Leyla Abdullayeva: Azərbaycan hər zaman Şərq Tərəfdaşlığı proqramının qarşıdurma məzmununda qurulmasının əleyhinə olub
MÜSAHİBƏLƏR

Leyla Abdullayeva: Azərbaycan hər zaman Şərq Tərəfdaşlığı proqramının qarşıdurma məzmununda qurulmasının əleyhinə olub

Məlum olduğu kimi, dekabrın 15-də Brüssel şəhərində Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığının VI Sammiti keçirilib və tədbirin yekununda birgə bəyannamə qəbul edilib. Bəyannamədə Azərbaycan üçün əhəmiyyət kəsb edən bir sıra məsələlər əks olunub, o cümlədən Aİ bütün tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyib, Azərbaycan-Aİ yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar alqışlanıb, Aİ-yə qaz təchizatı mənbələri və marşrutlarının şaxələndirilməsinə verdiyi töhfə baxımından Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşdırılması alqışlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Şərq Tərəfdaşlığı Sammitinin birgə Bəyannaməsinə Azərbaycanın qeyd-şərti ilə bağlı sualını cavablandırarkən bildirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi deyib ki, birgə Bəyannamədə, həmçinin pandemiyanın qarşısının alınması, onun nəticələrinin yumşaldılması və aradan qaldırılmasında qlobal həmrəylik, gücləndirilmiş əməkdaşlıq və çoxtərəfliliyə çağırış edilib. Bu, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19-la mübarizə istiqamətində fəaliyyət prioritetləri ilə uyğunluq təşkil edir.

"Onu da vurğulamaq istərdik ki, Azərbaycan hər zaman Şərq Tərəfdaşlığı proqramının qarşıdurma məzmununda qurulmasının əleyhinə olub. Bu prinsip birgə Bəyannamənin özündə də əks olunub. Burada qeyd olunur ki, Şərq Tərəfdaşlığı konstruktiv əməkdaşlığa əsaslanır və heç kimə qarşı yönəlməyib. Ölkəmizin mövqeyi ondan ibarətdir ki, Aİ üzv ölkələri və tərəfdaş ölkələr üçüncü ölkələrlə münasibətlərində müşahidə olunan çağırış və çətinlikləri Şərq Tərəfdaşlığı proqramına gətirməməlidirlər. Digər tərəfdən, proqram yalnız tərəfdaş ölkələrin Aİ ilə münasibətlərinə deyil, eyni zamanda, onların özləri arasında münasibətlərinin inkişafına xidmət etməlidir. Şərq Tərəfdaşlığı proqramı tərəfdaş ölkələrin üçüncü ölkələrlə bu proqramdan kənarda qurduğu yüksək səviyyəli münasibətlərə xələl gətirən siyasət yürütməməlidir.

Birgə Bəyannamədə Belarusla bağlı əks olunmuş fikirlərin Azərbaycanın xarici siyasət prinsiplərinə uyğun olmaması səbəbindən Azərbaycan, birgə Bəyannaməni öz qeyd-şərti ilə qəbul edib. Yəni, Azərbaycan Belarusla bağlı 11-ci bənddəki mövqeyi bölüşmədiyini bildirib.

Azərbaycanın digər qeyd-şərti birgə Bəyannamənin texniki əlavəsində "münaqişənin təsirinə məruz qalan ərazilər"lə bağlı olub. Belə ki, sənəddə bildirilir ki, Aİ paytaxtlardan kənarda, münaqişənin təsirinə məruz qalan ərazilərdə fəaliyyət göstərən təşkilatlara dəstək verəcək. Azərbaycan isə verdiyi qeyd-şərtdə həmin ərazilərdə fəaliyyətin ərazinin məxsus olduğu ölkənin müraciəti və razılığı ilə həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Bu mövqe isə bilavasitə beynəlxalq hüquqa və dövlətlərin suveren hüquqlarına əsaslanır", - deyə L.Abdullayeva vurğulayıb.

AZƏRTAC