Macarıstanın dövlət qurumlarının və özəl sektorunun nümayəndələrinə Ələt Azad İqtisadi Zonasının imkanları barədə məlumat verilib
İQTİSADİYYAT

Macarıstanın dövlət qurumlarının və özəl sektorunun nümayəndələrinə Ələt Azad İqtisadi Zonasının imkanları barədə məlumat verilib

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun idarə heyətinin sədri Valeh Ələsgərov və sədr müavini İsmayıl Manafov Macarıstanda işçi səfərdə olublar.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Ticarət və Sənaye Palatasının Mərkəzi Asiya Komitəsinin sədri Andraş Baçi-Nad ilə keçirilmiş görüşdə Ələt Azad İqtisadi Zonası ilə bağlı video nümayiş etdirilib, qısa təqdimat edilib, zonanın mütərəqqi qanunvericilik bazası və investisiya imkanları barədə ətraflı məlumat verilib. Görüşdə macar şirkətlərinin Ələt Azad İqtisadi Zonasına cəlb olunması istiqamətində əməkdaşlıqla bağlı razılıq əldə edilib. Bu xüsusda, 2022-ci il fevralın 2-3-də keçiriləcək Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası çərçivəsində macar şirkətlərinin Ələt Azad İqtisadi Zonasına səfərinin təşkil edilməsi barədə fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycanın Macarıstandakı səfirliyində Macarıstanın İxracın Təşviqi Agentliyinin (HEPA) Baş icraçı direktoru Kriştof Sabo ilə görüş olub və tərəflər arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Ələt Azad İqtisadi Zonası ilə HEPA arasında imzalanmış sənəd iki ölkənin biznes dairələri arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsini nəzərdə tutur. Görüşdə yaxın gələcəkdə macar şirkətləri üçün onlayn tədbirin keçirilməsi, həmçinin onların Ələt Azad İqtisadi Zonasında yaradılmış şəraitlə yerində tanış olması imkanları müzakirə edilib.

Macarıstanın İşəgötürənlər və Sənayeçilər Konfederasiyasının İdarə Heyətinin üzvü, Xarici Ticarət Assosiasiyasının prezidenti Mikloş Horvatla keçirilmiş görüşdə Ələt Azad İqtisadi Zonasında aparılan tikinti işləri, sərmayəçilər üçün yaradılacaq şərait və imkanlar barədə ətraflı fikir mübadiləsi aparılıb. M.Horvat təqdim olunmuş məlumatların rəhbərlik etdiyi quruma üzv olan şirkətlər arasında paylaşılacağını qeyd edib.

Ələt Azad İqtisadi Zonasının nümayəndə heyəti ilə Xarici İşlər və Ticarət İnstitutunun direktoru Marton Uqroşdi arasında da görüş keçirilib. M.Uqroşdi rəhbərlik etdiyi institut tərəfindən Ələt Azad İqtisadi Zonasının fəaliyyətinə dair elektron resursların hazırlanaraq yayılması istiqamətində əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

Daha sonra Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli qurumunun idarə heyətinin sədri və sədr müavini Türk Dövlətləri Təşkilatının Budapeşt şəhərindəki Nümayəndəlik Ofisinin rəhbəri Yanoş Hovari ilə görüşdə iştirak ediblər. Y.Hovariyə Ələt Azad İqtisadi Zonası barədə məlumat verilib və türk dünyasının biznes dairələri arasında zonanın fəaliyyətinin təbliği imkanları müzakirə edilib.

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin Xarici iqtisadi əlaqələr üzrə Dövlət katibinin müavini İştvan Yo ilə keçirilən görüşdə qarşı tərəf Ələt Azad İqtisadi Zonasının fəaliyyətini böyük maraqla qarşılayıb və macar şirkətlərinin zonaya sərmayə qoyacaqlarına ümidini ifadə edib. İ.Yo gələn ay Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasında iştirak etmək məqsədilə Bakıya səfər edəcəyini diqqətə çatdırıb, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyartonu çoxsaylı macar şirkətlərinin nümayəndələrinin müşayiət edəcəyini bildirib və B2B görüşlərin keçirilməsi təklifini irəli sürüb.

PriceWaterhouseCoopers (PwC) şirkətinin Macarıstandakı ofisində keçirilən görüşdə qurumun nümayəndələri macar şirkətləri ilə Ələt Azad İqtisadi Zonasına sərmayə qoyulması ilə bağlı danışıqların aparıldığını bildirib və tezliklə bu sahədə nəzərə çarpan nəticələrin əldə olunacağına inamlarını ifadə ediblər.

Beləliklə, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli qurumunun idarə heyətinin sədri Valeh Ələsgərov və sədr müavini İsmayıl Manafovun Macarıstana işçi səfəri çərçivəsində bu ölkənin dövlət qurumları və özəl sektor nümayəndələri tərəfindən Ələt Azad İqtisadi Zonasının fəaliyyəti böyük maraqla qarşılanıb və əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində mühüm addımlar atılıb.

Görüşlərdə Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə və səfirliyin əməkdaşları iştirak ediblər.

AZƏRTAC