Mariya Rizzotti: Artıq müharibə bitib, indi sülhün bərqərar olması  barədə düşünmək lazımdır
MÜSAHİBƏLƏR

Mariya Rizzotti: Artıq müharibə bitib, indi sülhün bərqərar olması  barədə düşünmək lazımdır

Bu gün AŞPA saytında dərc olunan və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə yerləşdirilmiş mina xəritələrinin verilməsinin təcililiyini tələb edən bəyanata imza atdım. Hesab edirəm ki, 30 illik işğaldan sonra sülh bəyannaməsinin imzalanması Qarabağda yenidənqurma işləri üçün çox vacibdir. Mən Qarabağda yenidənqurma işlərinin şahidiyəm. Müharibədən sonra azad olunmuş ərazilərə səfər edən ilk avropalı parlamentarilər qrupunun tərkibinə daxil idim.

Bu fikirləri İtaliyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Mariya Rizzotti AZƏRTAC-a müsahibəsində deyib.

Ermənilərin mina xəritələrini təcili surətdə verməli olduqlarını bildirən M.Rizzotti qeyd edib: “Mina xəritələrindən danışanda gözlərim önündə ilk canlanan həmin ərazilərdə oynayan uşaqlar olur. Orada oynayan uşaqların, orada yenidənqurma işlərində iştirak edən günahsız insanların, bərpa prosesinə qatılan xarici şirkətlərin nümayəndələrinin basdırılmış minalardan həlak və ya əlil olması qəbuledilməzdir. Piyada əleyhinə minalardan istifadə beynəlxalq konvensiyalarla qadağandır. Münaqişə baş vermiş digər ölkələrdə uşaqların mina partlayışlarından necə həlak olduqlarını görmüşük və bir daha belə hallara yol vermək olmaz. Hər hansı bir ölkənin mina xəritəsini verməməsi ucbatından həmin dəhşətli səhnələrin təkrarlanmasına yol verə bilmərik”.

Qeyd edilib ki, mina xəritələrini verməməklə Qarabağdakı yenidənqurma işlərinə, eləcə də 30 il əvvəl doğma evlərindən didərgin salınmış bir milyonadək azərbaycanlı məcburi köçkünün evlərinə qayıtmasına maneə yaratmaq olmaz.

“Azərbaycan Respublikasının Prezidenti çıxışlarında sülhdən, eləcə də Qarabağı birlikdə yenidən qurmaqdan, Qarabağda birgə sülh şəraitində yaşamaqdan danışır. Bu, Ermənistan üçün də böyük imkanlar yaradır. Bu gün Bakıda bütün digər dini icmalar kimi, 20 minədək erməni  yaşayır. Bu, Azərbaycanın çoxmədəniyyətliliyinin və tolerantlığının nümayişidir. Qarabağ münaqişəsi dini münaqişə deyildi. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. Azərbaycan bir sıra Qərb ölkələrindən əvvəl qadınlara səsvermə hüququ verib. Azərbaycan yüksək dəyərlərini və bütün etnik qruplara qarşı hörmətlə yanaşdığını nümayiş etdirib. Təsəvvür edə bilmirəm ki, mina xəritələrini necə verməmək olar”, - deyə M.Rizzotti vurğulayıb. 

Diqqətə çatdırılıb ki, 30 il ərzində beynəlxalq təşkilatların - Avropa Şurasının, BMT-nin işğal edilmiş ərazilərin azad olunması ilə bağlı çoxsaylı qətnamə və qərarları olub. Təəssüf ki, diplomatiya müharibə etdiyini edə bilmədi. Azərbaycan xalqı müharibə yolu ilə torpaqlarını qaytardı və illər əvvəl doğma yurdundan didərgin düşən insanlara torpaqlarını qaytardı.

Artıq münaqişə bitib. İndi Qarabağda azərbaycanlı və erməni icmaları arasında sülhün bərqərar olması haqqında düşünmək lazımdır.

AZƏRTAC