“Manas
Digər xəbərlər

“Manas"a həsr olunmuş monoqrafiyanın təqdimatı

Bu günlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə tanınmış şair, manasşünas alim Adil Cəmilin Azərbayan və qırğız dillərində nəşr olunan "Manas" eposu və türk dastançılıq ənənəsi" kitabının təqdimatı keçirildi.

İllər öncə Azərbaycan və qırğız dillərində ayrı-ayrılıqda nəşr olunan bu monoqrafiyanın yenidən, ancaq bir kitab şəklində, nəfis tərtibatda nəşrinin təşəbbüskarı, sözügedən fondun prezidenti Günay Əfəndiyevanın təqdimat mərasimindəki açılış nitqi maraqlı və dəyərli tezislərlə diqqəti çəkdi. O, türk xalqlarının inteqrasiyasında mənəvi körpü rolunu oynayan belə kitabların nəşrinə böyük ehtiyac olduğunu vurğulayaraq bundan sonra da bu cür layihələrin fond tərəfindən gerçəkləşməsinə əminliyini qeyd etdi.

Qırğız Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Taalatbek Masadıkovun giriş nitqində də Azərbaycan-qırğız xalqları arasında dostluq və qardaşlıq münasibətlərini simvolizə edən "Manas" eposu və türk dastançılıq ənənəsi" kitabının indiki mərhələdə aktual və dəyərli olduğu vurğulandı. Natiq "Manas" eposunu dərindən araşdıran və onu Azərbaycan auditoriyasına çatdıran ilk azərbaycanlı manasşünas alim kimi kitabın müəllifi Adil Cəmilə təşəkkürünü bildirdi.

Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonəliyev çıxış edərək Azərbaycan və qırğız dillərində nəşr olunan bu kitabın elmi, ədəbi, tarixi əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Azərbaycanda Adil Cəmil kimi manasşünasın, qırğız folklor mühitinə, xüsusən "Manas"a peşəkar tədqiqatçı səviyyəsində yanaşan ziyalının olması bizi çox sevindirir. Çünki böyük yazıçı Çingiz Aytmatov demişkən: "Manas" qırğız xalqının sinonimidir".

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik, Milli Məclisin üzvü Nizami Cəfərov çıxış edərək bildirdi ki, bu kitab Adil Cəmilin gərgin və səmərəli əməyinin məhsuludur. O, sanki bizim hamımızın əvəzindən bu işi görüb. Azərbaycan ictimaiyyəti Adil Cəmili daha çox şair kimi tanıyır. Lakin belə bir monoqrafiyanı üzə çıxarmaq onun alim kimi də xüsusi istedadından və təfəkküründən xəbər verir. Həm də müəllifin qırğız folklor mühiti, "Manas"la bağlı gördüyü işlər təkcə bu monoqrafiya ilə məhdudlaşmır. Adil Cəmil "Manas"ın nəsr variantını, qırğız atalar sözünün bir qismini illər öncə tərcümə edərək nəşrinə nail olub. Hətta bizim Atatürk Mərkəzi tərəfindən şairin "Manas" dastan-poeması da nəşr olunub ki, bu əsər Adilin interpretasiya yolu ilə yaratdığı müəllif versiyasıdır. Bu baxımdan biz onu həm manasşünas, həm də manasçı hesab edirik.

TÜRKSOY-un nümayəndəsi Kanat Mambetaliyev öz çıxışında bu monoqrafiyanın manasşünaslıqdakı dəyərli yerindən, müəllifin "Manas"a elmi-analitik yanaşmasının dürüstlüyündən, manasçılar sülaləsinin itib-batmış nümayəndələrinin üzə çıxarılmasından danışaraq Adil Cəmilə TÜRKSOY adından minnətdarlığını bildirdi.

AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu (İmanov) həqiqətən də müəllifin gərgin axtarışlarının məhsulu olan bu monoqrafiyanın Azərbaycan-qırğız xalqları arasında mənəvi körpü rolunu oynadığını vurğuladı. Onu da əlavə etdi ki, bu meyillər təsadüfən yaranmır. Adil Cəmilin doğulub boya-başa çatdığı Kəlbəcər mühiti saz-söz, dastan mühitidir. Görünür, bu mühitin də müəllifə təsiri olub.

Sonda söz Adil Cəmilə verildi. O, öncə kitabı nəşr edən və təqdimat mərasimi keçirən Günay Əfəndiyevaya, qırğız qonaqlara, millət vəkillərinə, diplomatik korpusun nümayəndələrinə, tanınmış ziyalılara dərin təşəkkürünü bildirdi.

Mədəni proqram çərçivəsində gənc manasçı Tolonob Amirtemir "Manas"dan bir parça ifa etdi. Sahib Paşazadə tarda "Qırğız marşı"nı, Saule Osmonəliyeva "Aykol Manas" adlı mahnını ifa etdilər.

Zümrüd QURBANQIZI,

"Respublika".