LİSSABON ZİRVƏ GÖRÜŞÜNÜN NƏTİCƏLƏRİ TARİXİ DİPLOMATİK UĞUR İDİ
Siyasət

LİSSABON ZİRVƏ GÖRÜŞÜNÜN NƏTİCƏLƏRİ TARİXİ DİPLOMATİK UĞUR İDİ

Ulu Öndər Heydər Əliyevin siyasi məharəti sayəsində qəbul edilmiş sənəddə Azərbaycanın ərazi bütövlüyünün tanınması öz əksini tapmışdı

"Biz ondan razıyıq ki, ATƏT-in sammiti Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün ATƏT-in əsas prinsiplərini, xüsusən Azərbaycanın ərazi bütövlüyünün tanınması baxımından bir daha dəstəklədi".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Azərbaycan tarixində əbədi rəhbər kimi qalan Heydər Əliyevin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Bütün Azərbaycan millətinin atası olan Heydər Əliyevin vəsiyyətini onun siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə igid Azərbaycan ordusu yerinə yetirdi - 44 günlük Qarabağ müharibəsində düşməni torpaqlarımızdan qovdu və üçrəngli bayrağımız yenə də doğma yurdumuzda, Qarabağın döyünən ürəyi - Şuşada qürurla dalğalandırıldı.

5-6 dekabr 1994-cü ildə keçirilən Budapeşt sammiti Heydər Əliyevin iştirakı ilə ilk sammit idi. Bu sammitdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olundu. Ona əvvəl Finlandiya ilə Rusiya, sonra isə 1995-97-ci illər ərzində İsveç ilə Rusiya başçılıq ediblər. Budapeşt sammitində "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" adlı qətnamə qəbul edildi. Bu qərarda ATƏT-in sülhməramlı qüvvələrinin yaranması və saziş əldə olunarsa, Dağlıq Qarabağ bölgəsinə ATƏT-in sülhməramlı qüvvələrinin daxil olması nəzərdə tutulmuşdur. Beləliklə, ATƏT-in növbəti, Lissabonda keçiriləcək dövlət başçılarının dördüncü Zirvə görüşü ərəfəsində o dövr üçün mühüm nailiyyət Azərbaycan və Ermənistan arasında 1994-cü ildə razılaşdırılan atəşkəsin qorunması oldu.

Ulu öndər Heydər Əliyev 1996-cı il noyabrın 30-da Binə hava limanında jurnalistlərə verdiyi bəyanatında Lissabon zirvə görüşünə böyük əhəmiyyət verdiyini və Budapeştdən Lissabona qədər keçən dövrü də müsbət qiymətləndirdiyini bildirmişdir.

Heydər Əliyev 1996-cı ilin aprelində Lüksemburqda Ermənistan prezidenti və özünün verdiyi bəyanatı münaqişənin aradan qaldırılması istiqamətində mühüm addım hesab etdiyini də Lissabondakı nitqində bildirmişdi: "Həmin bəyanat əslində, tərəflərin silahlı münaqişəyə beynəlxalq prinsiplər və normalar əsasında son qoymaq əzmini nümayiş etdirən ilk Ermənistan-Azərbaycan sənədidir".

Ulu öndər Dağlıq Qarabağ münaqişəsinin göstərilən prinsiplər əsasında aradan qaldırılacağı təqdirdə mütərəqqi nəticələr verəcəyini ifadə edib: "Əminəm ki, münaqişənin BMT nizamnaməsi, ATƏT prinsipləri və beynəlxalq hüquq əsasında aradan qaldırılması az bir vaxt ərzində Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaranmasına imkan verəcək, erməni və Azərbaycan xalqları arasında xoş münasibətləri bərpa edəcək, Dağlıq Qarabağın bütün əhalisi üçün ən əlverişli şərait yaradacaqdır".

Heydər Əliyev Lissabon sammitindəki çıxışında Ermənistan prezidentinə və xalqına da sülh çağırışları edib. O, ATƏT üzvlərinin hamısını bütövlükdə Dağlıq Qarabağ məsələsinin həllinə kömək etməyə çağırıb: "Mən ATƏT-in Lissabon Zirvə görüşünün iştirakçısı olan dövlət və hökumət başçılarına üz tutub onlardan xahiş edirəm ki, Avropada sürəkli və viranedici münaqişələrdən biri olan Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə aradan qaldırılması üçün səylərini əsirgəməsinlər".

