət Aqrar İnkişaf Mərkəzinin rayon şöbələri arı ailələrinin cins tərkibinin yaxşılaşdırılmasında və rayonlaşdırılmasında, xəstəliklərin vaxtında aşkar edilərək arıların müalicə olunmasında, arıçılığın yem bazasının gücləndirilməsində, bal emalı və qablaşdırma sexlərinin açılmasında fermerlərə lazımi kömək etsələr, arı ailələrinin sayını artırmaq, arıçılıq məhsullarının istehsalını və keyfiyyətini yüksəltmək mümkündür.

Ölkəmizdə arıçılıq sahəsində ixtisaslı kadrlar da çatışmır. Bu məsələ uzun illərdir ki, unudulub. Azərbaycan Dövlət Aqrar Universitetində arıçılıq üzrə mütəxəssis hazırlığı təşkil edilsə, bu, arıçılığın elmi əsaslar üzrə yeni, intensiv inkişafına sanballı töhfə verəcəkdir.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.