Maliyyə Nazirliyində Dünya Bankının və SECO-nun nümayəndələri ilə OMXC layihəsi müzakirə edilib
Siyasət

Maliyyə Nazirliyində Dünya Bankının və SECO-nun nümayəndələri ilə OMXC layihəsi müzakirə edilib

Oktyabrın 6-da maliyyə naziri Samir Şərifov Dünya Bankının və İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) birgə həyata keçirdiyi Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) üzrə Potensialın Gücləndirilməsi layihəsi çərçivəsində Dünya Bankının missiyası və SECO-nun nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının həyata keçirilməsi, ortamüddətli makro-fiskal çərçivənin gücləndirilməsi, büdcə təqviminin, baza proqnozlarının hazırlanması üzrə metodologiyanın, büdcə təsnifatının və OMXÇ-nin və nəticəəsaslı büdcənin tətbiq olunduğu pilot sektorlarda əsas fəaliyyət və nəticə göstəricilərinin təkmilləşdirilməsi istiqamətində dəstəyin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Samir Şərifov Azərbaycanın Dünya Bankı qrupu ilə əməkdaşlığını yüksək qiymətləndirərək, ötən müddət ərzində müxtəlif istiqamətlərdə birgə layihələrin uğurla həyata keçirildiyini bildirib. Büdcə xərclərinin ünvanlılığının, səmərəliliyinin və nəticəliliyinin təmin olunmasında OMXÇ-in tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən nazir ölkəmizdə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlardan danışıb, bu tədbirlərin iqtisadiyyatda şəffaflığın və dövlət tənzimləməsinin səmərəliliyinin artırılmasında mühüm rolunu vurğulayıb.

Öz növbəsində, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl təmsil etdiyi qurumun Azərbaycanla səmərəli əməkdaşlığını qeyd edib, ölkəmizdə aparılan iqtisadi islahatların bir çox beynəlxalq maliyyə qurumları tərəfindən də dəstəkləndiyini bildirib.

Eyni zamanda, Dünya Bankının missiya rəhbəri Lan Halvdan Ross Hawkesworth sözügedən layihə çərçivəsində bu günədək görülmüş işlər və atılacaq növbəti addımlar barədə məlumat verib və islahatların davam etdirilməsi istiqamətində Azərbaycana dəstəyi davam etdirməyə hazır olduqlarını bildirib.

Daha sonra çıxış edən SECO-nun nümayəndə heyətinin rəhbəri Alberto Hernandez Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının OMXÇ üzrə həyata keçirilən islahatlara mühüm töhfələr verəcəyini vurğulayıb.

Görüş zamanı OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid islahatları ilə bağlı məsələlər və "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" ilə əlaqələri diqqət mərkəzində olub, həyata keçirilən islahatlar nəzərə alınmaqla, mövcud büdcə təsnifatına mümkün dəyişikliklərin edilməsinə dair müzakirələrin davam etdirilməsi qərara alınıb.

AZƏRTAC