Leyla Abdullayeva: Ukraynada həlak olan 5 Azərbaycan vətəndaşının nəşləri bu gün Vətənə gətiriləcək
Digər xəbərlər

Leyla Abdullayeva: Ukraynada həlak olan 5 Azərbaycan vətəndaşının nəşləri bu gün Vətənə gətiriləcək

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ukraynadakı vəziyyətlə əlaqədar həyatını itirən vətəndaşlarımızın nəşlərinin ölkəmizə gətirilməsi ilə bağlı kütləvi informasiya vasitələrinin sualını cavablandırıb.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Leyla Abdullayeva bununla bağlı deyib: "Ukraynadakı vəziyyətlə əlaqədar həlak olan 5 Azərbaycan vətəndaşının, o cümlədən Odessadan Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan və Kuçurqan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan açılan atəş nəticəsində həyatını itirən 1975-ci il təvəllüdlü İsmayılov Nemət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim, 1994-cü il təvəllüdlü Əlizadə Azər, 1997-ci il təvəllüdlü Salmanov Camal, habelə Xarkovda açılmış atəş nəticəsində həlak olan 1987-ci il təvəllüdlü Məmmədov Qoşqarın nəşi martın 14-də Moldovanın Kişineu şəhərindən xüsusi avtomobillərlə Rumıniya və Bolqarıstan ərazisindən keçməklə Türkiyəyə, oradan isə təyyarə ilə Azərbaycana yola salınıb.

Həlak olan vətəndaşların cəsədləri martın 15-də Azərbaycan Hava Yollarının İstanbul-Bakı reysi ilə Vətənə gətiriləcək və yaxınlarına təhvil veriləcək".

AZƏRTAC