Masallıda yaşıl çay yarpağı yığımı
Region

Masallıda yaşıl çay yarpağı yığımı

30-32 il əvvəl Masallı rayonunda olduğu kimi bu kənddə də çay tarlaları qırılıb yandırıldı, məhv edildi. Rayonda 3550 hektar, Mahmudavarda 300 hektardan çox yaşıl çay tarlaları islahat adı altında onu əkib-becərənlərin özlərinə məhv etdirdilər. Hələ üstəlik xalqın bu qiymətli sərvətinə " Vecsiz bitki" damğasını vurdular ki , qoy adamlar yaşıl çay tarlaları ilə tez vidalaşsınlar.

2016-cı ildə ölkə Prezidentinin çəltikçilik, çayçılıq və sitrusçuluğun inkişafı ilə əlaqədar Lənkəranda keçirilən müşavirədən sonra bəzi fermerlər bu qiymətli bitkinin yetişdirilməsinə diqqəti artırdılar. Azərbaycan Prezidentinin tövsiyə və göstərişlərindən sonra Mahmudavarda " Baba bulağı" MMC-nin kollektivi bu sahədə irəliyə addımlar atdı. Beş hektar  sahədə  çay tarlası salmaq qərarı alındı. MMC-nin rəhbəri Əfqan Babayev  Lənkərandan gətirdiyi dibçəkdə yetişdirilmiş ikiillik çay şitillərini hazırladığı 2,5 hektar sahəyə köçürdü.

Bu gün artıq həmin sahədə nübar məhsul yığılır. Qız-gəlinlərin məhsul yığdıqları sahəyə ayaq qoyan kimi xəyal məni o illərə apardı. Yaşıl kollar arasında məhsul yığanlar rəngbərəng kəpənəkləri xatırladırdı.  Ətraf füsunkar bir aləmə dönmüşdü . Yenə əllərindəki zənbillər dolub-boşalırdı. Bəziləri sovetlər dönəmində bu sahədə çalışıb. Könül Əhmədova və Səbiyə Cabbarova o günləri sevinclə xatırlayırlar. Gülxar, Sahibə isə ən gənc çaybecərənlərdir.MMC-nin rəhbəri Əfqan Babayev plantasiyalara qayğı göstərən Fuadın, Asəfin, Ağaddinin adlarını çəkdi və qeyd etdi ki, illər ötdükcə plantasiyaların məhsuldarlığı da yüksələcək. Növbəti ildə daha 2,5 hektar sahədən yaşıl çay yarpağı  yığılacaq.

Əlihüseyn ŞÜKÜROV,

Həsənağa ƏLİYEV.