LERİKDƏ ŞƏHİD AİLƏSİNƏ TƏZƏ MƏNZİL VERİLİB
Region

LERİKDƏ ŞƏHİD AİLƏSİNƏ TƏZƏ MƏNZİL VERİLİB

Qarabağ uğrunda gedən döyüşlərdə Lerik rayonunun mərd, igid oğulları misilsiz hünər, rəşadət nümayiş etdirmişlər. Hərbi əməliyyatlarda göstərdikləri şücaətə, qəhrəmanlığa görə onların bir qrupu Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif edilmişdir.

Cənab Prezidentin tapşırığı ilə rayonda şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına yüksək diqqət və qayğı göstərilir. Bu qəbildən olan ailələr üçün rayon mərkəzində və kəndlərdə iki 16 mənzilli yaşayış binası, 50-dən çox fərdi yaşayış evi tikilmiş, 40-dan çox müharibə əlilinə minik avtomobilləri verilmişdir. Hazırda daha 20 nəfər üçün fərdi evin tikintisi davam etdirilir. Cari ildə 38 şəhid ailəsi və Qarabağ əlili üçün yaşayış evinin tikintisi nəzərdə tutulmuşdur. Şəhidlərin qəbirüstü abidələri düzəldilmiş, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Çingiz Sulduz oğlu Babayev 2001- ci il sentyabrın 21-də Lerik rayonunun Mistan  kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya göz açıb. Ailənin yeganə övladı olub. 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində  Çingiz sıravi əsgər kimi borcunu şərəflə, ləyaqətlə yerinə yetirib. Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə  fədakarlıq, şücaət göstərib.

Çingiz Babayev oktyabrın 11-də Suqovuşan uğrunda gedən ağır döyüşlər zamanı şəhid olub. Lerik rayonunda  doğma Mistan kəndində torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Çingiz Babayev ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Bu günlərdə Lerik şəhərinin şəhid İsmayıl Yaqubov küçəsində yerləşən çoxmənzilli yaşayış binasında şəhid Çingiz Babayevin valideynlərinə təzə mənzil verilib. Bu münasibətlə keçirilən tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev tədbirdə çıxış edərək bildirdi ki,  ötən il Azərbaycanın tarixinə şanlı qələbə ili kimi daxil olub. Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlandı. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə müzəffər Azərbaycan ordusu möhtəşəm qələbə qazanaraq 30 ilə yaxın düşmən əsarətində olan torpaqlarımızı işğaldan azad etdi. Böyük zəfərin əldə olunmasında canını Vətən, torpaq yolunda qurban vermiş Çingiz Babayev kimi oğulların, igid qazilərin misilsiz xidmətləri olmuşdur.  

Sonra Cəlil Baxşıyev yeni mənzilin açarlarını şəhidin valideynlərinə   təqdim etdi. Şəhidin anası Sevinc Babayeva mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətinə həssaslıqla yanaşıldığına, qısa müddət ərzində onlara mənzil verildiyinə,  şəhid ailələrinə göstərdikləri yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.

Tədbirdə şəhid Əbülfəz Rəhmətovun atası Hüseynverdi müəllim, ağsaqqal ziyalı Zakir Vəliyev çıxış edərək 44 günlük Vətən müharibəsində xalq birliyinin əzəmətini,  şəhid ailələrinə, qazilərə göstərilən yüksək qayğını xüsusi qeyd etdilər.

Sonda şəhid ailəsinə qiymətli hədiyyələr təqdim olundu.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.