Qafqaz regionu, xüsusilə Ermənistan - Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunduğu ATƏT-in Lissabon sammiti 1996-cı il dekabrın 2-3-də 52 Avropa dövləti, ABŞ, Kanada və 10 Asiya-Afrika dövləti başçılarının müşahidəçi statusunda iştirakı ilə keçirilmişdir. Buna qədər vəziyyət Ermənistanın xeyrinə idi. Lakin Lissabon sammitində Heydər Əliyev öz veto hüququndan istifadə edərək, adi silahların məhdudlaşdırılması ilə bağlı ATƏT-in bütün yekun sənədlərinə, həmçinin Avropada təhlükəsizlik konsepsiyasına aid olan sənədlərə veto qoydu. Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri Lissabon sammitində məhşur veto qarşıdurmasında ümummilli liderimiz Heydər Əliyevin qalib çıxmasının nəticəsində qəbul edilmişdir. Ermənistan sammitdə təklənmiş, təcrid olunmuş, pat vəziyyətində qalmışdı. Heydər Əliyevin mövqeyini 53 dünya dövləti dəstəklədi. Bununla öz parlaq diplomatiya məharətini bütün dünyaya nümayiş etdirdi. Uu öndərimiz Heydər Əliyev ABŞ nümayəndə heyətinə başçılıq edən vitse-prezident Albert Qorun təklifi ilə bu prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca bəyanatında səsləndirilməsinə nail olmuşdu. Həmin prinsiplər Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün tanınması, Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarə statusunun verilməsi, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi idi.

Ümummilli lider Heydər Əliyev Lissabon görüşünün tarixi əhəmiyyətini dəyərləndirərək, bu üç prinsipin səsləndirilməsi uğrunda aparılan gərgin mübarizəyə görə qiymətləndirmişdir: "Lissabon Zirvə görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, biz həmin toplantıda Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini açıb həm Zirvə görüşünün iştirakçılarına, həm də bütün dünya ictimaiyyətinə bildirdik".

Ulu öndər Heydər Əliyev 1996-cı il 2 dekabr Lissabon Zirvə görüşündəki nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni təcavüzü barədə ümumi məlumat verib. Heydər Əliyev çıxışında Ermənistan tərəfinin bu münaqişədə məqsədini təcavüzün nəticələrini qanuniləşdirmək və Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq niyyəti kimi qiymətləndirib, bütün bunlara yol verilməyəcəyini iştirakçı dövlətlərin başçılarına elan edib. Lissabon sammitinin materiallarını nəzərdən keçirdikdə aydın olur ki, Azərbaycan xalqının lideri Heydər Əliyevin Azərbaycanın gələcəyi uğrunda bütün dünya dövlətləri qarşısında nümayiş etdirdiyi diplomatik istedad, cəsarət və müdriklik, heç şübhəsiz bu parlaq şəxsiyyətə hər bir insanda rəğbət və qürur hissi yaradır. Bir həqiqət danılmazdır ki, Azərbaycan tarixi Qarabağ Zəfərinə vaxtilə ümummilli lider Heydər Əliyevin gərgin əməyi və siyasi mübarizəsi nəticəsində nail oldu. Heydər Əliyevin irsi - həm Qarabağ Zəfərinin bünövrəsi, həm də gələcək nəsillərin xoşbəxt və firavan həyatının zəminidir.

ATƏT-in Lissabon Zirvə görüşündən son

ra Rusiya ilə yanaşı, ABŞ və Fransa nümayəndələri də Minsk Qrupunun həmsədrləri təyin olundu. Beləliklə, Heydər Əliyev ərazilərində millətlərarası qarşıdurma yaranan heç bir dövlət başçısının bacarmadığını bacardı - danışıqlar prosesinə dünyanın aparıcı siyasi gücə malik olan dövlətlərin liderlərinin cəlb olunmasına nail oldu. Azərbaycan xalqının sədaqətli oğlu Heydər Əliyevin siyasi mübarizəsi nəticəsində Lissabon sammitinin sənədlərində ilk dəfə yazıldı ki, Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü tanınsın. Bu, öncə Ermənistanla Azərbaycan arasında gedən informasiya müharibəsində kəskin dönüş, daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi reallığının dünya ictimaiyyəti tərəfindən yekdilliklə qəbul edilməsi kimi dəyərləndirilir.

Heydər Əliyev Bakıya qayıtdıqdan sonra 1996-cı il 6 dekabrda ictimaiyyət nümayəndələri ilə görüşündə ATƏT-in və onun Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Budapeşt sammitindən Lissabon görüşünə qədər keçdiyi yolu ətraflı təsvir edib. Ümummilli Liderimiz bildirib ki, Böyük sülh sazişinin əldə edilməməsi Ermənistanın işğal etdiyi ərazilərdən istifadə edərək, Dağlıq Qarabağa müstəqillik statusu almaq cəhdindən irəli gəlir.

Heydər Əliyev Lissabon qərarını erməni təbliğatına zərbə hesab etdiyini deyib. O, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi məsələsində təbliğatda indiyə qədər Azərbaycandan üstün olduğunu, Lissabonda baş verən veto qarşıdurmasından sonra isə bu münaqişə ilə bağlı iştirakçı dövlət rəhbərlərinin maraqlandığını, eyni zamanda, sammitin fəaliyyətini izləyən dünya miqyaslı mətbuat orqanlarına da münaqişə haqda məlumatların verildiyini bildirib

Beləliklə, Heydər Əliyev Azərbaycanın qələbəyə doğru atılan addımlarının əsaslarının qoyulması istiqamətində əhəmiyyətli xidmətlər göstərdi. 1996-cı ildə ATƏT-in Lissabon sammitində bu istiqamətdə ilk diplomatik uğur qazanıldı.

Emin QASIMOV,

"Respublika".