Litvalı turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar
Mədəniyyət

Litvalı turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun qapıları Ramazan bayramı günlərində də ziyarətçilərin üzünə açıqdır. Qoruğu ziyarət edənlərin arasında yerli turistlərlə yanaşı, xarici qonaqlara da rast gəlmək mümkündür. Litvalı turistlər də Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna səfərlərindən razı qalıblar.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.

Litvalı qonaqlar əvvəlcə Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla, Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitablar toplusu ilə tanış olublar. Burada nümayiş etdirilən tarixi-mədəni irsimizə aid eksponatlar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Qonaqlar, həmçinin Qoruğun tarixi məkanlarından Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə də yaxından tanış olublar. Onlara burada aparılmış arxeoloji qazıntılar, aşkar olunan tarixi əhəmiyyət kəsb edən tapıntılar barədə ətraflı məlumat verilib.

AZƏRTAC