Maraq  dünyamız
Maraqlı

Maraq  dünyamız

Quş köçü ilə kvant fizikası arasındakı qəribə əlaqə

Quşların əsrlərdir necə və nə üçün köç etməyə başladıqları və bu qərarı necə müəyyən etdikləri maraq oyadan bir mövzudur. Bəzi elm adamları köçün səbəbini mövsüm dəyişikliklərində, bəziləri də yem axtarışında görürlər. Ancaq daha maraqlısı isə quşların uzun məsafəli uçuşları necə həyata keçirməsidir. Bəs, bu səyahətdə getdikləri ünvanı necə tapırlar?

Çinli alimlərin fikrincə, quşlar kvant fizikasından bir fenomen kimi istifadə edə bilər. “A World on the Wing” kitabında olduqca qəribə səslənən bu fikri irəli sürüblər.

Gecə səmada köç edən quş ulduzlara baxır və milyardlarla il əvvəl bu ulduzlardan birini tərk edən foton heyvanın gözünə daxil olur. Bu qarşılaşma retinada, ehtimal ki, əvvəllər funksiyası bir sirr olan ikili konus kimi tanınan bir sıra görmə hüceyrələri daxilində baş verir. Foton elektronlardan birini sərbəst buraxıb o birinə daxil olur və iki molekul radikal cüt olaraq tanınan kvant mexanikası ilə bir-birilə bağlıdır.

“Bunlar maqnitdir, çünki elektronların spin kimi tanınan xüsusiyyətləri var. Bu cür dolaşıq hissəciklər məsafədən asılı olmayaraq birləşir və klassik fizikaya, sağlam düşüncəyə meydan oxuyur.  Köç edən bir quşun gözündə saysız-hesabsız radikal cütlüyün təsiri, ehtimal ki, zərif ləkə yaradır, quş başını hərəkət etdirdikcə görünür, yerə nisbətdə planetdən çıxan maqnit sahəsinin meylinə görə mövqeyini dəyişir. Qəribədir ki, qarışıqlığın özü quşlarda maqnit sahəsini görməyə imkan verən proses ola bilər”-deyə təbiətşünas Scott Weidensaul öz kitabında (“A World on the Wing) izah edib.

 

Genlərimiz nə qədər ömür sürəcəyimizi təyin edir

Bir çox inkişaf etmiş ölkələrdə orta ömür uzunluğu 80 yaşdadır. Ölüm qaçılmaz olsa da, uzun ömür insanlar arasında kəskin şəkildə dəyişir. Uzun ömrümüz DNT-də şifrələnib, yoxsa həyat tərzimizə görə təyin olunur?

İngiltərəli mütəxəssislər uzunömürlülüyü ilk növbədə genetikanın müəyyənləşdirdiyini söyləyiblər.

“İnsanların maksimum ömrü şimpanze və qorilla kimi yüksək primatlar arasındakı ən yaxın qohumlarımızdan təxminən iki dəfə çoxdur. Ömrün uzunluğunda həyat tərzi, təmiz su, hava, qida kimi bir sıra amillərin təsiri çox böyük rol oynayır”-deyə Londonun Collage Universitetinin professoru David Gems bildirib.

Həyat tərzinə təsir edəcək digər ən böyük amil isə idmandır. Gündə 15 dəqiqə yüngül idmanın insan ömrünü 3 ilə qədər artırdığı öyrənilib. Bir sözlə, insanlar arasında uzun ömür genetikadan qaynaqlansa da, çox yaşamaq ilk növbədə hər bir kəsin öz əlindədir. Sağlam pəhriz və mütəmadi olaraq idmanla məşğul olmaq daha sağlam uzunömürlülüyün açarıdır.

Mövzu ilə bağlı ətraflı araşdırmada “Science News” veb saytına istinad edilib.

 

Karantin rejimi dünyada nəyə fayda gətirir?

Kosmos və Aviasiya İdarəsinin (NASA) “Jet Propulsion” Laboratoriyası (JPL) tərəfindən aparılan araşdırmaya görə, atmosferdəki zərərli azot oksidi emissiyası 2021-ci ilin iyun ayına qədər qlobal olaraq 15 faiz azalıb.

Çinin şəhərlərində karantin tətbiqi ilə əlaqədar bir neçə həftə ərzində 50, ABŞ-ın bir sıra ştatlarında isə 25 faiz azalma müşahidə edilib.

Tədqiqatçılar qlobal emissiyanın 2021-ci ilin fevralında 12, martında 15, iyun ayında isə 13 faiz azaldığını qeydə alıblar.

2020-ci ilin əvvəlində İtaliyada tətbiq olunan karantin 2021-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər tullantıların 25 faizə qədər azalmasına səbəb olub.

Fransa və İspaniya kimi Avropa ölkələrində də mart-may aylarında tullantı həcmi böyük dərəcədə azalıb.

“Ancaq həyat normal tempinə qayıtdıqca, atmosferə buraxılan qazların səviyyəsi də pandemiyadan öncəki həddə qayıdacaq, bu da o deməkdir ki, çirklənmədə qısa fasilə “okeanda bir damla”olacaq”-deyə Britaniya “East Anglia” Universitetinin iqlim üzrə alimi Le Quere məlumat verib.

Tədqiqat “Nature Glimate Change” jurnalında yayımlanıb.

 

Səs-küy ağaclara da mənfi təsir edirmiş

Alimlər səs-küyün, çirkabın heyvanlara və quşlara mənfi təsir etdiyini aşkar etmişdirlər. Lakin yeni araşdırma bu zərərli təsirlərin bitkilər aləmini də uzunmüddətli riskə məruz qoyacağını göstərir.

İnşaat, sənaye, boru kəmərləri kimi infrastrukturlardan gələn səs-küy son illərdə kəskin dərəcədə artmaqdadır və yeni-yeni şəhərlər meşələrə daha yaxın ərazilərdə salınır. Amerikalı alimlər heyvanlar kimi ağacların da səs-küylü dünyaya necə reaksiya verməsini araşdırıblar.

Tədqiqatçılar 2007-ci ildən bəri infrastruktur sahələrinə yaxın meşələrdə bəzi ağac növlərinin (şam, ardıc və s.) inkişafdan qalmasını və fidanların cücərməsində artımın aşağı səviyyədə olduğunu aşkar ediblər. Səs-küylü yerlərdə sakit ərazilərə nisbətdə ağac fidanlarının 75 faiz az olması müşahidə edilib. Elm adamları uzunmüddətli araşdırmaları ilə ekoloji təsirlərin bitkilər aləminə necə təsir etdiyini qiymətləndiriblər. Tozlanma ilə yayılan ağacların inkişafında azalma müşahidə edən mütəxəssislər səbəbin sırf heyvanlardan qaynaqlandığını aşkar ediblər. Belə ki, tozlanma prosesinin heyvan və quşlar vasitəsilə baş verməsi səbəbi elm adamlarını bu kəşfə daha da yaxınlaşdırıb. Tədqiqatçılar səs-küyə həssas olan quş, siçan və digər kiçik məməlilərin infrastruktura yaxın ərazilərdə olmamasını ağacların inkişafındakı geriləmə ilə əlaqələndiriblər. Onların bu araşdırması heyvanların bitkilər aləmi ilə zəncirvari əlaqəsini bir daha sübut edir.   

Məqalə “Mirror” jurnalında dərc edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.