Maliyyə Nazirliyində fransalı sahibkarlarla görüş
İQTİSADİYYAT

Maliyyə Nazirliyində fransalı sahibkarlarla görüş

Aprelin 7-də maliyyə naziri, Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Samir Şərifov ölkəmizdə səfərdə olan Fransa Sahibkarlar Təşkilatı - "MEDEF International"ın direktoru Filip Qotyenin rəhbərlik etdiyi və müxtəlif sahələrdə fəaliyyət göstərən Fransanın 15-dən artıq şirkətinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fransalı sahibkarları salamlayan S.Şərifov iki illik fasilədən sonra "MEDEF International"ın böyük nümayəndə heyətinin Azərbaycana yenidən səfərinin ikitərəfli ticari-iqtisadi əlaqələri intensivləşdirmək və şaxələndirmək baxımından mühüm əhəmiyyət daşıdığını ifadə edib.

Ölkəmizdə fəaliyyət göstərən bir çox xarici şirkətlər kimi Fransa şirkətlərinin də Azərbaycanın iqtisadi potensialı və sahibkarlar üçün yaradılmış əlverişli biznes mühitindən faydalanaraq uğurla fəaliyyət göstərdiklərini qeyd edən nazir vurğulayıb ki, fransalı sahibkarlar ölkəmizdə yaradılan sənaye zonalarında və aqroparklarda, eləcə də regionun investisiya üçün əlverişli biznes məkanı olan Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərməklə daha böyük iş imkanları qazanaraq region ölkələrinə məhsul və xidmət satışını genişləndirə bilərlər.

Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən həyata keçirilən tədbirlər, 2021-ci ilin iqtisadi-maliyyə yekunları, işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurulması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, COVID-19 pandemiyasının bir çox dünya ölkələrinə olduğu kimi Azərbaycana da mənfi təsirlərinə baxmayaraq, 2021-ci ildə iqtisadiyyatın bütün sahələrində sürətli bərpaya nail olunub, nəticədə ötən il ÜDM-in artım tempi proqnozlaşdırılan 3,4 faizdən xeyli dərəcədə çox - 5,6 faiz, qeyri-neft ÜDM-in artım tempi isə 7,2 faiz təşkil edib, ölkənin dövlət borcu azalıb, dövlət büdcəsi kəsiri əhəmiyyətli dərəcədə daralıb, valyuta ehtiyatları isə artıb.

2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə öz ərazi bütövlüyünü bərpa etdiyini bildirən nazir hazırda işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi, tamamilə dağıdılmış şəhər və kəndlərin, infrastrukturun yenidənqurulmasının, didərgin salınmış soydaşlarımızın öz doğma torpaqlarına Böyük Qayıdışının təmin edilməsinin hökumət qarşısında əsas çağırış olduğunu diqqətə çatdırıb, bu işlərin görülməsi üçün ardıcıl olaraq iki il ərzində dövlət büdcəsindən məqsədli vəsaitlərin ayrıldığını qeyd edib.

Nümayəndə heyətinin rəhbəri Filip Qotye Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitinin Fransa şirkətləri üçün geniş imkanlar açdığını vurğulayaraq ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində fikirlərini bölüşüb. O bildirib ki, rəqəmsal biznes, bərpa olunan enerji, şəhər infrastrukturu və xidmətləri, "ağıllı şəhərlər", həmçinin kənd təsərrüfatı və ərzaq kimi sahələrdə qabaqcıl bilik və texnologiyalara malik 7100-ə yaxın fransız şirkətinin təmsil olunduğu "MEDEF International"ın ölkəmizə budəfəki səfərinin məqsədi Azərbaycan iqtisadiyyatının postpandemiya dövründə şaxələndirilməsi, habelə işğaldan azad edilmiş ərazilərin inkişafı və yenidən qurulması üzrə hökumətin müəyyənləşdirdiyi son prioritetlərlə yaxından tanış olmaqdır.

Daha sonra görüşdə iştirak edən fransız şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Fransanın Azərbaycandakı səfiri Zakari Gros da iştirak edib.

AZƏRTAC