“Made in Azerbaijan” məhsullarının ixracı
İQTİSADİYYAT

“Made in Azerbaijan” məhsullarının ixracı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihəsi olan Azexport.az portalı “Made in Azerbaijan” məhsullarına növbəti sərbəst satış sertifikatlarını təqdim edib. Sertifikatlar Azərbaycanda istehsal olunan 25 növdə meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün nəzərdə tutulub. Təqdim olunan sertifikatlar İndoneziya, İordaniya və İraqa bu kateqoriyadan olan məhsulların ixracında yaranan çətinliyi aradan qaldırıb.

İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumatda bildirilir ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.

Qeyd edək ki, Azərbaycan, MDB məkanında sərbəst satış sertifikatı təqdim edən 3-cü ölkədir. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq  Amerika Qitəsi, Asiya, Okeaniya və Körfəz ölkələrinin bazarlarını açıq edib.

 

Çıraq platformasında hasilat bərpa olundu

2021-ci il sentyabr ayının 23-də  başlamış Çıraq platformasındakı 25 günlük profilaktik işlər proqramı oktyabr ayının 16-da uğurla başa çatıb.

Proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunmuş və platformanın hasilat və ixrac sistemləri işə salınmışdır. BP şirkətinin yaydığı məlumatda hazırda hasilatın tədricən  artırılması prosesinin davam etdiyi  bildirilir.

Xatırladaq ki, planlaşdırılmış profilaktik işlər proqramına əsasən inspeksiya və təzələnmə işləri, o cümlədən məşəl uclarının dəyişdirilməsi, alışdırma sisteminin modernləşdirilməsi, ötürücü siyirtmələrin dəyişdirilməsi və vacib təmir işləri daxil idi. Proqramın iş həcminin əsas hissəsini həmçinin Çıraq qazlift layihəsinin yalnız platformanın dayandığı vaxt icra oluna bilən işləri təşkil edirdi.

Bu layihə Çıraq platformasının istismar ömrünün uzadılması, hasilatın gücləndirilməsi və iş prosesinin daha təhlükəsiz və etibarlı şəkildə davam etməsi üçündür.

Belə proqramlar normal əməliyyatların bir hissəsi olaraq planlaşdırılmış şəkildə BP-nin Xəzərdə əməliyyatçısı olduğu digər platformalarda və obyektlərdə də müntəzəm olaraq həyata keçirilir.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.